Siyasət

Gürcüstana sığınıb Azərbaycanı hədəfə alanlar: şəbəkə çökməyə başlayır

2 İyun 2017 15:28
Baxış: 7 099

Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkələnmiş struktur 4 il əvvəl, 2013-cü ilin iyun ayında yaradılıb. Həmin vaxtlarda Milli Şura adlı strukturun hakimiyyətə gələcəyinə kütləni və ən başlıcası, Qərb ölkələrindəki güc mərkəzləri ilə çeşidli beynəlxalq siyasi donor təşkilatlarını inandırmağa çalışan Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov, Əli Kərimli və Arif Hacılı Tbilisiyə səfərlər etməyə başlamışdılar.

4 dəfə müzakirələr aparıldı və bu kuluar dinləmələrin heç biri barədə nəinki kütləvi informasiya vasitələrinə - hətta sadaladığımız "bəy"lərin de-fakto və ya de-yure rəhbərlik etdikləri strukturların sıravi üzvləri ilə bahəm, orta səviyyəli fanatlarına, yəni funksionerlərinə də məlumat verilmədi.

AXCP sədri Əli Kərimli həmin dönəmdə jurnalistlərin suallarına "nəzərdə tutulmuş işlər gedir və yaxşı olar ki, bu barədə suallar Eldar Namazova ünvanlansın" tipli üstüörtülü messiclər verirdi.

Yəni Tbilisidə müzakirələr və danışıqlar var, amma maliyyə məsələsi hələ tam həll olunmayıb: vədlər bol olsa da, Qərbi tam inandıra bilməyiblər.

Azərbaycanın radikal müxalifəti dörd il əvvəl Bakıda "rəngli inqilab"ın labüdlüyündən bəhs edirdisə, Qərbdəki sifarişçilər (oxu: maliyyə mənbələri) qarşısında belə absurd, irreal ifadələr toplusuna bel bağlamırdı.

Yox, hər şey daha trivial, hətta miskin idi.

Həmin müzakirələr barədə sonradan xəbər tutmuş müxalifət funksionerlərindən biri belə deyir: "Oraya yeni strategiya və taktika dalınca yollandığımızı düşünürdüm. Bizə deyilənlərə görə, Azərbaycanda hakimiyyət dəyişikliyinə az qalıb və biz vətəndaşların etiraz aksiyalarını yönləndirməli, onlara rəhbərlik etməliydik. Narazı elektratın bizi, yəni Milli Şuranı dəstəklədiyi də deyilirdi.

Lakin Tbilisidəki müzakirələrdə anladım ki, Azərbaycan müxalifətini Qərbə zəiflədilmiş, parçalanmış, real təsir imkanlarından məhrum qüvvə kimi təqdim edirlər. Açıq deyirdilər ki, maliyyə imkanlarımız çox zəifdir, hətta yoxdur. Yəni mitinqlər, piketlər, etiraz aksiyaları üçün pul gərəkdir. Tbilisidə pulla bağlı danışıqlar aparılırdı".

Milli Şura Tbilisidə yaradıldı, xatirinizdəmi?

2013-cü ilin iyun ayında Eldar Namazovun namizədliyinin irəli sürülməsi ilə bağlı bəzi məlumatlar yayılsa da, bu da o qədər real səslənmirdi. Çünki Eldar Namazov Milli Şurada lider kimi qəbul edilmirdi. Nədən ki, "siyasi meyit"ə çevrilmiş bu adam lap əvvəldən yalnız Rüstəm İbrahimbəyovun icraçısı kimi çıxış edirdi, Milli Şura üzvləri ilə Rüstəm İbrahimbəyov arasında vasitəçi rolunu oynayıb.

Şuranın aparat rəhbəri Eldar Namazovun ABŞ Konqresində çıxışına isə internetdə cəmi 15 min insan qulaq asmışdı. 4 milyon yarım seçicinin 0,3 faizi rəqəmi isə çox şeydən xəbər verirdi.

E.Namazov heç nə olmamış kimi davransa da, ölkə müxalifətindəki "kəhkəşan"da ulduzunun batdığı aydındı.

Daha sonra İsa Qəmbər Tbilisidə aktiv fəaliyyətə başladı və Milli Şuraya rəhbərlik etməklə Gürcüstandan gələcək maliyyəni nəzarətə almağa çalışdı. Amma Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev ilə Müsavat Partiyası arasında getdikcə aktivləşən və didişmələrə çevrilən çəkişmələr, müsavatçılarla Liberal Partiya arasındakı soyuq münasibət vardı ortada.

Milli Şura adlı marionetkalar teatrının Tbilisidəki vurnuxmalarını rəsmi Bakı diqqətlə izləsə də, Gürcüstan rəhbərliyinə heç bir iradını bildirməmişdi.

