Siyasət

"Bu, regionda böyük əks-səda doğurur "

8 Mart 2017 07:30
Baxış: 2 010

Azərbaycanla İran arasında iqtisadi əməkdaşlığı genişlənməsi iki ölkənin siyasi mövqeyinin də yaxınlaşmasına təsir edir. Hazırda isə bu əməkdaşlıq regionda böyük əks-səda doğurur. Çünki artıq təkcə ikitərəfli yox, üçtərəfli münasibətlərdən də danışılır. Moskva-Bakı-Tehran, Ankara-Bakı-Tehran, Tehran- Bakı-Tiflis formatlı üçtərəfli danışıqlarda həm Azərbaycan, həm də İranın mövqeyi xüsusi önəm kəsb edir.

Bu barədə Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin yekunlarını şərh edərkən deyib.  

Ekspertin sözlərinə görə, Azərbaycan-İran münasibətləri son illər ərzində çox sürətlə inkişaf edir: "Ən yuxarı siyasi səviyyələrdəkindən savayı müxtəlif əlaqələr və səfərlər olur. Məsələn, İqtisadiyyat nazirliyi səviyyəsində səfərlər aktivləşib, biznes forumlar keçirilir. Əlbəttə, bunların nəticəsidir ki, iki ölkə arasında ticarət dövləriyyəsi ötən il 70 faiz artıb, eyni zamanda ticarət dövriyyəsində struktur dəyişiklikləri baş verib. Belə ki, əvvəllər dövriyyədə xammal mübadiləsi daha çox yer tuturdusa, indi burada hazır məhsulların və xidmət sektorunun payı çoxalmağa paylaşıb. Bu o deməkdir ki, struktur dəyişikliklərinin əsasında iqtisadi əlaqələrin yeni formaları meydana çıxır".

İ.Vəlizadə qeyd edib ki, hazırda həm qarşılıqlı olaraq ölkələrdə bankların filiallarının açılması, həm də investisiya proqramlarının üzərində işlər gedir: "Bu imkan verəcək ki, İran biznesmenləri Azərbaycana konkret sahələr üzrə sərmayə qoysunlar. Böyük ehtimalla turizm, infrastruktur, emal, kimyəvi məhsulların istehsalı və kənd təsərrüfatının bəzi sahələri üzrə yatırımlar olacaq. Belə ki, iranlı biznesmenlərin buradakı texnoparklara marağı artıb. Eləcə də nəqliyyat sektorunda konkret addımlar atılır. Fikrimcə, burada logistik mərkəzlərin yaranması zərurəti ortaya çıxa bilər. Bu mərkəzlər İran mallarını Rusiya və Gürcüstana nəql etməyə imkan verəcək.

Eyni zamanda Azərbaycan biznesmenləri də İrana maraq göstərirlər. Burada xüsusilə nəqliyyat, xidmət sahələri üstünlük təşkil edirlər. Tərəflər birgə enerji layihələrinin də gerçəkləşməsində maraqlıdırlar. Bundan əlavə, su ehtiyatlarının səmərəli istifadəsi də diqqət mərkəzindədir. Xüsusilə Araz çayının hidroenerji və su ehtiyatlarından istifadəyə dair müzakirələr aparılır. Dövlət başçılarının, nazirlərin qarşılıqlı rəsmi səfərləri isə imkan yaradır, eyni zamanda siyasi zəmanət verir ki, bu layihələr problemsiz həyata keçirilsin".  

Klub rəhbərinin qənaətincə, son vaxtlar İrana qarşı yenidən sanksiyaların tətbiq edilməsinə dair söhbətlərin ortaya çıxması əməkdaşlıq məsələlərinə mənfi təsir edir: "Amma yaxın aylarda bu sanksiyaların bərpa olunacağını düşünmürəm. Belə olan halda həm İran, həm də Azərbaycan çalışırlar ki, fors-major məqamlar ortaya çıxmadan onları qabaqlasınlar və konkret əməli layihələr həyata keçirsinlər".

Politoloq hesab edir ki, iqtisadi əməkdaşlığın miqyasının artması siyasi məsələlərdə də mövqelərin yaxınlığını, uzlaşmasını artıra bilər: "Çünki siyasət konkret maraqlara əsaslanır. İqtisadi əməkdaşlıq formulu isə bunun üçün yeni resurs yaradır, yeni zərurətlər ortaya çıxarır. Siyasətçilər isə bu zərurətlərdən istifadə etməyi bacarmalı və ya heç olmasa, onları nəzərə almalıdırlar. Maraqlıdır ki, bizim Araz çayı hövzəsindəki əmkdaşlığımız "Xudafərin" hidroqovşağı layihəsini ortaya çıxarıb və hər iki tərəf bunun həyata keçirilməsində maraqlıdır. Amma bilirik ki, Arazın Azərbaycan sərhədlərinə düşən bir xeyli hissəsi işğal olunduğundan Ermənistanın nəzarətindədir. Ona görə də bu layihələrin həyata keçirilməsi müəyyən qədər çətinlik yaradır. Təbii ki, İran bundan çox fayda götürə bilərdi, amma ondan məhrum olub. 

Əgər regionda yenidən müharibə başlasa, bu layihələr riskli olacaq ki, bu da İranı qane edə bilməz. İranın siyasi hakimiyyəti yaxşı başa düşür ki, əgər vəziyyət bu səviyyədə qalsa, müharibə təhükəsi hər an reallaşa bilər. Ona görə də çalışacaqlar ki, Azərbaycanın mövqeyini nəzərə alsınlar və bəzi məqamlarda onlar ermənilərə nisbətən üstünlük təşkil etsinlər. Çünki Ermənistana nisbətən Azərbaycanın mövqeyi İrana daha yaxındır. Yəni belə xırda addımlar siyasətdə mövqeləri müəyyən qədər yaxınlaşdırır.

Onu da qeyd edim ki, artıq Azərbaycanla İran arasında hərbi-texniki sahədə əməkdaşlıq da başlayıb. Bu əməkdaşlığın inkişafında həm Azərbaycan, həm də İran birbaşa maraqlıdır. Hərbi-texniki əməkdaşlıq hər iki ölkənin hərbi-siyasi dairələrinin dialoquna səbəb olur ki, bu da mövqeləri daha da yaxınlaşdırır. Məncə, bütün hallarda bu, müsbət haldır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.