Siyasət

Rəbiyyət Aslanova: "Avropa Parlamentinin prezidentinin Azərbaycana qarşı bəyanatı beynəlxalq hüquq normasının pozulmasıdır"

26 Noyabr 2014 18:36
Baxış: 554

"Avropa Parlamentinin prezidenti tərəfindən Azərbaycana qarşı yönələn belə bir bəyanatın verilməsi, ilk növbədə, bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir. Avropa Parlamentinin prezidentinin Azərbaycanın daxili işlərinə qarışması yolverilməz haldır. Azərbaycan hüquqi dövlətdir və burada bu və ya digər şəxsin məsuliyyətə cəlb olunması onun fəaliyyətindəki qanun pozuntuları ilə əlaqədar olur. Məhkəmənin işinə, ümumiyyətlə, bu prosesə kənardan müdaxilə edilməsi tamamilə yolverilməzdir".
 

Bunu Trend-ə açıqlamasında Avropa Parlamentinin (AP) rəhbəri Martin Şultsun Azərbaycan hökumətindən təcridxanada saxlanılan və "səhhəti pisləşmiş" Leyla Yunusun azad edilməsi tələbini şərh edərkən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti və digər təşkilatlar dəfələrlə Azərbaycanda insan hüquqlarının pozulması kimi qərəzli mövqelərini ortaya qoyur, o cümlədən L.Yunus və bəziləri ilə bağlı araşdırma aparmadan çox qərəzli mövqe sərgiləyirlər: "Leyla Yunusla bağlı rəsmi şəkildə məlumat verilib ki, onun səhhəti ilə əlaqədar heç bir ciddi təhlükəli hal yoxdur. Onun fəaliyyətində olan qanun pozuntularını nəzərə almadan Azərbaycanda məhkəmə-hüquq sisteminin işlərini şübhə altına almaq və "Leyla Yunusa azadlıq" deyərək bundan sui-istifadə etmək Avropanın bir sıra beynəlxalq qurumlarının artıq iş üslubuna çevrilib. Onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycan müstəqil, hüquqi dövlətdir. İstər milli qanunvericiliyin, istərsə də beynəlxalq qanunvericiliyin prinsiplərini rəhbər tutan bir ölkədir. Bu baxımdan onun daxilinə işlərinə qarışmaq və dövlət-vətəndaş münasibətlərinə müdaxilə edilməsi cəhdləri uğursuz cəhdlərdir".

Qeyd edək ki, bu gün Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Andrey Saxarov adına "Fikir azadlığı uğrunda" mükafatın təqdim edilməsi mərasimində AP-nin prezidenti Azərbaycan hökumətindən təcridxanada saxlanılan və "səhhəti pisləşmiş" L.Yunusun azad edilməsini tələb edib. O, həmçinin Azərbaycan iqtidarına AP-nin L.Yunusla görüşmək üçün Azərbaycana gəlmək istəyən nümayəndə heyətinin ölkəyə buraxılmamasına etirazını bildirib.

İclasda L.Yunusun qızı da iştirak edib.

Xatıradaq ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi rəisinin müavini, tibb xidməti polkovniki İftixar Qurbanov öncə Trend-in sorğusuna cavab olaraq bildirib ki, Bakı İstintaq təcridxanasında saxlanılan L.Yunusun vəziyyəti stabildir. Onun səhhətində heç bir problem yoxdur.

Onun sözlərinə görə, L.Yunus mütəmadi olaraq laborator analiz olunur, bundan əlavə, endokrinoloq davamlı olaraq onun şəkərli diabetinin səviyyəsini yoxlayır: "Mətbuatda deyildiyinin əksinə olaraq, onun qaraciyərində heç bir problem yoxdur. Bununla bağlı müayinələr də heç bir mənfi nəticə göstərməyib. Sadəcə, Leyla Yunus şəkərli diabet xəstəsidir. Buna görə də adekvat dərmanlar qəbul edir".


Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.