Siyasət

"Türkiyənin Pakistana hərbi yardım göstərməsi istisna edilmir"

1 May 2025 21:22
Baxış: 577
Türkiyə Milli Müdafiə Nazirliyi Pakistana silah göndərilməsi barədə iddiaları təkzib edib.

Bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O, bildirib ki, Türkiyənin Pakistana altı təyyarə ilə silah göndərməsi iddiaları həqiqətə uyğun deyil:

"Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib. Daha sonra təyin olunmuş marşrut üzrə hərəkətini davam etdirib".
Z.Aktürk vurğulayıb ki, Türkiyə Milli Müdafiə Nazirliyi Cənubi Asiyada sabitliyi təhdid edən və regional təhlükəsizliyi ciddi şəkildə pozan Pakistan-Hindistan gərginliyini böyük narahatlıqla izləyir:

"Aydındır ki, iki ölkə arasında artan gərginliyin beynəlxalq təsirləri ola bilər. Ona görə də Hindistanın məsuliyyətli davranması, gərginliyi artıra biləcək addımlardan qaçması, beynəlxalq hüquq və diplomatiya çərçivəsində hərəkət etməsi mütləqdir".
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, Türkiyə Cənubi Asiyada qeyri-sabitlik yaradan hər cür təxribata qarşı çıxmağa davam edəcək.
 
Milli.Az xəbər verir ki, mövzunu siyasi ekspert Kənan Novruzov şərh edib:
 
"Məlum olduğu kimi, Pakistanla Hindistan arasında münasibətlər bir neçə gündür gərgindir. Tərəflər arasında genişmiqyaslı eskalasiya ehtimalı var. Bu, bəşəriyyət üçün ciddi təhlükə olmaqla yanaşı, həm də nüvə müharibəsini real təhlükəyə çevirir.
 
Z.Akürkün açıqlamasında diqqət çəkən bir neçə məqam var. Birincisi, məhz Türkiyənin Pakistana hərbi yardım göndərmək iddiaları ilə bağlıdır. Bu iddiaların nə qədər doğru olduğunu demək çətindir. Hətta doğru deyilsə belə, indiki məqamda müəyyən güclər rəsmi Ankaraya qarşı kampaniya üçün belə iddiaları ortaya ata bilərlər.
Ola bilsin, Türkiyə hələlik Pakistana silah göndərməyib. Amma gərginlik davam edərsə, Türkiyənin Pakistana hərbi yardım göstərməsi heç də istisna deyil. Rəsmi Ankara İslamabadı dəstəklədiyini açıq - aydın bildirib.
Nazirliyin rəsmisi də bunu qeyd edib. Əlbəttə, Türkiyə gərginliyin artmasında maraqlı deyil. Yəqin ki, Ankara bunun üçün diplomatik səylər də nümayiş etdirəcək. Amma əgər eskalasiya genişlənərsə, Türkiyə həm İslam Əməkdaşlıq Təşkilatındakı müttəfiq kimi, həm də ikitərəfli əlaqələri nəzərə alaraq Pakistana lazımi dəstəyi göstərməkdən çəkinməyəcək. Bu baxımdan Türkiyənin hərbi baxımdan da proseslərə müdaxilə etməsi istisna deyil. Amma bu, yalnız diplomatiyanın nəticə verməyəcəyindən əmin olduqda baş verəcək".
Asya
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.