Səbəb sadə idi: rəsmi Tbilisi bu kölgələr yığınını qısa müddətdən ölkədən kənarlaşdıracağını vəd etmişdi. Nədən ki, Gürcüstan paytaxtı Azərbaycanın hakimiyyətinə, dövlətimizə, cəmiyyətə qarşı planların hazırlandığı, şəbəkələnmiş strukturun formalaşmağa başladığı bir yerə dönürdü.

Özü də sürətlə.

2015-ci ilin payızında Tbilisidə yeni müzakirələr aparan Eldar Namazov şəbəkəni genişləndirməyə can atırdı. 7 ay sonra, 2016-cı ilin martında isə ona Ermənistanın sabiq milli təhlükəsizlik naziri, indisə İrəvandakı "Voskanapat" adlı təşkilata rəhbərlik edən David Şahnazaryan qoşulmuşdu.

O şəxs ki, 1994-cü ilin mart və iyul aylarında Bakı metropolitenində iki məşum terror aktının hazırlanması ilə həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdi.

Eldar Namazov və David Şahnazaryanın görüşündən sonra "təsadüf"ə bax ki, AXCP sədrinin müavini Gözəl Bayramlının Tbilisiyə sürəkli səfərləri başlanır.

Tbilisiyə gələn G.Bayramlını şəhərdə yerli şəbəkənin mənsubları müşayiət edirdilər. "Müalicə üçün" qonşu ölkənin paytaxtına yollanmış G.Bayramlı burada ən uzağı iki gün qalandan sonra Tbilisini tərk edir, sərhədi Zaqatala istiqamətində keçirdi.

Daha sonra Tbilisiyə Milli Şuranın funksioneri Mehriban Vəzir yollanır, orada bir ay qalır, guya "üzrlü səbəb"dən Tbilisini tərk etmir: gerçəkdə isə ona Qərbin beynəlxalq siyasi donor təşkilatları ilə danışıqlar həvalə olunmuşdu.

Bir qədər də keçir, Müsavatın başqanı Arif Hacılı Tbilisiyə yollanır, 2016-cı ilin martında isə Vətəndaş Həmrəliyi Partiyasının mənsubu Samir Əsədli iki dəfə (!) Tbilisidə peyda olur və qısamüddətli görüşlərdən sonra Bakıya qayıdır.

Ötən ilin martında aktivləşənlər Milli Şuranın idefiks olduğunu, Azərbaycan cəmiyyətinin bu kukla teatrının pis ssenarili ucuz səhnəciklərini qəbul etmədiyini görəndə taktikanı dəyişmək, "daha effektiv strategiya"dan istifadə etmək qərarına gəlirlər.

Və beləcə marginallar işə cəlb olunur.

Gürcüstanda BMT-nin xüsusi "sığınacaq pasportu" ilə yaşayan və immuniteti olduğunu deyən 51 yaşlı Daşqın Ağalarov sonradan bu sənədlərdən məhrum olsa da, Gürcüstandakı havadarları ilə yanaşı, REAL, "People İn Need", "Freedom House", "Amnesty İnternational" və ən başlıcası, Corc Sorosun "Açıq Cəmiyyət İnstitutu"nun havadarlığı sayəsində həbsdən qurtulur.

Bu zaman ona Tbilisidə "Lanset" adlı özəl klinika açmış Fərman Ceyranov da qoşulur.

O F.Ceyranov ki, Azərbaycandan qaçandan sonra Tbilisidə məskunlaşmışdı və "Lanset"i də Gürcüstandakı anti-Azərbaycan şəbəkəsinin mənsublarının təlimatlar aldıqları, dincəldikləri və hətta Azərbaycandan qonşu ölkəyə sivişən yeni radikalların  hostel qismində istifadə etdikləri məkana çevirmişdi.

İki ay sonra şəbəkəyə bir zaman fotoreportyor kimi işə başlayan, sonra jurnalistika ilə məşğul olan Əfqan Muxtarlı da qatıldı.

"Freedom House", "People in Need", "Human Rights Watch", "National Democratic Institute" və s. təşkilatlar bəhs etdiyimiz şəbəkəni bilavasitə idarə edir, nəzarətdə saxlayırdılar.

Yeri gəlmişkən: Tbilisidə Şota Rustaveli prospekti, 26 ünvanda yerləşən,  36 yaşlı Zərifə Quliyevaya və onun əri, 26 yaşlı Tural Qurbanova "məxsus" olan "Loft Hostel" də anti-Azərbaycan şəbəkəsinin mənsublarının sürəkli yığıldıqları yerlərdən biri idi, indi də belədir.

