"Hrant Dİnkin qətlini sifariş verən Ərhan milliyətcə erməni olduğunu etiraf edir"
ASİMDER başqanı Göksəl Gülbəyin APA TV-yə müsahibəsi
- Əgər həqiqətən ermənilərə qarşı soyqırımı törədilsəydi, bunun sübutu kimi, ortalıqda bir toplu məzar olardı. Türkiyədə türklərin kütləvi şəkildə qətlə yetirildiyini isbatlayan onlarla belə məzarlar var. Təbliğat müharibəsində bu üstünlükdən niyə istifadə olunmur?
- Əvvəla şəhərimizə "xoş gəldiniz" deyirəm. Dərnəyimizə gəlməyiniz, bu mövzularda səsimiz olduğunuz üçün təşəkkür edirəm. Əvvəlcə 24 aprel tarixinə aydınlıq gətirmək lazımdır. Həmin gün ermənilərə qarşı soyqırımı törədildimi? Erməni yalanı əslində buradan başlayır. 24 apreldə bir dənə də olsun erməninin burnu qanamayıb. Ermənilərin "soyqırımı" dedikləri həmin gün Osmanlı dövlətinin "üsyanları buraxın, insanları qətlə yetirməyin!" xəbərdarlığına baxmayaraq müsəlmanları qətlə yetirən, bu bölgədə daş üstündə daş qoymayan daşnak və Hnçak erməni qruplaşmalarının 3 minə yaxın üzvünün həbs edildiyi gündür.
Sürgün qərarı mayın 27-də verilib, iyunun 1-də isə icra edilib. Bu rəsmi şəkildə qəzetdə də yayımlanıb. Bu məsələnin də 24 aprellə heç bir əlaqəsi yoxdur. 24 apreldə heç kim nə sürgün edilməyib, nə də soyqırımı törədilməyib. Bu tarix sadəcə erməni qruplaşmaların üzvlərinin həbs olunma tarixidir. Ermənilər qətliyamları təkcə burada törətməyiblər, onlar bu qətliamları Azərbaycanın Quba şəhərində, İranın Urmiya şəhərində də törədiblər. 800 il müddətində onlar ancaq alət olublar, heç zaman dövlət olmayıblar. İndi də Rusiyanın əlində alətdirlər. Biz ASİMDER olaraq Ermənistanı bir dövlət kimi tanımırıq, o əraziləri hələ də İrəvan xanlığı bilirik. Türkiyədəki qətliamlar Van, Əlazığ, Ərzurum, Ərzincan, Bitlis, Muş, Diyarbəkir, Kayseridə törədilib. Bunu isbatlayan sənədlər bizdə var. Xüsusilə professor Yusuf Halaçoğlunun bu mövzuya dair çox ciddi araşdırmaları və kitabları var.
Vanda Zeve məzarlığı var. 250 müsəlmanı qətlə yetirərək orada basdırıblar. Vanda öldürülənlər türklər deyil, kürdlərdir. Ona görə də biz BDP və ya digər kürd təşkilatlarının ermənilərə niyə simpatiya bəslədiklərini anlaya bilmirik. Ermənistan açıq şəkildə deyir ki, türklə torpaq davamız, kürdlə qan davamız var. Ermənilər deyir ki, "bizi əslində kürtlər qətl ediblər". Hətta İrəvandakı soyqırımı muzeyində belə yazılır: "Ey oğul, atalarını qətlə yetirən qatil kürdləri unutma!" İndi bunu bilə-bilə kürdlərin niyə erməniləri bu qədər sevməsini anlamıram. İğdırda 6 kütləvi məzar aşkar edilib. Bunlardan 3-ü açılıb. İğdır bu qətliamı yaşayıb. İğdırlıların başqa bir şansızlıqları da var. 1915-ci ildə Suriyaya sürgün edilən ermənilər İrəvana getmək üçün bu bölgədən keçiblər. Van, Əlazığ, Bitlis, Muş, Ərzurumdan gələn ermənilər buranı yandıraraq keçib. Hər gələn buranı yandırıb. İğdır bu qətliamları yaşayıb. Soydaşlarımız İrana, Azərbaycana qaçmalı olublar. Bura dönə bilməyiblər. Çünki erməni qruplaşmaları hələ də buradan keçdiyi üçün bura dönə, cənazələrini götürə bilməyiblər. Qətliama uğrayan türklərin cənazələrini it-pişik yeyib. Dediyim kimi, altı məzardan 3-ü açılıb. Biri Gədiklidə, biri Hakməmməddə, biri isə oba kəndində. Açılmayan kütləvi məzarlar isə Ermənistanla sərhəddə yerləşən Kadıqışlaq, Bayraqtutan və Küllük kəndlərindədir. Ən faciəli hadisə isə Oba kəndində baş verib. 1915-ci ildə Osmanlı İmperiyasında müharibə dövrü idi. Çanaqqala savaşı gedirdi. Oba kəndindəki Azərbaycan gəncləri də digər türk gəncləri kimi döyüşə gediblər. Kənddə yalnız qadın, uşaq və yaşlılar qalıb, onlar da silahsız. Silahların hamısını müharibə üçün yığıblar. Ermənilər kəndə girərək hamını təndir damına yığıb, üzərlərinə neft tökərək yandırıblar. Hakməmməddə isə adamları öldürüb su quyusuna atıblar. Gədiklidə də insanları bir yerə doldurub yandırıb, gözəl qadınları isə qaçırıblar. Yəni insanlar gözü dönmüş erməni şəbəkəsi tərəfindən qətlə yetirilib.
