Siyasət

Diaspor rəhbəri: "Haqqımızda ermənipərəst imici yaradılmasını adımıza qara ləkə kimi qiymətləndirirəm" - FOTO

3 May 2017 13:54
Baxış: 1 089

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev son günlər Azərbaycan mediasında özü haqqında yayılmış məlumatlarla əlaqədər Azərbaycan KİV-lərinə müraciət ünvanlayıb.

Milli.Az- xəbər verir ki, Rövşən Tağıyev müraciətində barəsində heç bir əsası olmayan, yalan və qərəzli materialların hazırlanmasını özünə və ailəsinə qarşı təxribat olduğunu bildirir.

Diaspor rəhbəri qeyd edib ki, ümumiyyətlə, son vaxtlar Azərbaycanın bəzi media orqanlarında Ukraynadakı Azərbaycan diasporunun tanınmış nümayəndələrinə qarşı sifarişli şər və böhtan kampaniyasının aparılır. Bu yazıların Azərbaycanın vətənpərvər oğullarını gözdən salmaq məqsədi güddüyünü deyən R.Tağıyev təəssüflə bildirir ki, "qara piar"" məhz erməni vandalizminə qarşı ciddi mübarizə aparan, xüsusilə də, hər il Xocalı soyqrımı zamanı Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında fəal iştirak edən vətənpərvər soydaşlarımıza qarşı qurulub.

Diaspor rəhbəri xatırladıb ki, o, 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib, bu il isə Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti seçilib. R.Tağıyev son 3-4 ayda Azərbaycan mediasında onunla bağlı aparılan kampaniyaya əhəmiyyət vermədiyini, lakin mayın 2-də Azərbaycanın bir sıra saytlarında növbəti yalan məlumatın yayılmasının həm Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri olaraq özünün, həm də Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasovun şərəf və ləyaqətinin alçaldıldığını, ictimai nüfuzuna xələl gətirildiyini qeyd edib.
 

O, haqqında yayılan informasiyalara münasibətində bildirib ki, saytlar 2016-ci il sentyabr ayının 23-də Kiyev şəhərində Rom və Yəhudi xalqlarının soyqrımı günü ilə bağlı Ukraynada fəaliyyət göstərən azsaylı xalqların iştirak etdiyi tədbirdən çəkilmiş fotoları (http://prison-pastoral.blogspot.com/2016/09/blog-post_24.html?spref=tw) Azərbaycan oxucusuna yanlış təqdim ediblər: "Guya mən və Qurban Abbasov bu il aprelin 24-də ermənilərin qondarma soyqrımı tədbirində iştirak etmişik və fotolar da həmin tədbirdəndir. Bu, birbaşa Azərbaycan ictimaiyyətində bizə və ailəmizə qarşı nifrət hissi yaratmaqla, şərəf və ləyaqətimizi alçaltmaqdır. Artıq bu cür yalan, təxribat xarakterli məlumatların sifarişçiləri, onu yayanlar bütün sərhədləri aşıblar. Mən bu saytların haqqımızda ermənipərəst imici yaratmasını birmənalı olaraq özümüzə, ailəmizə, ölkəmizə və  ata-baba yurdumuz Naxçıvanın adına qara ləkə kimi qiymətləndirirəm".

Müraciətin sonunda Rövşən Tağıyev bu yazılarla bağlı artıq Ukraynanın və Azərbaycanın müvafiq orqanlarına müraciət etdiyini açıqlayıb.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.