"Loft Hostel"in sutkası 51 manatlıq nömrələrinin müştərilərinin tam əksəriyyəti gənclər və Bakıdan qaçmış radikallar olsalar da, burada özünü "Qafqaz Azadlıqların Müdafiəsi Mərkəzi"nin rəhbəri kimi tanıtmağa can atan, "hüquq müdafiəçisi" olduğunu iddia edən Vidadi İsgəndərilini tez-tez görmək olar.

Hostelə baş çəkənlər arasında bir zamanlar Bakıda "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" (RATİ) adlı qurum yaradıb yüz minlərlə avroluq qrantları "emal etmək"lə məşğul olmuş Emin Hüseynovu da görmək mümkündür.

İsveçrəyə sığınmış bu şəxs sosial şəbəkələrdə sadə, təvazökar, əzabkeş müxalifətçi və orta statistik inqilabçı həyatı yaşadığını göstərməyə çalışsa da, belə deyil.

O, Tbilisinin Vasili Petraşvili küçəsində dəbdəbəli, ikimərtəbəli ev alıb və həmin evin sakinləri arasında Fərqanə Novruzovadan tutmuş, Elvin Əliyevə qədər şəbəkənin gənc, radikal və emosional "vint"ləri var.

Tbilisidəki anti-Azərbaycan şəbəkəsinin mənsubları inqilabi taktika, demokratik strategiyadan və planlardan danışmağı çox sevsələr də, onların siyasi mövqeləri paradoksaldır.

Daha doğrusu, eybəcərlik səviyyəsindəki primitivizmdir.

Məsələn, Azərbaycandakı radikal müxalifət üçün bolşeviklərin "İskra"sı rolunu oynadığı böyük aplobmla iddia edilən "Meydan TV"-nin Tbilisidəki emissarları, müəllifləri, tərəfdarları və s.-nin maliyyə mənbələrindən olmuş Fərman Ceyranovla Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lider olduğu "Vahid Gürcüstan" Partiyası arasında çox sıx əlaqələr vardı.

Bu qismən anlaşılandır: nə də olsa, F.Ceyranov demokratiya, insan haqları, vətəndaş cəmiyyəti və ilaxır barədə kəlmələri papye-maşeyə çevirmiş partiya ilə əlaqələrini Qərbdəki sahiblərinin göstərişi kimi izah edə bilirdi.

Bəs yaxşı, indi həbs olan F.Ceyranov "Vahid Gürcüstan"ı çökdürənlərdən biri, parlamentin deputatı, Rusiyaya meylli Tamaz Meçiauri ilə əlaqələrini və işbirliyini necə açıqlayacaq?

Və ya Tbilisidəki radikal müxalifətçilərimiz onların yerli "lider"ləri ilə Sorosun Gürcüstandakı buyruq qullarından sayılan Lali Moroşkina, diasporlarla bağlı məsələlər üzrə dövlət nazirininin sabiq müavini Sandro Breqadze, bəstəkar Cemal Sepiaşvili, habelə "Gürcü Arzusu" koalisiysında Siyasi Şura üzvü olmuş David Pasasiya arasındakı mütəmadi görüşlərdən, təlimatlandırmalardan xəbərləri varmı?

Varsa, onlar Türkiyənin "İşBank"ının Batumidəki Gürcüstan filialından kredit qismində alınmış 17,2 milyon dolların kimlər tərəfindən hansı məqsədlərə xərcləndiyini bilirlər?

Suallar ritorikdir.

Belədirsə, Gürcüstanın hakimiyyət dairələri, ölkə rəhbərliyi Tbilisidə Azərbaycana düşmən şəbəkənin formalaşmasını bilirlərsə, nə üçün konkret, real tədbirlər görülmür?!

Nə üçün Azərbaycanda "demokratik hakimiyyət dəyişikliyi" adı ilə qiyam və üsyan, çevriliş planları quranlar özlərini Tbilisidə bunca rahat hiss edirlər?!

Rəsmi Tbilisi Azərbaycanla münasibətlərini bir ovuc marginala qurban vermək istəyir?!

Gürcüstan rəhbərliyi bu suallara cavab verməlidir, hər halda.

İddialardan sarsılmaq budursa...

''Gürcüstan hakimiyyəti çevik və şəffaf araşdırma aparmalı, nəticə ilə bağlı zəruri tədbirlər görməlidir.  Mən azərbaycanlı jurnalist və fəal Əfqan Muxtarlının başına gələnlərdən sarsılmışam. O, Tbilisidə oğurlanıb, amansızcasına döyülüb, güclə Azərbaycana verilib. Orada onu qaçaqmalçılıq və sərhəddi qanunsuz keçmək ittihamı ilə həbs ediblər".

