Siyasət

Sarkisyan rejimi İŞİD-dən də pisdir

25 Oktyabr 2015 20:10
0 Şərh     Baxış: 742

Azərbaycanla Ermənistan arasında gərginliyin növbəti dəfə artması yalnız Cənuba Qafqazda sabitliyin qorunmasında birbaşa maraqlı olan region dövlətlərinin deyil, münaqişə zonasından xeyli uzaqda yerləşən ölkələrin də diqqətini çəkib. Bu mənada, problemin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın məsələyə münasibəti xüsusi maraq doğurur.
Amerikalı siyasi analitik Piter TEYS mövcud vəziyyətlə bağlı fikirlərini "R+" ilə bölüşüb.

- Regionda növbəti gərginliyin baş qaldırması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyəti necə xarakterizə edərdiniz?

- Azərbaycan torpaqlarının bir hissəsinin işğalı, İrəvanın 20 ildən artıq müddətdə beynəlxalq qanunları pozması, amansız qətlləri, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərdən azərbaycanlı əhalinin qovulması ATƏT-in Minsk qrupu, BMT Təhlükəsizlik Şurası, həmçinin dünyanın əsas fövqəldövlətləri və beynəlxalq strukturları tərəfindən dərhal pislənməli olan haldır.
Lakin erməni qüvvələrinin Azərbaycanın suveren ərazilərindəki son quldurluğuna baxmayaraq, BMT Baş Assambleyasının 70-ci sessiyasında yenə də Ermənistan hakimiyyətini açıq şəkildə günahkar tərəf kimi göstərməyi bacarmadı.
Bundan başqa, ABŞ Prezidenti və Avropa İttifaqına üzv dövlətlər BMT-nin irəli sürdüyü dayanıqlı inkişaf hədəfləri ilə o qədər məşğuldurlar ki, bitmək bilməyən münaqişələrə hələ də göz yumurlar. Halbuki, həmin münaqişələr Avrasiya, Afrikada sülhə, sabitliyə təhdiddir. Belə təhdidlərdən biri də Azərbaycan ərazilərinin 20%-nin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalmasıdır.
BMT Baş Assambleyasının 70-ci sessiyasında bəzi dünya liderləri Suriyadakı vətəndaş müharibəsindən narahatlıqlarını dilə gətiriblər. Onlar çıxışlarında Avropa tarixində görünməmiş qaçqın axınına - Suriya, Liviya, Sudan, Əfqanıstan və digər qaynar nöqtələrdən yüz minlərlə qaçqının Avropaya üz tutmasına diqqət çəkiblər. Ermənistanın 20 ildən artıqdır Azərbaycanın suveren ərazilərində yol verdiyi zorakılıq faktlarına isə hələ də göz yumulur, dünya birliyi hələ də susur. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı əhalinin sayına nisbətdə məcburi köçkünlərin sayına görə, ön sıralarda gələn ölkələrdən birinə çevirir.
Bu münaqişə hər gün yeni insan tələfatına səbəb olur. O, getdikcə Avropa ətrafında ən təhlükəli münaqişəyə çevrilir. Son silahlı təxribatlar, həmçinin Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərini tam və qeyd-şərtsiz boşaltmaqdan imtina etməsi onu Suriya və İraq ərazisindəki İŞİD-dən, Somalidəki "Əl-Şahab" qruplaşmasından daha təhlükəli duruma gətirir.

- BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bu qədər uzun müddətdə əməl edilməməsini necə izah edərdiniz?

- Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822 (1993-cü il aprelin 30-da qəbul edilib); 853 (1993-cü il iyulun 29-u), 874 (1993-cü il oktyabrın 14-ü) və 884 (1993-cü il noyabrın 12-si) saylı qətnamələrinin tələblərinə əməl etməməsinin 5 səbəbi var:
- geostrateji nüfuz balansı ciddi dəyişikliklərə məruz qalaraq, yeni regional fövqəldövlətlərin ortaya çıxması ilə nəticələnib; qlobal təhlükəsizlik tələbləri və yeni təhlükələr daha kəskin və çətin xarakter alıb;
- son 25 ildə hüququn aliliyinin əhəmiyyəti azalıb, nəticədə, BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinə etinasızlıq göstərən Ermənistan kimi "izqoy" ölkələrin sayı artıb;
- diqqəti Cənub-Şərqi Asiyada təhlükəsizliyin gücləndirilməsinə, bu istiqamətdə xarici siyasi strategiyaya yönəltmiş Prezident Barak Obamanın prioritetləri Xəzər regionunu və Ermənistan-Azərbaycan münaqişəsini kölgədə qoyub;
- son 6 ildə Birləşmiş Ştatlar Azərbaycanla, həmçinin Avropanın kəsişməsində yerləşən digər gənc demokratiyalarla əsl tərəfdaşlıq qurmaq imkanını əldən verib;
- dünyanın bir çox ölkəsi, məsələn, Avropa İttifaqının üzvləri Ermənistanın Azərbaycana qarşı apardığı müharibəni BMT-də pisləmək üçün səyləri birləşdirməyib (nəticədə, İrəvan Azərbaycanın, təxminən, beşdəbirini işğal edib: Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla); işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılıb; 1 milyondan artıq azərbaycanlı öz ev-eşiyindən qovulub, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər törədilib.

- Maraqlıdır ki, Ermənistan prezidenti Serj Sarqsyan ölkəsinin Avrasiya İttifaqına Dağlıq Qarabağsız qoşulduğunu deyərək, bunu onun Ermənistan ərazisi olmaması ilə əsaslandırsa da, bir müddət əvvəl gözlənilmədən Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Bu ziddiyyəti nə ilə izah etmək olar?

- İqtisadi islahatların iflasa uğraması, hökumətdəki korrupsiya və Sarqsyanın müasir reallığa uyğun olmayan xarici siyasəti İrəvan üçün bir sıra çətin, uzunmüddətli problemlər yaradıb, üstəlik, öz adamlarının və regionun gələcəyindən də ümidli deyil. Ölkə daxilindəki dramatik vəziyyət və iqtisadi durğunluq Ermənistan hakimiyyətini ziddiyyətli bəyanatlar səsləndirməyə vadar edir. Bu bəyanatlar dünya birliyinin diqqətini cəlb etməyə yönəlib.

- Ermənistan Dağlıq Qarabağın müstəqillyini tanımaq qərarına gələrsə, digər ölkələr ondan nümunə götürə bilərmi və bu, nə ilə nəticələnər?

- İlk növbədə, Azərbaycanın özünümüdafiə hüququ var. Bunu ona BMT Nizamnaməsinin 51-ci maddəsi verir. Həmin maddəyə əsasən, dövlətlər beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bərpa edə bilər.
Rod-Aylendin (ABŞ) Nümayəndələr Palatasının 2012-ci ilin mayında qəbul etdiyi qətnamə "Pandora qutusu"nu açıb. Bundan sonra ABŞ-ın bir sıra ştatlarında, dairələrində Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qətnamələr qəbul edilib, prezident Barak Obamaya müvafiq müraciətlər ünvanlanıb. Lakin hazırkı dünya düzənini (bütün çalışmazlıqlarına rəğmən) nəzərə alsaq, Ermənistan və Rusiya üçün "Dağlıq Qarabağ Respublikası"nın tanınmasını qanuniləşdirmək çox çətindir. Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması dünya birliyinin ciddi, faciəvi səhvi olardı. Bu, Avropa ətrafında və Xəzər regionunda sülh və sabitliyə ciddi təhdid yaradardı.
BMT-nin "Dünyamızı dəyişək: Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi"nin preampulasında deyilir: "Biz qorxudan, zorakılıqdan uzaq olan dinc, ədalətli və inklüziv cəmiyyətlərə kömək etməkdə qərarlıyıq. Sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh mümkün deyil". BMT və onun əksər üzvləri Qafqaz regionunda münaqişələrin profilaktikası ilə daha fəal məşğul olmasalar, Azərbaycanın ərazi bütövlüyü, dünya tərəfindən tanınmış sərhədləri ilə bağlı problemi prioritet saymasalar, bu hədəflərə nail olunmayacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.