Siyasət

Şimali Kipr televiziyasında ÜAK-ın ləğvi ilə bağlı müzakirə aparılıb

18 May 2017 13:45
0 Şərh     Baxış: 1 312

Şimali Kiprin yüzdən artıq ölkədə yayımlanan "Gənc TV" kanalında "Həftəyə baxış" analitik proqramının növbəti buraxılışı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə həsr olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə ərsəyə gəlib.

Doktor Güvən Arıqlının canlı apardığı verilişdə AKDC-nin sədri Orxan Həsənoğlu ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O, Azərbaycanın son illərdə onlarla belə beynəlxalq səviyyəli yarış və tədbirə uğurla ev sahibliyi etdiyini tamaşaçıların diqqətinə çatdırıb. Qeyd edib ki, ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycana olan beynəlxalq etibarı və inamı artırıb. 54 ölkədən üç minə yaxın idmançının Azərbaycana gəlməsinin heç də təsadüf olmadığına diqqət çəkən O.Həsənoğlu belə yüksək səviyyəli tədbirlərin davamlı olacağını bildirib.

Proqramda həmçinin, bir neçə gündür dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ciddi narahatlığına səbəb olmuş Rusiya Federasiyası Ali Məhkəməsində ÜAK-ın qeydiyyatının ləğv edilməsi də müzakirə olunub. AKDC sədri bildirib ki, bu gün Rusiyada yaşayan milyonlarla azərbaycanlının səsi olan bir təşkilatın bağlanması doğru deyil: "Rusiya ilə strateji müttəfiq sayılan ölkəyik. Digər tərəfdən isə, həmin ölkədə yaşayan soydaşlarımız Rusiya vətəndaşıdır. Rusiyanın əslində, öz vətəndaşlarının təmsil olunduğu bir təşkilatı bağlaması, həmin ölkə vətəndaşlarının hüquqlarının pozulması deməkdir".

Verilişdə diaspor rəhbəri O.Həsənoğlu aparıcının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.