Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan öz iqtisadi inkişafını davam etdirəcək"

18 Mart 2017 14:58
Baxış: 452

"İqtisadi vəziyyətimiz yaxşılaşır. Keçən il - mən ötən il burada demişdim - iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlamışdır. Bu il isə artıq inkişaf ilidir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, ilin iki ayının göstəriciləri bunu təsdiqləyir: "Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıbdır. Qeyri-neft sənayemiz isə 5 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun".

Prezident İlham Əliyev qeyd edib ki, bizim iqtisadi inkişafımız Davos Dünya İqtisadi Forumu tərəfindən də yüksək qiymətləndirilib: "Bu il ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 37-ci yerə layiq görülüb. Keçən il biz 40-cı yerdə idik. Yəni, bu, onu göstərir ki, hətta neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Dünya İqtisadi Forumu bizim iqtisadiyyatımızı daha da yüksək pilləyə qaldırıb. Əlbəttə ki, dünya miqyasında iqtisadi rəqabətliliyə görə, ən inkişaf etmiş 40 ölkə sırasında olmağımız uğurlu iqtisadi siyasətimizi əks etdirir. Onu göstərir ki, biz bu uğuru təkcə neft, qaz hesabına deyil, ciddi şaxələndirmə və islahatlar hesabına əldə etmişik".

Dövlət başçısı deyib ki, Davos Forumunun ikinci önəmli reytinqi inkişafda olan ölkələrin inkişaf səviyyəsidir: "Biz burada da bütün inkişaf edən ölkələr arasında birinci-ikinci yerləri bölüşürük. Bu, bizim siyasətimizə, iqtisadi siyasətimizə verilən ən gözəl qiymətdir. Əminəm ki, bu il iqtisadi inkişaf davam etdiriləcək. Çox böyük planlarımız var. İnvestisiya proqramı real sektorun inkişafına xidmət göstərəcək. Bu il kənd təsərrüfatında il ərzində 150 min hektardan çox torpağa su veriləcək. Bu, 100 minlərlə iş yerinin yaradılması deməkdir. Bu, kənd təsərrüfatının və ixracın artırılması deməkdir. Biz ilin iki ayında ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaratmışıq. Nəyə görə? Ona görə ki, işsizlik artmasın. Çünki keçən il dövlət investisiyaları azalmışdır, xüsusilə tikinti sektorunda. Bəzi vətəndaşlar işlərini itirmişlər. Bank sektorunda da problemlər yaşandı. Bəzi banklar bağlandı, vətəndaşlar işlərini itirdilər. Ona görə, mən biznes qurumlarına da çağırış etdim ki, hər bir şirkət heç olmasa bir-iki nəfəri işə götürsün. Bəlkə bu, onlara o qədər də lazım deyil, ancaq biznes də sosial məsuliyyətini dərk etməlidir. Bizim dövlət şirkətlərimiz və yerli icra orqanları üçün xüsusi büdcə ayrılıb. İndi 40 mindən çox insan ictimai işlərə və digər təmir-tikinti işlərinə cəlb edilib. Ona görə, əminəm ki, bu il Azərbaycan öz iqtisadi inkişafını davam etdirəcək".

Prezident İlham Əliyev deyib: "Sosial sahədə də böyük planlarımız var. Bu il ənənəvi olaraq beş milyon insan pulsuz diaqnostikadan, müayinədən keçir. Hesab edirəm ki, bu da dünya miqyasında nadir təşəbbüsdür. Artıq bunu etmək üçün hər cür imkan var. Hər bir rayonda müasir tibb müəssisələri yaradılıb. Son illər ərzində 600-dən çox tibb ocağı təmir olunub və tikilib".

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.