1990-cı ilin 20 yanvar hadisəsi tariximizin qanlı səhifələrindən biridir. Forma etibarilə hüzn, matəm günü, qanlı tariximiz olsa da, eyni zamanda məzmun və mahiyyət etibarilə şərəf və qürur tariximizdir. 20 yanvar vətənə, millətə bağlılığı ifadə edən bir tarixi hadisədir.
Bunu Milli.Az-a Milli Məclisin üzvü, tarixçi, professor Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bizi məhv etməyə çalışan, bizə qarşı duran qüvvələr bu gün də var. Ona görə də bu tarix hələ bitməyib: "Bu gün Bakının ən yüksək yerlərindən birində Şəhidlər Xiyabanı uzanır. Hətta körpələr də orada atasının əlindən tutub gəzən zaman mütləq soruşur ki, bu nədir? Atası izah edəndə ki, bunlar Vətən yolunda canını fəda edən insanlardır, dövlətimizin müstəqilliyinin, bugünkü azadlığımızın əldə edilməsi yolunda qurban gedən ilk qaranquşlardır. Həmin an o körpənin ruhu qəhrəmanlıqla çulğalaşır və daxilində bir fikir yaranır ki, sanki, onlar mənim atam və ya babamdır, mən də bu qəhrəmanların övladı, nəvəsiyəm. Bu mənada Şəhidlər Xiyabanının özü millətin tarixi taleyində mühüm rol oynamış və bu gün də hələ bitməmiş hadisələrin ifadəsidir. 20 yanvar da bitməmiş bir hadisədir. Bir tərədən müstəqilliyimə gedən yol şəhidlərin qanı, canı üzərindən keçir. Digər tərəfdən, nə bu faciələri törədən, torpağımıza qəsd edərək bizi ölməyə vadar edən və ölkədə şəhidlər xiyabanları salmağı rəvac verən siyasət, nə də qüvvələr dəyişməyib. Bu mənada 20 yanvar günü bizim üçün həm də tarixin ibrət dərsidir. Bu faicəli gün həm də bizim daha möhtəşəm, güclü, qürurlu olmağımız üçün önəmli hadisələrdən biridir.
Sual oluna bilər ki, bu hadisə baş verməyə bilərdimi? Mayeyə dönüb müti olmaq, istənilən əyri qabın tutumunu almaq, vətən, torpaq məfhumundan uzaq olmaq, yoxsa qüvvələr nisbətinin qeyri-bərabər olduğu bir döyüşə girmək, canını qurban vermək, amma şərəfini, millətini, dövlətini itirməmək? Bu sualların cavabı düzgün veriləndə şəhidlərimizin necə böyük qəhrəman olduqları bir daha üzə çıxır".
F.İbrahimli əlavə edib ki, yanvar hadisələri, eyni zamanda, Azərbaycana qarşı qurulmuş bir ssenari idi: "1990-cı ilin yanvarın əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı bir qəsd təşkil etmək, bu xalqın dünyada mənfi, vəhşi obrazını yaratmaq, bununla yanaşı digərlərinə ibrət dərsi vermək üçün Moskva tərəfindən hazırlanmış ssenari icra olundu. Təəssüf ki, bu senarinin mahiyyətini dərk etsək də, geri çəkilmək üçün artıq heç bir yol yox idi".
Millət vəkili qeyd edib ki, 20 yanvar gününün daha bir əhəmiyyəti onun millətimizi birləşdirməsindədir: "Bu gün şəhidlərimizin övladları, nəvələri onları qürur hissi ilə yad edir. Qoy şəhidlərimizin ruhu indi şad olsun. Bu gün Şəhidlər Xiyabanı bütün milləti birləşdirən bir hüzn yeridir. Hesab edirəm ki, təqvimdə elə bir gün yoxdur ki, millət 20 yanvar günü olduğu qədər bütöv olsun. Şəhidlər Xiyabanı 20 yanvar - Hüzn günü dövlət başçısı tərəfindən ziyarət olunan zaman bütün xalqın onun ardınca getməsi bütün milləti birləşdirir, kədərimizlə yanaşı, həm də birliyimizi gücləndirir. Şəhidlərimizin ruhu əzəli və əbədi olaraq başımızın üstündədir. Bizdən sonra gələn nəsillər olduqca da, nə qədər bu millət, bu dövlət var, onların xatirəsi həmişə uca tutulacaq, hörmətlə anılacaq, Şəhidlər Xiyabanı isə milli qürur yerimiz olacaq".
İlkin İzzət
Milli.Az