Siyasət

Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır

1 Oktyabr 2024 10:45
Baxış: 916

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Oktyabrın 4-dək davam edəcək payız sessiyasında yenə "Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr" aparılacaq.

Strasburqda, beləcə, yeni tragikomediya, aşkar ermənipərəst deputatların çıxış edəcəkləri şou yaşanır.

Son illər Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan üzərində təzyiq göstərmək cəhdlərində təəccüblü bir israr nümayiş etdirib. Geosiyasi dəyişikliklər və uzun illər davam edən Qarabağ münaqişəsinin həlli fonunda assambleya nümayəndələri açıq-aydın subyektiv və qeyri-düzgün mövqe tutaraq, vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışırlar. Bu səylər əvvəlcədən uğursuzluğa məhkumdur, çünki Azərbaycan, milli maraqlarına əsaslanaraq, artıq çoxdan müstəqil və sərbəst siyasət yürütmə qabiliyyətini sübut edib və xarici təzyiqlərə boyun əymir.

AŞPA: gündəmlə manipulyasiya vasitəsilə təzyiq cəhdi

AŞPA-nın Azərbaycana qarşı təzyiq göstərmək üçün növbəti cəhdi dünən Strasburqda başlayan payız sessiyası çərçivəsində özünü göstərdi. Ayrı-ayrı nümayəndələrin etirazlarına baxmayaraq, "Azərbaycanda insan haqlarının, qanunun aliliyinin və demokratiyanın pisləşməsi" mövzusunda müzakirələr gündəliyə daxil edildi.

Bu mövzunun müzakirəyə çıxarılması 81 deputatın dəstəklədiyi, 33-ünün əleyhinə səs verdiyi və 5 nəfərin bitərəf qaldığı bir səsvermə nəticəsində qərara alındı.

Plenar iclas zamanı Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan nümayəndələrinin olmadığı halda bu mövzunun müzakirə edilməsinin absurdluğunu və məqsədəuyğun olmadığını vurğuladı. O, bu vəziyyətin müzakirəsi üçün yeni seçilmiş Azərbaycan parlamenti ilə birbaşa əlaqə qurmağı təklif etdi. Lakin bu təklif əksəriyyət səsverməsi ilə rədd edildi və AŞPA-nın qərarlarının birtərəfli xarakter daşıdığını bir daha sübut etdi.

Azərbaycana qarşı yalan və siyasi oyunlar

Azərbaycanla AŞPA arasında münasibətlərin gərginləşməsi 2024-cü ilin yanvar ayında başladı, o zaman assambleya Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləmədi, sentyabr ayında isə Bakının təşkilat çərçivəsində fəaliyyətini dayandıran sanksiyalar tətbiq edildi. Bir çox müşahidəçiyə görə, bu qərar insan hüquqları məsələləri ilə deyil, siyasi motivlərlə diktə olunub.

Həmin sanksiyaların səbəbi 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun uğurlu antiterror əməliyyatı ilə bağlıdır ki, bu da Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur üzərində tam suverenliyinin bərpa olunmasına gətirib çıxardı. Bu uğur AŞPA daxilində müəyyən qüvvələrin planları ilə üst-üstə düşmürdü, onlar, görünür, münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı idilər. Azərbaycanın Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "AŞPA rəhbərliyində olanlar dövlətləri dirijor çubuğu ilə idarə etməyə çalışırlar". Lakin Bakı başqalarının qaydalarına uyğun oynamır və bu, öz şərtlərini diktə etməyə çalışanları qıcıqlandırır.

Azərbaycanın müstəqil xarici siyasəti

Azərbaycanın mövqeyi aydın və qətiyyətlidir: ölkə milli maraqlarına əsaslanan müstəqil xarici siyasətini davam etdirəcək. AŞPA-nın öz gündəmini Azərbaycan üzərinə zorla qəbul etdirmək cəhdləri bu siyasətin dəyişməsinə səbəb olmayacaq, əksinə, Azərbaycanın suverenliyini və müstəqilliyini daha da möhkəmləndirir.

Ölkəmizə təzyiq göstərmək əslində ölkənin siyasi sabitliyini sarsıtmaq cəhdidir. Ancaq Bakı xaricdən diktə ediləcək şərtlərin keçərli olmadığı bir paytaxtdır. Bu qarşıdurmaya nümunə kimi Azərbaycanın BRİCS kimi alternativ beynəlxalq təşkilatlarda iştirakını aktivləşdirmə cəhdini göstərmək olar. Sözügedən addım ölkənin yeni əməkdaşlıq formatları axtarmağa və beynəlxalq statusunu möhkəmləndirməyə hazır olduğunu nümayiş etdirir.

