Siyasət

Bakıda "siyasi ölü"lərin şousu: "Məhsulda növbəti rüsvayçılıq

8 Aprel 2017 19:42
Baxış: 8 603

"Heyf bura gəldiyimə, heyf bunlara inandığıma, sərf etdiyim vaxtıma. Belə olacağını bilsəydim, gəlməzdim".

63 yaşlı kişi "Məhsul" stadiounun çıxışında deyinirdi. O, Milli Şuranın keçirdiyi, "mitinq" adlanan tragikomediyanı tərk edirdi.

35-40 yaşlarında olan vətəndaş isə "Müxalifətin mitinqində yox, sanki İslam Partiyasının toplantısında idim. Biabırçılıqdır. Budur bizim müxalifət?!"

Belələri az deyildi.

Bu gün Bakının Yasamal rayonunda, "Məhsul" stadionunda Milli Şura daha bir mitinq keçirdi.

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran, rəhbərliyi "siyasi ölü"lərdən ibarət olan struktur saat 15.00-dan 17.00-dək davam edən toplantısında "milyonları küçələrə səsləmək" niyyətində idi. Di gəl, yeni heç nə olmadı.

Əvvəlki mitinqlərdəki situasiya təkrarlandı, "Milli Şura"ya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının mitinqə topladıqları insanların sayı 1500-ü keçmədi.

Təsadüfi insan yoxdu: mitinqə qatılanların hamısı həmin təşkilatların üzvləri və təəssübkeşləri idi.

AXCP sədri, fəaliyyətini Facebook-da gün ərzində ən azı bir neçə paylaşımla kifayətləndirmək məcburiyyətində qaldığından deyinən, əslində isə çoxdan virtuallaşan Əli Kərimli sosial şəbəkədə "canlı yayım" təşkil edərək "Hamı mitinqə!" deyirdi. Onun dediyinə görə, "Məhsul"dakı mitinqə ən azı on minlərlə insan qatılacaqdı.

Parlamentin sabiq spikeri, özünü müxalfiətçi sayan Rəsul Quliyev isə 8 aprel mitinqini "ölü doğulmuş uşaq" saymışdı və "o mitinqə 50 nəfər gəlsə, böyük işdir" söyləmişdi.

Gözlənilənlər yaşandı və əslində, başqa cür ola da bilməzdi.

Cəmil Həsənli və Əli Kərimlinin nominal rəhbər olduqları Milli Şuranın təşkilati deqradasiyası, olmayan nüfuzunun tənəzzülü o həddə çatıb ki, "müxalifətin ən geniş spektrinin siyasi aksiyası" kimi qələmə verilən aksiya əslində RATİ-nin rəhbəri olduğunu iddia edən, İsveçrəyə sığınmış Emin Hüseynovun göstərişi ilə keçirildi.

Mahnını pul verən sifariş verdi

Milli Şurada indiyədək mitinqlərin fəal və az qala daimi təşkilatçıları kimi tanınan Eldəniz Quliyev, İbrahim İbrahimli və Vahid Məhhərrəmov baş verənləri rüsvayçılıq kimi dəyərləndirdilər, Emin Hüseynovun az qala əmri ilə mitinqin təşkil edilməsini müxalifətin imicinə (!) zərbə saydılar.

Amma Əli Kərimli israr etdi.

Səbəb bəlli: mitinqin təşkilatına pullar ayrılıb və o pulları da AXCP sədri mənəviyyatına, mahiyyətinə, düşüncəsinə tam uyğun olaraq əldən buraxa bilməzdi.

8 aprel mitinqi həm də Milli Şuranı parçaladı və faktiki olaraq xaotik struktura çevirdi.

Çünki jurnalist Xədicə İsmayıl olmaqla bir qrup "radikal müxalifətçi" Millir Şura rəhbərliyi qarşısında şərt qoymuşdular ki, "Məhsul"da keçiriləcək mitinqə radikal dindarlar, daha doğrusu, din pərdəsi altında fəaliyyət göstərənlər qatılmamalıdır. Sən demə, bu, "siyasi imicə yaraşmır".

İndiyədək radikallardan sürəkli olaraq yararlanan, Nardaran hadisələrində az qala özlərini "İslam Partiyasının qardaşları" adlandıran AXCP rəhbərliyi və Milli Şuranın funksionerləri isə din kartını bir kənara atmaq istəmirdilər.

Cəmil Həsənli də tərəddüd etdiyindən, mübahisələr güclənibmiş. Üstəlik, Cəmil Həsənli "Məhsul"da mitinqin əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 9-da keçirilməsini israr edib və Bakı Şəhər İcra Hakimiyyətinin göstərişini qulaqardına vurmağı tələb edib.

Lakin Əli Kərimli və onun komandası mitinq məsələsində müstəqil olmadıqlarını deyəsən, Milli Şuranın "ağsaqqal"ına anlatdıqlarından Cəmil Həsənli susmuşdu.

Nimdan şüarlar, ölü fikirlər

Milli Şuranın "Məhsul"dakı mitinqinə yığışmış 1500 nəfər - hansı ki, onların arasında jurnalistlərin sayı az deyildi - onillər ərzində dəyişməyən, nimdaşlanan, klişeyə çevrilən şüarları eşitdilər.

