Siyasət

Bakıda "Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu" mövzusunda Beynəlxalq simpozium işə başlayıb - FOTO

18 Oktyabr 2012 00:46
Baxış: 993
Oktyabrın 17-də Bakıda "Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır.

AzərTAc xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyəti və Fransanın Yahad-İn-Unum Assosiasiyasının birgə təşkil etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ölkə alimləri iştirak etmişlər.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, beynəlxalq simpozium Azərbaycanın İkinci Dünya müharibəsində roluna həsr olunmuşdur. Elm tariximizdə, hətta dünya tarixşünaslığında ilk dəfədir ki, Qafqazda Holokostun önlənməsində Azərbaycanın və xalqımızın rolu məsələsi müzakirə edilir. Bu, dünya miqyaslı bir məsələdir. Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya və Almaniyadan mütəxəssislərin iştirak etdikləri simpoziumda həmin müharibədə əziyyət çəkmiş xalqların taleyindən, onların Azərbaycanda xilasından geniş söhbət açılacaq, bu mövzuda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaqdır.

Simpoziumun əhəmiyyətindən danışan T.Heydərov demişdir ki, bu tədbirin həm indiki dövr, həm də gələcək üçün mühüm tarixi əhəmiyyəti vardır. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağda törədilən qırğınlarla bağlı gələcəkdə aparacağımız araşdırmalara böyük köməyi olacaqdır. Bildiyiniz kimi, Holokost dünyada beynəlxalq cinayət aktı kimi tanınmışdır. Bu faciənin tanınması üçün böyük lobbiçilik işləri aparılmışdır. İnanıram ki, dünyadakı Azərbaycan lobbisi də soydaşlarımızın məruz qaldıqları kütləvi qırğınların, soyqırımlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində fəaliyyətlərini gücləndirəcək və onların Azərbaycan həqiqətlərinə düzgün qiymət verməsinə nail olmaqla, bu işə öz töhfəsini verəcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, İkinci Dünya müharibəsi bəşəriyyətin ən qanlı, ən dəhşətli, ən fəlakətli müharibəsi olaraq tarixə düşmüşdür. Bu dəhşətli müharibənin başa çatmasından bizi 67 il ayırır. Ötən müddətdə dünyanın müxtəlif sənət sahibləri - tarixçilər, siyasətçilər, filosoflar, politoloqlar bu müharibənin müxtəlif aspektlərini araşdırmışlar. Faşist Almaniyasının milli, dini, irqi ayrı-seçkilik və üstünlük ideologiyası əsasında başlanmış müharibənin bəşəriyyətə gətirdiyi fəlakətlər, onun səbəbləri, gedişi, qalib gələcəyi təqdirdə bəşəriyyətin taleyinin necə olacağı məsələləri tədqiq edilmişdir.

Tarixdə bu dərəcədə qanlı müharibənin baş vermədiyini bildirən Əli Həsənov demişdir ki, İkinci Dünya müharibəsindən 100 il də keçsə, bəşəriyyət bu müharibəni araşdıracaq, ondan ziyan çəkmiş xalqları, millətləri yada salacaqdır. Biz tarixi ona görə öyrənirik ki, gələcəkdə bu cür hadisələr təkrar olunmasın. Keçmiş, bu gün və gələcək arasında körpü insanlığa ona görə lazımdır ki, o, keçmişdə yol verdiyi səhvləri gələcəkdə təkrar etməsin, gələcəyini qurarkən keçmişin səhvlərini nəzərə alsın.

Qeyd edilmişdir ki, bu gün də öz milli maraqlarını, milli mənafelərini başqa xalqların taleyi üzərində qurmağa cəhd göstərən dövlətlər, ideologiyalar, siyasi partiyalar vardır. Bizi İkinci Dünya müharibəsinin dəhşətlərindən cəmi 67 il ayırsa da, bəzi qüvvələr, bəzi dövlətlər hələ də həmin müharibənin fəlakətlərindən lazımi nəticə çıxarmamışlar. İkinci Dünya müharibəsində baş vermiş qanlı hadisələrdən biri də Holokost faciəsidir. Amma bu müharibə təkcə bu faciə ilə yadda qalmamışdır. Xatın faciəsi, alman düşərgələrində törədilmiş qanlı cinayətlər, 30-40 milyon insanın məhv edilməsi bu müharibənin bəşəriyyətə yaşatdığı dəhşətlərdir.