COP29: Azərbaycana Beynəlxalq Təzyiq

Azərbaycana qarşı təzyiqlərin güclənməsinin əsas amillərindən biri ölkədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) keçirilməsi ilə bağlıdır. Bakı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdikcə ölkədə vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr fəallaşır. Həmin təzyiqlər koordinasiya olunmuş şəkildə aparılır ki, bunu Avropa Parlamenti, AŞPA və ABŞ Konqresi arasında sinxron hərəkətlər də təsdiq edir.

COP29 kimi tədbirlər Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməyə imkan yaradır və bu, Bakının təsir dairəsini məhdudlaşdırmaq istəyən müəyyən dairələrdə narahatlıq yaradır. Ölkəyə göstərilən təzyiqin məqsədi onun beynəlxalq imicini zəiflətmək və dünya səhnəsində mövqelərini sarsıtmaqdır.

AŞPA-nın yeni, başabəla sədri

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədri Teodoros Rusopulos vəzifəyə gəldiyi ilk andan etibarən Azərbaycanla bağlı son dərəcə qərəzli, subyektiv və məntiqsiz mövqe nümayiş etdirdi. Onun fəaliyyətləri və bəyanatları regionda gərginliyi artırdığına görə ciddi narahatlıq doğurur və Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırır.

A.Rusopulosun qeyri-obyektiv yanaşmasının ən parlaq nümunələrindən biri onun yalnız Azərbaycana qarşı yönəlmiş qərəzli qətnamələrin irəliləməsinə fəal şəkildə dəstək verməsi oldu. Məsələn, o, son bəyanatlarında "təcavüzə son qoyulması" və "Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının qorunması" zərurətini dəfələrlə vurğulamış, Azərbaycanın beynəlxalq normalara uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini və Qarabağ münaqişəsinin 2020-ci ildə müharibə nəticəsində həll olunduğunu tamamilə gözardı etmişdi.

Halbuki Azərbaycan öz ərazilərində nəzarət etmək hüququna tam malikdir və bunu BMT qətnamələri (822, 853, 874 və 884) də təsdiq edir. Bu qətnamələr açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirdi. Fəqət Rusopulos öz çıxışlarında onilliklər ərzində Azərbaycanın torpaqlarının qeyri-qanuni işğalını və Qarabağ ermənilərinin Ermənistanın işğalı altında yaşadığı, Azərbaycanın vətəndaşlıq hüquqlarının pozulmasını heç vaxt qeyd etmir.

Bundan başqa, AŞPA sədri insan haqları məsələsi ilə bağlı manipulyasiyalara əl atsa da, o, 1992-ci ildə erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı kimi kütləvi cinayətləri qətiyyən dilə gətirmir. 600-dən çox azərbaycanlının amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən bu faciəvi hadisələr Rusopulosun diqqətindən kənarda qalır, bu isə onun obyektivliyinə şübhə yaradır.

Rusopulosun "Dağlıq Qarabağda humanitar fəlakət" haqqında bəyanatları Azərbaycanın sülh prosesini dəstəklədiyi və Qarabağ erməni əhalisinə humanitar yardım təklif etdiyi çoxsaylı faktlar fonunda absurd səviyyəsində yalan və qərəz təsiri bağışlayır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, bütün Azərbaycan vətəndaşları, etnik mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqlara malikdir, bu, Qarabağdakı erməni əhalisinə də aiddir. Di gəl, AŞPA sədri bu faktları etiraf etməkdən yayınır və onun açıqlamaları şübhəli xarakter alır.

A.Rusopulos bir çıxışında deyib: "Biz ədalət uğrunda mübarizəsində Ermənistanı dəstəkləməliyik." Bu fikir son dərəcə təhlükəlidir, çünki Ermənistanı hərbi addımlar atmağa və revanşist hərəkətlərə təhrik edir.

AŞPA sədrinin mövqeyi regional sabitlik üçün ciddi nəticələrə gətirib çıxara bilər. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanda məğlubiyyətlə barışmaq istəməyən revanşist qüvvələr daha da aktivləşib. Rusopulos, barışıq və konstruktiv dialoq əvəzinə, bu qüvvələri dəstəkləməklə onları hərbi hərəkətlərə sövq edir. Bu, olduqca təhlükəli bir siqnaldır və Ermənistanı münaqişəni yenidən alovlandırmağa məcbur edə bilər.

