Siyasət

İndoneziyalı deputat: "Xocalı faciəsi bütün dünyanı sarsıdan bir soyqırımdır"

23 Fevral 2017 10:25
Baxış: 515

Milli Məclisin (MM) İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü olub.

Milli.Az xəbər verir ki, MM-dən Trend-ə verilən məlumata görə, Milli Məclisin deputatı, qrupun rəhbəri Bəxtiyar Əliyev xalqlar arasındakı dostluq əlaqələrindən danışıb.

O bildirib ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir, Avropa enerji təhlükəsizliyi prosesində önəmli rola malikdir.

B.Əliyev həmçinin qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan danışıb. O qeyd edib ki, bu münaqişədə minlərlə insan şəhid olub, yüz minlərlə insan zərər çəkib, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var:

"Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinə tərəfdardır. Çünki münaqişə nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir".

İndoneziya parlament nümayəndə heyətinin rəhbəri Meutya Viada Hafid xalqlar arasındakı münasibətləri yüksək qiymətləndirib. Parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini dilə gətirən nümayəndə heyətinin rəhbəri Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırım olduğunu, Azərbaycan torpaqlarına təcavüzü pislədiklərini, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. O, Dağlıq Qarabağ probleminin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllini tapılacağına ümidvar olduqlarını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.