Siyasət

Gürcüstan Prezidenti: "Azərbaycanla Gürcüstan arasında münasibətlər mükəmməldir" - MÜSAHİBƏ

17 Mart 2017 15:03
Baxış: 933

"Azərbaycanla Gürcüstan arasında münasibətlər mükəmməldir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

G.Marqvelaşvili bildirib ki, tərəflər arasında bir-biri ilə tam anlaşma və hörmət mövcuddur.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan 25 il əvvəl, müstəqillik əldə etdikdən qısa müddət sonar tərəfdaşlıq yaradıblar: "O dövrdə rəhbərlərimiz Heydər Əliyev və Eduard Şevardnadze bu tərəfdaşlığın necə inkişaf edəcəyini və regionun gələcəyinə necə təsir edəcəyini aydın görürdü. Türkiyənin bu tərəfdaşlığa cəlb olunması Azərbaycan neftinə Avropa bazarlarına çıxmaq imkanı verdi".

Prezident hesab edir ki, hər iki ölkə getdikcə daha da güclənir və onların ümumi missiyası təkcə Gürcüstan və Azərbaycan üçün yox, həm də iri ticarət tərəfdaşları üçün uyğun imkanlar yaradır: "Bu gün biz Xəzər və Qara dəniz regionları ilə effektiv tərəfdaşlıq qurmuşuq. Bu tərəfdaşlığa daha çox ölkə qoşulur. Mən Azərbaycan Prezidenti İlham Əliyevlə Fars körfəzi və İran tərəfindən təklif olunan tranzit imkanlarını müzakirə etmişəm. Biz Xəzər regionu vasitəsi ilə çıxış əldə etdiyimiz Əfqanıstanda fəal şəkildə çalışırıq. Bütün birgə layihələr, o cümlədən TAP və TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Gürcüstanın Qara dəniz sahilində həyata keçirdiryi fəal layihələr Qara və Xəzər dənizləri arasında tərəfdaşlığadək genişlənib. Bu tərəfdaşlıq Çinin "Bir qurşaq, bir yol" konsepsiyasında iştirakı ilə daha da genişlənəcək. Bu tərəfdaşlıq gələcəkdə Asiya və Avropa bazarlarını birləşdirəcək. Bunun böyük perspektivləri var. Vacibdir ki, Gürcüstan və Azərbaycan bu strateji məqsədləri əvvəlcədən görə bilsinlər".

İqtisadi münasibətlər

G.Marqvelaşvili bildirib ki, Azərbaycan Gürcüstanın ikinci ticarət tərəfdaşı və ilk sərmayə yatıranıdır. O, qeyd edib ki, perspektivdə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənməkdə davam edəcək.

Gürcüstan Prezidenti deyib: "Əlbəttə, 2015-2016-cı illərdə bizim regionda qonşu ölkələr səbəbindən iqtisadiyyatda ləngimələr oldu. Lakin bu gün bizim imkanlar bərpa edilir və bu imkanlar ancaq artmaqdadır".

Onun sözlərinə görə, bu gün ölkələr gələcəyə nikbinliklə baxır və gələcək layihələri müzakirə edirlər.

G.Marqvelaşvili vurğulayıb ki, Gürcüstan və Azərbaycan bir-birinə azad tərəfdaşlıq və azad ticarət imkanları təqdim edirlər. Həmçinin qeyd edib ki, Gürcüstan bundan başqa, Avropa, Rusiya, Türkiyə və digər keçmiş sovet respublikaları ilə də azad ticarət barədə razılaşmaya malikdir: "İndi biz Çinlə də azad ticarətə malikik. Bu imkanlar ancaq artmaqda davam edəcək".

Prezident daha sonra əlavə edib ki, bu gün Gürcüstanın sərmayələr yatırılması üçün daha çox imkanları var. Gürcüstanda enerji sektoru, kənd təsərrüfatı, logistika və turizm sahələrində böyük imkanlar var.

O deyib: "Mən düşünürəm ki, biz çox iş görə bilərik. Azərbaycanın da yalnız enerji sektoru sahəsində deyil, kənd təsərrüfatı və turizm sahələrində də böyük imkanları var. Hesab edirəm ki, bizim biznesimiz yaxın gələcəkdə daha böyük nailiyyətlər əldə edəcək".

Energetika

Gürcüstan Prezidentinin sözlərinə görə, Cənub Qaz Dəhlizinin realizəsi işində irəliləyiş var.

Prezident deyib: "Biz bu dəhlizi tikirik. Bu layihə sayəsində biz Avropa İttifaqının enerji təhlükəsizliyi sistemində real ötürücü olacağıq. Layihə bizim regionda da stabilliyə böyük təsir göstərəcək".

Nəqliyyat layihələri

İki ölkə arasında nəqliyyat əməkdaşlığının ikişaf prespektivlərindən danışarkən G.Marqvelaşvili qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan və Azərbaycana aid olan hissəsində işlər artıq yekunlaşıb.

Prezident bildirib: "Biz türkiyəli tərəfdaşlarımızı gözləyirik. Türkiyənin dəmir yolunun keçəcəyi ərazilərində çox mürəkkəb landşaft var. Biz ümid edirik ki, layihə bu ilin sonunda yekunlaşacaq".

Onun sözlərinə görə, bu layihənin böyük ticarət imkanları olacaq. Prezident bildirib ki, bu, Avropa və Asiya arasında ən sürətli ticarət marşrutu olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.