- Ermənilər o hadisələr zamanı milyon yarım soydaşlarının öldürüldüyünü bildirir. Ötən əsrin əvvəllərində Osmanlı ərazisində nə qədər erməni yaşayırdı ki, bunun milyon yarımı qırılıb?
- Onlar 1,5 milyon erməninin qətlə yetirildiyini deyirlər. Hesabladıqda bunları 500 minini bir yerdə basdırsaq, 3 məzarlıq edər, min-min basdırsaq min beş yüz məzarlıq edər. Tutaq ki, biz bunları öldürdük və adamyeyən kimi ətlərini də yedik. Bəs bunların sümüklərini hara qoymuşuq? Erməninin bir pişiyi ölsə, onun skeletini tapsa, dünyanı başımıza yıxar. Sonuncu dəfə Hələbdə bir mağaradan skelet tapdılar. Bəyan etməyə başladılar ki, türklər guya öldürdükləri erməniləri orada basdırıblar. Suriya informasiya nazirliyi isə bu məlumatı təkzib etdi və dedi ki, tapılanlar at cəsədləridir. Ermənilər hələ də axtarışdadır, bir dənə kütləvi məzar tapsalar, dünyanı dağıdacaqlar. ASİMDER olaraq bəyan edirəm ki, bir dənə erməni kütləvi məzarı tapsınlar, mən onlardan üzr istəyəcək və həmin məzarın yerində öldürülən ermənilərə abidə qoyacağam. Amma tapa bilməzlər. Çünki erməninin bütün tarixi yalandır və bu yalana özləri də inanıblar. 1915-ci ildə buradan sürgün ediliblər. Hava şəraiti və epidemiya səbəbi ilə sürgündə ölənlər də olub. Amma o dövrdə Osmanlı ordusunda epidemiyadan ölən yüzlərlə insan var. Çünki Osmanlı ordusu müharibə içində idi, xəstəlik yayılmışdı. Biz necə qətliam törədən millətik ki, 1915-ci ildə döyüşdə ölən xristianların cəsədlərini belə gətirib Çanaqqalada basdırmışıq. Onların nəinki dirisinə, hətta ölüsünə sahib çıxmışıq. Həmin dəfn olunan insanların ata-anaları bizim dövlətə məktub göndəriblər: "Allah sizdən razı olsun. Bizim uşaqların məzarlarına sahib çıxmısınız". Yüzlərlə belə təşəkkür məktubu var.
Bizdə bir yazı var, tez-tez onu paylaşırıq: "Cəddim soyqırımı törətsəydi, dünyada bir dənə də olsun erməni qalmazdı". Biz soyqırımı törətsəydik, rahat zamanda törədərdik. Xəstəlik yayıldığı, ermənilərin zəif olduğu, müharibə apardığımız dövrü gözləməzdik. Müsəlmanlığı qəbul etmək üçün kəlmeyi-şəhadəti demək kifayətdir. Amma xristianlıqda belə bir şey yoxdur. Xristian olmaq üçün kilsədə qeydiyyata düşməlisən. Əgər hər hansı bir kilsədə qeydiyyata düşməmisənsə, sən xristian deyilsən. Kilsədəki qeydiyyatla baxanda Osmanlı imperiyasında ən çoxu 900 min erməni olub. Amerikada sayları 1 milyona yaxındır, İngiltərədə isə 1 milyon 300 mindir. Əgər biz 1,5 milyon erməni qətlə yetirmişiksə, onda Avropadakı bu ermənilər haradan peyda olub? Ermənistanda Hatay məhəlləsi var. Malatyadan, Sivasdan gedənlər yaşayır. Suriyada, Livanda 400 mindən çox erməni var. Onlar buraya Türkiyədən köçdüklərini deyirlər. Dünyanın hər yerində Türkiyədən sürgün edilən ermənilər varsa, biz də 1,5 milyon erməninin qırmışıqsa, o zaman bu ermənilər haradan peyda olub? Öz dediklərini özləri təkzib edir.
