Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə bu gün səhər Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 22 il ötür
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilmiş, "Əbədi məşəl" önünə əklil qoyulmuşdur. Torpaqlarımızın azadlığı uğrunda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının qardaşlıq məzarı önünə gül dəstələri düzülmüş, Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 22-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Əvvəlcə Daxili Qoşunların Döyüş Bayrağı təntənəli şəkildə salona gətirilmişdir. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-mayor Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib, ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunduğunu xatırladıb.
Qeyd olunub ki, ötən illər ərzində Daxili Qoşunlar ölkənin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanıb, 268 nəfər itkin düşüb, 9 əməkdaş Milli Qəhrəman adına layiq görülüb.
Ş.Məmmədov bildirib ki, Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqətindən kənarda qalmayıb, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Daxili Qoşunların şəxsi heyətini peşə bayramları münasibəti ilə təbrik edib və bildirib ki, ölkə Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı olaraq inkişaf prosesi gedir.
Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Nazir ümummilli lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla xatırladıb. Cənab Ramil Usubov vurğulayıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim ali diqqət və qayğı göstərir: "Məhz möhtərəm dövlət başçısının tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilib".
Cənab Ramil Usubov yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Azərbaycanın onu gözləyən təhlükələrdən qurtulduğunu diqqətə çatdırıb.
Xüsusi qeyd edilib ki, məhz ümummilli liderimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğunda aparılan islahatlar Daxili Qoşunların da müasir beynəlxalq standartlar səviyyəsində formalaşması üçün möhkəm təməl yaradıb. Onun imzaladığı tarixi fərman və sərəncamlar hərbi xidmətin və döyüş hazırlığının yüksəlməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi, hərbçilərin sosial təminatının yaxşılaşması ilə nəticələnib, Qoşunların idarə edilməsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Nazir deyib ki, bu siyasəti uğurla davam etdirən möhtərəm dövlət başçımızın Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Ölkəmizin rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.
İstənilən cəmiyyətdə hər hansı tərəqqinin, inkişafın əsasında dayanan əsas amillərdən birinin daxili sabitlik və təhlükəsizlik faktorunun olduğunu xatırladan nazir Daxili Qoşunların torpaqlarımızın qorunmasında fədakarlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini və sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olan bir quruma çevrildiyini məmnunluqla vurğulayıb. Təsadüfi deyil ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə hərbi hissələrdə olması, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanması Daxili Qoşunların sıralarında xidmət edən hər bir hərbi qulluqçunun döyüş əzminin yüksəlməsinə stimul verir, onların Vətənə, xalqa xidmət əzmini daha da artırır. Qeyd olunub ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini tələb edir.
Çıxışının sonunda daxili işlər naziri ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da qarşıda duran bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Ali Baş Komandana sədaqətli xidmətini davam etdirəcək.
Daha sonra Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi Sərəncamlar, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunlar komandanın imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni rütbələrin paqonları təqdim edilib.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.
Milli.Az