Tribunalara çıxanlar da gerçəklikdən çox uzaq çıxışlar etdilər və yurd insanı bir daha anladı ki, ölkə müxalifətinin "lider"liyi iddiasında boğulanlar özlərinin rəngli, illüzor, az qala şizofrenik röyalar aləmindən qurtula bilmirlər.

Milli Şuranın "lider"i Cəmil Həsənli də aksiyaya qatılanların azlığından dolayı, pərişanlığını gizlədə bilmirdi. Lakin o, özünü və mitinqə qatılanları toxtatmaq üçün həmişəki absurd, hətta marazmatik arqumentindən yararlanaraq "Hər şeyin günahkarı hakimiyyətdir!" dedi.

Bununla da Cəmil Həsənli ölkənin daxili siyasətindəki durumu anlaya bilmədiyini, prosesləri dərk etmədiyini, tam qeyri-adekvat bir "siyasətçi" olduğunu göstərdi.

Dəyişməyən çağırışlar, statik similar

Mitinqdə AXCP sədri Əli Kərimli çıxış etdi və ampluasına tam sadiq qalaraq pafoslu, ibarəli cümlələrlə kütləni yenə haralarasa çağırdı.  O, mitinqə qatılanların sayının az olmasını izah etmək üçün yenə hakimiyyəti suçladı, amma bu suçlamalara deyəsən, mitinqə yığışanlar inanmadılar.

Dediklərinin inamsızlıqla qarşılandığını görən Əli Kərimli adət etdiyi ritorikaya keçərək söz yığınlarından ibarət verbal oyunbazlığını nümayiş etdirdi.

Gözəl Bayramlı, Nurəddin Məmmədli və başqaları da danışdılar: həmişəki sözlər, aberrasiyalar, konkretlikdən çox uzaq kəlmələr, mənasız ifadələr.

Molla Şurasına dönən Milli Şura

Bugünkü mitinqin daha bir özəlliyi stadionun arenasına toplaşanların az qala tam əksəriyyətinin fəaliyyəti yasaqlanmış İslam Partiyasının fəalları olmasıydı. Onlar əllərində plakat və şüar tutanların, fit verənlərin, əl çalanların özəyini təşkil edirdilər.

Milli Şura sanki "Molla Şura"sına çevrilmişdi: stadionda təkbir sədaları belə, eşidilirdi.

İronik mənzərələrdən biri isə dini alət etmiş radikalların yanında əllərində Avropa İttifaqının bayraqlarını tutmuş "dünyəvi"lərin dayanması idi.

Milli Şura bu mənzərə ilə Qərbə nə messic vermək istəyirdi - bunu kimsə anlamasa da, təşkilatın artıq siyasi çəkisiz, vakkuma yuvarlanan struktur olduğu göz qabağındadır.

"Məhsul"un arenasında mitinq iştirakçılarının sayını çox göstərmək üçün radikal dindarlardan yararlanmaq cəhdi də AXCP-nin və ümümiyyətlə, radikal müxalifətin siyasi ölümü sayıla bilər.

Ən azı ona görə ki, Milli Şurada təmsil olunmuş "dünyəvi, demokrat" partiyalar indiyədək İslam Partiyası və ümumiyyətlə, radikal dindarlarla belə aşkar tərəfdaşlıqdan, daha doğrusu, radikalların şərtlərinə razılaşmaqdan çəkinirdilər.

İndisə deyəsən, Milli Şura aqoniyasını gizlətmək və "say çoxluğu" görüntüsü yaratmaq üçün son vasitə qismində məhz radikal dindarların dəstəyinə əl atıb.

Di gəl, bu da alınmayıb.

Bugünkü mitinqdə radikal dindarların bir qrupu qara bayraqlar qaldırmaq istəyəndə Milli Şuranın lideri Cəmil Həsənlinin tərəfdarları kəskin reaksiya göstəriblər.

Çəkişmə, mübahisə başlanıb və davanın qarşısı güclə alınıb.

Milli Şura bu dəfə radikal dindarların hesabına 1500 nəfəri toplaya bildi. Belə getsə, Əli Kərimli və Cəmil Həsənli dueti növbəti mitinqə sosial şəbəkələrdəki "Tənha ürəklər" və ya "Qəlbi sınmışlar" qruplarının mənsublarını, yaxud da Yeqova şahidlərini dəvət etsələr, təəccüblənməməliyik.

Kərimli-Həsənli dueti sifarişi yerinə yetirmək, təşkilatlarının "geniş kütlə tərəfindən dəstəkləndiyini" göstərmək üçün sayentologiyanın özəlliklərindən belə, danışarlar.

Təki onların hələ siyasi mövcudluqlarına inansınlar və ən əsası, Azərbaycan kənardan buradakı mitinqlərə pul ayıranlar Milli Şuranın marionet teatrı olduğunu düşünməsin.

Neçə illərdir elə eyni insanlar, eyni fikirlər təkrarlanır. İndi insanlar bunların nəyinə etimad göstərməlidir ki?!

... Sosial şəbəkələrdə mitinq lağlağı obyektinə çevrilib. Ən çox səslənən sual isə ritorikdir: "Bu mitinq kimə lazım idi?!"

Cavabı Əli Kərimli və Cəmil Həsənli əla bilirlər. Lakin deməzlər. Çünki etiraf maliyyə mənbələrinin itirilməsi deməkdir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.