Bu barədə Avropa insan hüquqları komissarı Nils Mujnieks bildirib və dübarə söyləyib: "Göz önündə ciddi pozuntular baş verir ki, bu da maksimum diqqət və Gürcüstan hakimiyyətinin təcili reaksiyasını tələb edir. Gürcüstan hakimiyyəti çevik və şəffaf araşdırma aparmalı, nəticə ilə bağlı zəruri tədbirlər görməlidir. Öz növbəsində Azərbaycan hakimiyyəti Əfqan Muxtarlını təcili azad etməli və onun hüquqlarını tam təmin etməlidir".

Avropada insan haqlarının durumuna görə Brüsselin "ən məsuliyyətli siyasətçi" kimi təqdim etdiyi Nils Mujnieksin sözlərini diqqətlə oxudunuzmu?

Ortada sadəcə müxalifətçilərin, bir sıra media orqanlarının, bəlli hüquq müdafiçilərinin sözləri və sosial şəbəkələrdəki iddialar var.

Heç bir yoxlama, faktların araşdırılması, yekun qənaətə gəlinmə olmadan Mujnieks qərarını verir və bununla da kifayətlənməyərək Azərbaycanı hədələyir, rəsmi Bakı ilə ultimativ tonda danışır.

Məsələ bu şəxsin Azərbaycana münasibətində deyil: N.Mujnieksin Bakı ilə bağlı tutduğu subyektiv, emosional mövqe onsuz da bilinəndir və onun indiyədək verdiyi bəyanatları da xatırlamaq olar.

Əslən latviyalı olan amerikalı siyasətçinin Prinston və Berkli universitetlərini bitirdiyini, elmlər doktorunu olduğunu nəzərə alsaq o, Ə.Muxtarlı ilə bağlı açıqlamasının psixoz və isteriya səviyyəsində olduğunu dərk etməmiş deyil.

Cənab Mujniks Avropa Birliyinin hər hansı ölkəsindəki olayla bağlı təsdiqlənməmiş iddialara və ehtimallara əsaslanan, bütünlüklə qeyri-rəsmi mənbələrdən alınmış məlumatlara söykənən açıqlama ilə çıxış edə bilərdimi?!

Bu azmış təki həmin dövləti hədələməyə cəsarəti çatardımı?!

Düşünmürük və bunun səbəbi Azərbaycanın zəifliyi deyil, güclü mövqe tutmuş Azərbaycana qarşı yeni, həyasız təzyiq cəhdidir.

Muxtarlı olayı barədə

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

"Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb".

Bu fikirlər Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin jurnalist Əfqan Muxtarlının həbsi barədə birgə məlumatında yer alıb.

Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, "Bank of Georgia ekspress" plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.

31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti də Əfqan Muxtarlı ilə bağlı açıqlama verib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. Onun deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili isə ölkəsinin hüquq-mühafizə orqanlarının jurnalistin oğurlanmasında iştirakını istisna edib.

"Mən tam məsuliyyətlə deyirəm ki, jurnalistin oğurlanmasında hüquq-mühafizə orqanlarının iştirakı olmayıb". 

"Socar Enerji Corcia"nın mətbuat katibi də jurnalist Əfqan Muxtarlıyla bağlı açıqlama yayıb. Bildirib ki, bir sıra informasiya agentlikləri Əfqan Muxtarlının yoxa çıxmasında şirkətin təhlükəsizlik xidmətini suçlayır. Bunun əsası yoxdur:

"Hesab edirik ki, bunlar əsası olmayan yalan və böhtandır. "Socar Enerji Corcia"nın bu məsələylə heç bir bağlılığı yoxdur. Hər hansı sual yaranırsa, Gürcüstan hüquq-mühafizə orqanlarına ünvanlasın".

Pərdə qalxdı, səhnə tam göründü

Jurnalist Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması anti-Azərbaycan şəbəkənin əsl simasını açdı, bu prosesin iştirakçılarını ifşa etdi.

Təsadüfi deyil ki, bu gün Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV-lər və təşkilatlar Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar.

Ermənistan mediası Gürcüstandakı anti-Azərbaycan şəbəkənin dağıdılmasını "Gürcüstanın nüfuzuna xələl gətirən" hal, Azərbaycanın Gürcüstana qarşı "təxribatı" kimi qələmə verməyə cəhd göstərir. Bununla onlar iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmaq niyyətlərini güdürlər.

Amma düşünmək istərdik ki, bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu gördüklərindən İrəvanın təxribatına uymayacaqlar. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tam əks mənzərə ilə rastlaşır və qərəzli bəyanatlar verməkdən başqa bir iş görə bilmirlər.

Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğradı.

Bu, reallıqdır.

Reallığı əyri güzgülərdə görənlərin var qüvvələri ilə səhnələşdirdikləri operettadan fərqli olaraq...

Elçin Alıoğlu
Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.