Siyasət

Rusiyadan Azərbaycanla münasibətlərə ağır zərbə - Cavab necə olacaq?

16 May 2017 12:20
Baxış: 2 120

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi qərarı Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi. Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar - oliqarxlar, mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdılar.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı ÜAK-nın fəaliyyətinə önəm verirdi və bu təşkilat rəsmi səviyyədə daima dəstəklənirdi:

"Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə birbaşa mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Birinci qurultayda Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin də iştirak ediblər. Rusiya prezidenti Vladimir Putin Konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında İlham Əliyevlə birgə iştirak edib. Həmin qurultayda çıxış edən İlham Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradılmasının Heydər Əliyevin siyasətinin tərkib hissəsi kimi qiymətləndirərək bunları demişdi: "Mən çox şadam ki, Ümumrusiya Azərbaycanlıları Konqresi qısa müddətdə çox güclü və nüfuzlu təşkilata çevrilib. Konqres iki ölkə arasında əlaqələrin genişlənməsində çox mühüm rol oynayır".

Konqresin 2011-ci ildə Moskvada keçirilən III qurultayına artıq prezidentlər qatılmır. Həmin tədbirdə Azərbaycan tərəfdən ən yüksək rütbəli rəsmi şəxs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olur. Ramiz Mehdiyevdən başqa Prezident Administrasiyasnın xeyli şöbə müdiri də Moskva toplantısında iştirak edir. Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Putindən fərqli olaraq Konqresin qurultayına qatılmayaraq, sadəcə, təbrik məktubu göndərir. Bu qurultayda yeganə yadda qalan Ramiz Mehdiyevin "Azərbaycan və Rusiya müttəfiq ölkələrdir" açıqlaması olur.

Ümumrusiya Azərbaycanlıları Konqresinin növbəti IV qurultayı isə ötən il keçirilib. Bu qurultayda da prezidentlər iştirak etməyib. İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi məktubunda yenidən ÜAK-nın dünya azərbaycanlıları diaspor təşkilatları sırasında xüsusi yer tutduğu sözləri vurğulanıb: "Konqres təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor təşkilatının avanqardı sayıla bilər".

Beləliklə, Ümumrusiya Azərbaycanlıları Konqresinin qurultaylarında edilən çıxışlara qısa ekskursdan da görünür ki, rəsmi Bakı bu təşkilata ciddi əhəmiyyət verib, bu təşkilatı iki dövlət arasındakı münasibətlərin əsas elementi sayıb".

Politoloqun fikrincə, əgər Kreml Konqresin qeydiyyatını ləğv edibsə, münasibətlərdəki əsas elementi də ortadan qaldırıb: "ÜAK-nın qeydiyyatının ləğvi hansısa hüquqi prosedurların pozulması ilə əlaqələndirilib. Ancaq Konqresin qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır. Kreml bu təşkilata rəsmi Bakının necə dəyər verdiyini yaxşı anlayırdı. Rusiya demokratik ölkə deyil və məhkəmənin hansısa hakimi ölkələrarası münasibətlərə mənfi təsir edə biləcək qərara imza ata bilməzdi. Kreml istəsəydi, məhkəmə fərqli qərar verə bilərdi".

E.Şahinoğlu hesab edir ki, əgər Kreml ÜAK-nın ləğvinə qərar veribsə, deməli, bunun səbəbini Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumunda axtarmaq lazımdır: "Birincisi, Kreml TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keçir və istər-istəməz az da olsa, Rusiyanın regional gücünü zəiflədir. Məsələn, mayın 15-də Pekində "İpək yolu" layihəsiylə bağlı zirvə toplantısı keçirildi, həmin toplantıda Rusiya prezidenti də iştirak edirdi. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Pekindənki çıxışında qeyd etdi ki, yaxın bir neçə ayda Bakı-Tiflis-Qars dəmir yolu hazır olacaq. Bu dəmiryolunun işə düşməsi o deməkdir ki, Çindən çıxan mallar Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatacaq. Halbuki, Moskva Çin mallarının TransSibir dəmiryolu ilə Avropaya çatdırılmasını istəyir. Ancaq elə rusiyalı mütəxəssislərinin sözlərinə görə, TransSibir dəmir yolunun porblemləri çoxdur və qatarlar ləng hərəkət edir. Ona görə də Çin Bakı-Tiflis-Qars dəmiryoluna maraq göstərir.

İkincisi, Azərbaycan cəbhə bölgəsində işğalçı Ermənistan üzərində hərbi üstünlüyünü artırır. Elə ÜAK-nın ləğvinin elan edildiyi gün Azərbaycan ordusu işğal edilmiş ərazidə işğalçının zenit-raket kompleksini məhv etdi. Kreml açıq-aşkar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artırmasını istəmir. Buna görə Azərbaycanı zəiflətmək, problemlərini artırmaq üçün müxtəlif yollara baş vurub.

Üçüncüsü, Kreml Azərbaycanda ötən prezident seçkisində olduğu kimi, bu dəfə də rəsmi Bakıya təsir yolları haqqında düşünür. Ötən dəfə prezident seçkisinə az qalmış Moskvada "milyonerlər ittifaqı" yaradıldı. Həmin qurumda Rusiyada yaşayan azərbaycanlı oliqarxlarla yanaşı, Rüstəm İbrahimbəyov və Abbas Abbasov da yer aldı. Habluki, bu ikisini oliqarx saymaq olmaz. Ancaq hər ikisi ilə Azərbaycan hakimiyyətinin problemi var. Görünür, Moskvada növbəti prezident seçkisində Azərbaycan hakimiyyətinə təzyiq kimi yeni planın hazırlıqlarına başlanılıb və ilk addım kimi Konqresin ləğvinə qərar veriblər".

Ekspert Azərbaycanın ÜAK-nın qeydiyyatının ləğvindən sonra Azərbaycanın hansı addımların atılması ilə bağlı təkliflərini də verib: "İlk növbədə, ÜAK-nın qeydiyyatının ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya mesaj göndərilməlidir. Azərbaycan son illərdə Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alıb. Bundan sonra zəruri silah və hərbi texnikanın alınması üçün başqa ölkələr axtarılmalıdır. Avropa İttifaqı ilə danışıqları sürətləndirib Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var.

Buna baxmayaraq, əgər Moskvada Appelyasiya məhkəməsi ÜAK-nın qeydiyyatının ləğvi qərarını təsdiqləyərsə, Rusiyada başqa diaspor təşkilatının yaradılmasına ehtiyac yaranacaq. Çünki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların istinad etdiyi və Azərbaycana bağlı hansısa təşkilatı olmalıdır. Rusiyada yaşayan azərbaycanlıarın bir qismi ÜAK-nın fəaliyyətindən narazı idi. Ona görə də yeni təsis olunan təşkilat daha işlək olmalı və çevik qərarlar verməlidır. Əgər Kreml yeni təşkilatın yaranmasına da mane olarsa, onda Rusiyanın Azərbaycanla bağlı əsl planları bəlli olacaq və rəsmi Bakı buna uyğun Rusiya siyasətini formalaşdırmaq məcburiyyətində qalacaq".

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi mayın 15-də ÜAK-nin qeydiyyatını ləğv edib. Azərbaycan rəsmilərinin çoxsaylı müraciətləri, səfir Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü, Milli Məclisin Komitə sədri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlinin təcili Moskvaya gedərək rusiyalı həmkarlarıyla görüşlər keçirməsi də Konqresin qeydiyyatının ləğvi prosesini dayandıra bilmədi.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.