Teodoros Rusopulosun fəaliyyətləri Cənubi Qafqazda gərginliyin yeni mərhələsinə səbəb ola bilər. Ermənistanda revanşist əhval-ruhiyyənin dəstəklənməsi və Azərbaycana qarşı birtərəfli ittihamlar regionda sabitliyin pozulmasına gətirib çıxarır. AŞPA kimi Avropa strukturları əksinə, münaqişənin sülh yolu ilə həllinə və regional təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etməlidir. Lakin Rusopulosun mövqeyi bu məqsədlərə ziddir və bununla bağlı fəlakətli nəticələr qaçılmaz ola bilər.

Bir sözlə - AŞPA-nın yeni sədri Teodoros Rusopulosun Azərbaycanla bağlı subyektiv və qərəzli mövqeyi beynəlxalq institutlara olan etimadı sarsıdır və Cənubi Qafqazda yeni münaqişə dalğasına yol aça bilər. O, barışıq və dialoqa dəstək vermək əvəzinə, Ermənistanda revanşist qüvvələri dəstəkləyir və bu da regional təhlükəsizlik üçün ciddi risklər yaradır. Beynəlxalq ictimaiyyət bu təhlükəli tendensiyaya diqqət yetirməli və vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün addımlar atmalıdır.

Azərbaycan və AŞPA-nın gələcəyi

Hazırkı vəziyyəti təhlil edərkən tam əminliklə demək olar ki, AŞPA-nın Azərbaycana qarşı atdığı addımlar perspektivsizdir. Bakı üzərinə göstərilən təzyiq daha çox əks effekt yaradır. Bu, bumeranq kimi, bu cür tədbirlərin təşəbbüskarlarına geri dönərək onların beynəlxalq arenadakı nüfuzuna zərbə vurur.

Prezident İlham Əliyev media qarşısında çıxış edərək vurğulayıb: "Azərbaycan güclü və müstəqil dövlətdir, heç kim bizə təzyiq göstərə bilməz". Bu sözlər Azərbaycanın beynəlxalq arenadakı real addımları ilə dəstəklənir və ölkənin öz yoluna qətiyyətlə davam etdiyini göstərir. Azərbaycan ona zorla qəbul etdirilməyə çalışılan xarici qaydalara boyun əymir.

AŞPA nə qədər debatlar aparıb qətnamələr qəbul etsə də, bu addımların Azərbaycana təsiri minimal olacaq. Əksinə, bu addımlar Azərbaycan xalqında narazılıq yaradır, çünki insanlar xarici qüvvələrin öz maraqları naminə ictimai rəy üzərində manipulyasiya cəhdlərini açıq şəkildə görürlər.

Nəticədə, AŞPA-nın Azərbaycana təzyiq göstərmək cəhdləri nə qədər güclü olursa, Bakı bir o qədər müstəqil olur. Bu strategiya təkcə uğursuzluqla nəticələnmir, eyni zamanda Azərbaycanın xarici siyasətinə yeni üfüqlər açır və onun beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir. Azərbaycan artıq sübut edib ki, o, xarici manipulyasiyalara boyun əymir və öz xalqının dəstəyi və dövlət suverenliyinə arxalanaraq öz yolunu davam etdirəcək.

Azərbaycan dəfələrlə xarici təzyiqlərə boyun əymədiyini və öz yolunu inamla davam etdirdiyini göstərmişdir. Ölkənin milli maraqların qorunmasına yönəlmiş müstəqil xarici siyasəti, beynəlxalq təşkilatların təzyiq cəhdlərinə baxmayaraq, öz effektivliyini sübut edib.

Bu hadisələrin fonunda tam əminliklə demək olar ki, AŞPA-nın Azərbaycanın daxili siyasətinə təsir göstərmək cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur. Azərbaycan əvvəllər olduğu kimi, suverenliyini və müstəqilliyini qətiyyətlə müdafiə edəcək, beynəlxalq ictimaiyyətə sübut edərək göstərir ki, ölkə xarici manipulyasiyaların və təzyiqlərin obyekti deyil.

Ədalət və bərabərlik prinsiplərinə əsaslanan təşkilat kimi AŞPA-nın gələcəyi, əgər o, ikili standartlar siyasətini davam etdirərsə, ciddi sual altına düşəcək. Digər tərəfdən, Azərbaycan qətiyyətlə öz müstəqilliyini və milli maraqlarını beynəlxalq arenada müdafiə edərək öz yoluna davam edəcək.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.