Siyasət

Mövcud durumda yeganə çıxış yolu - "Müharibə!"

21 Aprel 2017 07:00
Baxış: 5 846

"Ermənistanda son parlament seçkilərindən sonra indiki deyil, başqa təmayüllü qüvvələr də hakimiyyətə gəlsəydi, yenə də Dağlıq Qarabağ məsələsində heç bir şey dəyişməyəcəkdi".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanda qərarları özləri yox, başqaları verir: "Ermənistanın onsuz da müstəqil xarici siyasəti yoxdur. Ermənistan Rusiyanın qeyri-rəsmi bir əyalətidir və onun üçün prioritetləri də Moskva müəyyənləşdirir. Nə deyirlərsə, onlar da onu edirlər. Əslində parlament seçkilərinin də nəticələrini elə Rusiya müəyyənləşdirib. Digər tərəfdən, Ermənistanda və erməni diasporasında əsas fəaliyyət prinsiplərini erməni kilsəsi təyin edir. Onların da ki mövqeyi ortadadır. Bu yaxınlarda onlar da ermənilərin Dağlıq Qarabağda separatçı rejiminə yarım milyon dollar civarında yardım etmişdi. Yəni məsələ bundadır ki, bu gün hətta Ermənistan əhalisinin hamısı fərqli siyasət istəsə belə, Ermənistan hökümətinin hansısa fərqli qərar qəbul edə biləcəyini düşünmürəm. Qərarı nə Ermənistan əhalisi, nə də hökuməti qəbul edir. Bunu onların əvəzinə Rusiya edir. Əgər Rusiya əlini Ermənistandan çəksə, bu məsələ tezliklə həll oluna bilər. Əks halda belə vəziyyətdə Ermənistanda hansı qüvvənin iş başında, hakimiyyətdə olmasından asılı olmayaraq, vəziyyət müsbətə doğru dəyişməyəcək".

Millət vəkili hesab edir ki, mövcud durumda yeganə çıxış yolu yalnız hərbi əməliyyatlar, müharibədir: "Biz bu məsələni yalnız hərbi yolla həll etməliyik. Bizim kifayət qədər imkanlarımız var ki, artıq hərbi yola əl ataq. Çünki ötən il aprel savaşından sonra böyük güclər bizdən əməliyyatları dayandırmağı istədilər və məsələni dinc yolla həllini vəd etdilər. Amma göründüyü kimi, heç bir irəliləyiş yoxdur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, çoxsaylı bəyanatlar və çağırışlar var. Biz də məsələnin dinc yolla həllinə razılığımızı verdik. Amma ortada müsbət heç nə yoxdur. Bu, uzun müddət belə davam edə bilməz. Biz 1-2 konkret vaxt qoyub, "əgər problemin dinc yolu ilə həlli imkanı varsa, bunu edin" dedikdən sonra yenə də bir şey olmasa, artıq məsələni hərbi yolla çözmək lazımdır. Başqa variant qalmır..."

Xatırladaq ki, Ermənistanda aprelin 2-də keçirilmiş seçkilərinin nəticələrinə görə, parlamentdə 4 siyasi qüvvə - hakim Respublika pariyası, "Tsarukyan" bloku, "Yelk"("Çıxış") bloku, Erməni İnqilab Federasiyası "Daşnaksutyun" təmsil olunacaq.



Bu nəticələrə əsasən, parlamentdəki 105 deputat mandatından 58-i iqtidardakı Respublika partiyasına qismət olacaq ki, bu da ona hökuməti sərbəst şəkildə formalaşdırmaq imkanı verir. Qalan yerləri isə "Tsarukyan" bloku (31 mandat),  "Çıxış" bloku (9 mandat) və "Daşnaksutyun" (7 mandat) bölüşdürəcəklər.

Qeyd edək ki, Ermənistanda 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra keçirilən bu seçkilər prezident üsul idarəsindən parlament idarə üsuluna keçid addımı hesab olunur. Yeni konstitusiyaya görə, proporsional sistem əsasında formalaşan 107 deputatlıq parlament bundan sonra prezidenti seçəcək. 7 illiyə seçilmiş prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin etməlidir. Bundan sonra əsas səlahiyyətlər artıq prezidentin yox, baş nazirin əlində cəmləşəcək. Prezident isə daha çox simvolik fiqur olacaq.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.