Bildirilmişdir ki, o müharibə illərində Azərbaycanda cəmi 3,2 milyon əhali yaşayırdı və onların hər beş nəfərindən biri alman faşizminə qarşı müharibədə ön cəbhədə iştirak etmişdir. O illər Azərbaycan, eyni zamanda, faşist Almaniyasının işğal etdiyi ölkələrdən qaçqın düşmüş, ölümdən canını qurtarmış insanlara da qucaq açmışdır. Həmin insanların bir qismi də bu gün müasir müstəqil Azərbaycanın vətəndaşları olan yəhudilər idi. Azərbaycan həmin dövrdə nəinki keçmiş sovetlər məkanında, hətta Yaxın və Orta Şərqdə təqibə məruz qalmış yəhudilərin toplaşdığı, məskunlaşdığı respublika idi. Xalqımız həmişə özünün tolerantlığı, genişqəlbliliyi və insanpərvərliyi ilə seçilmişdir.

Biz yəhudi vətəndaşlarımızla fəxr edirik, onların müvəffəqiyyətlərinə sevinirik. Yəhudilər Azərbaycan xalqı ilə çiyin-çiyinə verərək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etmiş və edirlər. Azərbaycan özü də həm İkinci Dünya müharibəsi dövründə, həm də ondan sonrakı dövrdə etnik, dini və milli ayrı-seçkilik üzərində qurulmuş siyasətin qurbanı olmuşdur. Zamanın müxtəlif dövrlərində milli mənsubiyyətinə, müsəlman, türk olduğuna görə xalqımızın nümayəndələrinə qarşı soyqırımı törətmiş ermənilər haqqında dünya kifayət qədər məlumatlı deyildir. Azərbaycanın Xocalı şəhərində kimsəyə aman vermədən bir gecənin içində 613 insanı qətlə yetirmiş ermənilər ilə Holokost faciəsini törətmiş faşistlər arasında heç bir fərq yoxdur.

Ə.Həsənov vurğulamışdır ki, Azərbaycan Respublikası özünün tolerantlığı ilə qürur duyur və fəxarət hissi keçirir. Azərbaycan dövlətinin və xalqının ideologiyası ondan ibarətdir ki, etnik, milli, dini ayrı-seçkilik üzərində qurulmuş ideologiyaya qarşı biz etnik, milli, dini tolerantlıq ideologiyasını qoyuruq. Respublikamızda yaşayan bütün xalqların nümayəndələri bizim ümumi mədəniyyətimizin sintezini təşkil edir. Bütün bu xalqlar Azərbaycan dövlətçiliyi ilə qürur duyur və azərbaycançılıq ideologiyası ətrafında birləşmişlər. Onlar Azərbaycan dövlətini öz dövlətləri, sərvətini öz sərvəti sayır, xalqımızın kədərini, sevincini bölüşürlər.
Qeyd olunmuşdur ki, bugünkü tədbirdə iştirak edən yerli və xarici ölkə alimləri İkinci Dünya müharibəsinin ideologiyasını, fəlakətlərini, insanlığa yaşatdığı dəhşətləri təkrar-təkrar öyrənməlidirlər. Xalqların, dövlətlərin xoşbəxtliyi heç də onların tutduqları ərazilərin böyük-kiçikliyi ilə ölçülmür. İndi xalqların, insanların həyatını tolerantlıq, qlobal proseslərə, çağırışlara, təbiətin insanlara yaşatdığı problemlərə qarşı birgə mübarizə, bütün resursların hamı tərəfindən sivil şəkildə istifadə edilməsi ideologiyası təşkil etməlidir. Qlobal çağırışlar bizi bütün bunlar ətrafında birləşməyə səsləyir. İnsanlar hamılıqla bəşəriyyəti təhdid edən bütün mənfi hallardan xilas olmalıdırlar.

Tədbirdə Yahad-İn-Unum Assosiasiyasının prezidenti Patrik Desbois, Holokost Ətraflı Araşdırmalar Mərkəzinin direktoru Pol Şapiro Holokost faciəsi və bu faciə ilə bağlı aparılan tədqiqatlardan, görülən işlərdən danışmışlar.

Sonra "SSRİ-nin və Almaniyanın İkinci Dünya müharibəsi dövründə Qafqaz siyasəti", "Azərbaycan və İkinci Dünya müharibəsi", "Qafqazda yəhudilərin qırğını və xilası" mövzularında bölmə iclaslarında Azərbaycan və xarici ölkə alimlərinin məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

Simpozium oktyabrın 18-də işini davam etdirəcəkdir.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.