- Ermənilər niyə arxivlərin açılmasını, tarixçilərdən ibarət müştərək komissiyanın qurulmasını istəmirlər?
- Soyqırımını araşdırmaq parlamentlərin işi deyil. Ermənilər parlament üzvlərinə dəfələrlə pul verib, layihə irəli sürdürüblər. Argentina 7 dəfə qətnamə qəbul edib. Onların qarşısına xəritəni qoysan və desən ki, Osmanlını göstər, göstərə bilməzlər. Çünki ölkənin xarici borcu var və erməni diasporu onların xarici borclarının ödənilməsinə kömək edib. Uruqvay da 6-7 dəfə qətnamə qəbul edib. Guya onlar qətnamə qəbul etsələr, nə olacaq? Hər iki ölkənin arxivləri, tarixçiləri var. Ermənistanda türkcə bilən çoxlu türkoloq var. Gəlsinlər, birlikdə oturaq, danışaq. Hrant Dinki də aradan götürən erməni diasporudur. Türkləri çətin vəziyyətə salmaq istəyirlər. Hrant Dink "ermənilər Xocalını işğal edib" deyirdi. Soyqırımı iddiası ilə bağlı "üçüncü ölkələri bu işə qarışdırmayın, bu Türkiyə ilə bizim məsələmizdir" deyirdi. Erməni diasporu Hrant Dinki öldürərək 3 iş gördü. Birincisi, Hrant Dinki aradan götürərək özünə müxalif olan birini aradan qaldırdı. İkincisi, Türkiyədə Ermənistana meylli bir qrup formalaşdırdı. Üçüncüsü türkü dünyaya pis mənada təqdim etdi. Bir daşla üç quş vurdular. Hrant Dinki öldürtdüyü deyilən Ərhan adlı gənc var, o deyir ki xalam ermənidir. Sürgün zamanı ana babası gətirib burada böyüdüb. Hrant Dinki öldürdüyü iddia edilən insanlar özləri deyir ki, biz əslən erməniyik. Ərhan həbsxanadan çıxandan sonra Hrant Dinkin qardaşının yaşadığı Bakırköy məhəlləsinə köçüb. Sən bu adamı öldürtmüsənsə, Bakırköydə nə işin var? Bu işin içində çirkin bir oyun var. Bu oyunun içinə girməmək, oyunu pozmaq lazımdır.
- Erməni terrorçular Türkiyənin 41 diplomatını şəhid ediblər. Dünyanın istənilən ölkəsində 41 diplomatı şəhid etsəydilər, bütün dünya bundan xəbər tutardı. Biz niyə bunu etmirik?
- Şəhid diplomatlarımıza Allah rəhmət eləsin. Biz Qarsda bir yürüş keçirdik. Həm şəhid diplomatımız Yılmaz Çolpanın ölüm günü idi, həm də ASALA-nı qınama mitinqi idi. 250 adamla Qarsın soyuğunda yürüdük. Daxili İşlər Nazirliyindən şəhid diplomatların ailə üzvlərinin ünvanlarını aldıq, onlara məktub yolladıq. Sürix protokolları imzalanan zaman Əlican sərhəd keçid məntəqəsinin açılması məsələsi xəttinin açılması məsələsi gündəmdə olarkən mən Türkiyə XİN-nə zəng elədim və dedim ki, əgər sərhəd açılarsa, 41 şəhidin şəklini gətirəcəyəm və nazirliyin qarşısında asacağam. Bizlərdən utanmırsınızsa, bunlardan utanın. Onlar dedilər ki, etmə, BU, yanlış olar. Mən dedim ki, Qarabağ qaytarılmayınca sərhəd açılarsa, bunu edəcəyəm.
- Törədilən cinayətlərin hamısının altında bir imza var - ASALA. Bu terror təşkilatı bu gün yenidən fərqli istiqamətdə təşkilatlanmağa başlayıb...
- ASALA ləğv olunmadı, 1984-cü ildə Livanda PKK ilə birgə mətbuata açıqlama verdilər. Bundan sonra Türkiyəyə qarşı birlikdə hərəkət edəcəklərini açıqladılar. Halaçoğlunun da dediyi kimi PKK daxilində güclü erməni lobbisi var. Halaçoğlu hətta 100-ə yaxın adını dəyişmiş kripto ermənilərin adını da açıqladı. Amerikada NEOASALA adlı təşkilat fəaliyyət göstərir. Yeni ASALA hazırda Suriyada təlim keçirir. Mən hətta təlim düşərgəsinin adını da açıqlamışam. Bundan başqa Amerika, Rusiya və Livanda təşkilatlanıblar. Mərmərədə gəmi məsələsindən sonra, İsraillə Türkiyənin münasibətləri gərginləşəndən sonra, İsrail də yeni ASALA-ya dəstək verir. Onlara düşərgələrdə sui-qəsd, kəskin nişançılıq, yolda asfaltın altına bomba yerləşdirmək, uzaqdan bomba partlatmaq, təxribat və qoruma öyrədilir. ASALA bitməyib, yenidən fəaliyyətə başlayıb. Bir neçə il bundan qabaq Azərbaycan və Türkiyə Xarici İşlər Nazirliklərinə Yeni ASALA imzalı təhdid məktubları gəldi. Bu məktubları göndərən bu təşkilatdır. Həmin təşkilat hətta Türkiyədə bəzi siyasi partiyalar daxilində özünə yuva qurub. Partiyaların ali şəxsləri onların adamlarıdır. Bu digər ASALA-ya bənzəmir. Çox təhlükəli bir şəbəkələşmə var. Fəaliyyətləri daha geniş miqyaslıdır. Əvvəlik ASALA kimi sadəcə hərbi deyil, həm də siyasi qanadı var. Sabah Azərbaycana da, Türkiyəyə də, Amerikaya da, başqa ölkəyə də siyasi anlamda sıza bilərlər. Bunların içərisində İrandakı ermənilər də var. Əslində bizim narahat olduğumuz məqamlardan biri İranda "erməni soyqırımı" abidəsinin olmasıdır. Orada İsfahanda "erməni soyqırımı" muzeyi var. Muzeyin bileti arxasında yazılır: "1915-ci ildə müsəlman bizi qırdı deyə bu muzey yaradılıb". Qonşu, müsəlman ölkə isə buna icazə verib. 2015-lə əlaqədar ermənilər hazırda İstanbulda iş aparırlar, vəqflər qurublar. HDP adlı partiyanın ali orqanında Türkiyə vətəndaşı olan erməni əslli insanlar var. Onlar soyqırımı müdafiə edirlər və narahat olduğumuz məqam odur ki, onlar 2015-ci ildə parlamentə soyqırımı ilə bağlı layihə təqdim edəcəklər.
- 2015-ci ildən digər gözləntiləriniz nədir?
- Biz bir millətiksə, bir diasporumuz olmalıdır. İrq birdir, biz isə bir millət, iki dövlətik. Dünyada Azərbaycan və türk diasporları birləşməli, bir hərəkət etməlidir. Əgər 2015-ci ildə Türkiyə torpaq, təzminat məsələsində uduzarsa, Azərbaycan da çətinliyə düşəcək. Azərbaycan diaspor məsələsində Əlican sərhəd xəttini, İğdırı unutmamalıdır. Sərhəd açılarsa, Azərbaycanın dünyada apardığı diaspor işi mənasız olar, çünki Ermənistan nəfəs alacaq. Ermənistan nəfəs aldıqdan sonra nə edirsən et, onunla bacarmaq olmayacaq. Bizi birlikdə çalışmalıyıq. Bizə güc lazımdır. Azərbaycan diasporunun dəstəyinə ehtiyacımız var. Qarabağ məsələsində isə Azərbaycanın güclü olması üçün biz ona dəstək verməliyik.
Türkiyədə ermənilərin 57 vəqfi, 21 məktəbləri, 15 dərnəkləri, 10 qəzet və dərgiləri var. Əl altından çox ciddi çalışırlar. Azərbaycanda Quba və Sumqayıtda da eyni hadisə baş vermişdi. Səhər hamı qalxdı ki ermənilər silahlanıb. Burada 70 minə yaxın qaçaq erməni var, məktəbləri var, uşaqlara dərs verirlər. Əgər biz qatiliksə, sənin qatilin evində nə işin var? Ermənistanda isə bir nəfər də müsəlman yoxdur.
Əslində məsələ erməni-türk məsələsi də deyil, əsas məsələ Şərq-Qərb mədəniyyətləri arasında qarşıdurmadır. Xaç yürüşü ilə üz-üzəyik. Qərb mədəniyyəti xaçlı, Şərq mədəniyyəti müsəlmandır. Avropaya ermənilərlə bağlı nə danışsaq da inanmayacaqlar. Çünki onlar xristian bir ölkəni qoyub, müsəlman ölkənin tərəfini tutmazlar. Ermənistan müsəlman olsaydı, Rusiya, Amerika, Avropa onun tərəfini bu qədər tutardımı? Türkiyədə Azərbaycan bayrağını tanımayanlar var. Azərbaycan Türkiyəni tək qoymamalıdır, təbliğat işini Qərb şəhərlərində deyil, məsələn Vanda gerçəkləşdirməlidir. Vanda 30 min azərbaycanlı var, 8 azərbaycanlı kəndi var. Diyarbəkirdə, Elazığda türkmənlər yaşayır. Biz onlardan dəstək almalıyıq, Qərbə getməklə əslində özümüzü aldadırıq. Bizim təbliğat ağarmalı olduğumuz yer əslində bu coğrafiyadır.
Milli.Az