Siyasət

Paşinyan Azərbaycanı haqlı çıxardı - Bəs sözdən işə nə vaxt keçəcək?

16 Sentyabr 2023 17:11
Baxış: 1 450

"Ermənistan Qarabağ problemini erməni arqumentləri ilə həll edə bilməz və edə bilməyəcək".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan srağagün parlamentin hökumət saatında "Ermənistan" fraksiyasından olan deputat Qeqam Manukyanın "Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyi ilə bağlı erməni arqumentləri varmı" sualını cavablandırarkən deyib.

"Əslində sualınız artıq sizə cavab verir. Bu, istər müxalifət, istərsə də iqtidar olmağımızdan asılı olmayaraq, hamımız üçün ümumidir. Biz uzun illərdir ki, "erməni arqumenti" anlayışından istifadə etmişik və Qarabağ problemini bu konsepsiya çərçivəsində həll etməyə çalışmışıq. Təəssüf ki, Qarabağ probleminin erməni arqumentlərilə həll edilməyəcəyini dərk etməmişik. Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq arqumentlər və hüquqi qüvvəyə malik qərarlar var. Biz inanırdıq ki, erməni arqumentləri ilə onları zəiflədə, üstələyə, ləğv edə bilərik", - Paşinyan bildirib.

"Problem ondadır ki, biz heç bir məsələni erməni arqumentləri ilə həll edə bilmərik, bu gün də heç bir məsələni həll edə bilmərik və edə bilməyəcəyik. Əgər bu mümkün olsaydı, müxalifət vaxtında məsələni həll edərdi və məsələ bu günə qədər gəlməzdi", - baş nazir bəyan edib.

Danışıqlar zamanı Azərbaycana problemi müharibəsiz həll edəcəyinə dair ümid vermək lazım olduğunu bildirən Ermənistanın ikinci prezidenti Robert Köçəryanın bəyanatına toxunan Nikol Paşinyan qeyd edib ki, yeni hakimiyyət Azərbaycana ümid verə bilməzdi, çünki ümid vermək üçün imkanlar artıq tükənmişdi. "Biz hakimiyyətə gələndə artıq verdiyiniz ümidləri doğrultmağın vaxtı çatmışdı. Bütün məsələ budur", - Paşinyan deyib.

Qeyd edək ki, Ermənistan rəhbəri az öncə ölkənin konstitusiyasını, hətta gerbini tənqid etmiş, bunu Ermənistanın varlığına və təhlükəsizliyinə təhlükə yaratdığını söyləmişdi.

Xatırladaq ki, kapitulyant ölkənin hazırkı konstitusiyasına görə, keçmiş DQMVdə Ermənistan ərazisidir. Orada həmçinin qardaş Türkiyəyə torpaq iddiaları ("Qərbi Ermənistan" - 6 vilayət) əksini tapıb.

Bəs Paşinyan nə vaxt sözdən əmələ keçəcək? Bu açıqlamalar yalnız daxili auditoriyaya ünvanlanıb, yoxsa səmimidir və sadəcə Paşinyana dediklərini həyata keçirməyə imkan verilmir?

Politoloq Oqtay Qasımov "Yeni Müsavat"a bildirdi ki, Nikol Paşinyanın "Ermənistan Qarabağ problemini erməni arqumentləri ilə həll edə bilməz və edə bilməyəcək" fikirləri reallığın etirafıdır: "Paşinyan 5 ildir hakimiyyətdədir və bütün reallıqları çılpaqlığı ilə dərindən bilir və məhz ermənilərin xəyalları, arzuları ilə bu prosesin irəli getməyəcəyini, Qarabağın Ermənistana birləşdirilməsinin, Azərbaycandan qoparılmasının imkansızlığını dəqiq bilir. Ona görə də Nikol Paşinyan bu fikirləri paralment kürsüsündən səsləndirir.

Bu fikirləri səsləndirməklə onun bir neçə məqsədi var. İlk olaraq o, Ermənistan cəmiyyətinə, xüsusilə də savaş tərəfdarı olan, "Miatsum" ideyası ilə zəhərlənmiş təbəqəyə mesajlar ötürür və onları gerçəkliklərlə barışmağa, realıqları qəbul etməyə sanki dəvət edir. Bir formada onlara izah etməyə çalışır ki, bu düşüncələrlə, bu xətlə, bu xəyallarla Ermənistan heç vaxt heç bir müsbət nəticə əldə etməyəcək. Digər bir məqam Paşinyan bu fikirləri səsləndirməklə və uzun illər hakimiyyətdə olmuş indiki müxalifətin deputatına cavab verərkən bu arqumentlə onları susduraraq müxalifətin əlindəki təbliğat tezislərini alt-üst etməyə çalışır.

Baş nazir göstərməyə çalışır ki, Ermənistan müxalifəti, revanşist qüvvələr hakimiyyətdə olduqları illərdə cəmiyyəti aldatmaqla məşğul olublar və indi də eyni addımları atırlar, cəmiyyəti aldadırlar. Nikol erməni xalqına başa salmağa çalışır ki, bugünkü müxalifət pafoslu şüarlarla vaxtı uzadaraq Ermənistanı indiki ağır vəziyyətə gətirib çıxaran əsas səbəbkarlardır. Yəni o, məsuliyyəti keçmişdə hakimiyyətdə olan hazırkı müxalifətin üzərinə yükləyir. Paşinyanın bütün bu fikirləri gerçəklərdir və bu fikirlərdə səmimilik dərəcəsi çoxdur. O, reallıqları söyləyir və daxili auditoriyanı da qarşıdakı proseslərə hazırlamağı düşünür.

Sual oluna bilər ki, Paşinyan özü bu reallıqları bildiyi halda neçə vaxtdır reallıqların diktə etdiyi addımları atmır. Burada incə bir məqam var. Bəli, Ermənistan cəmiyyətində əhəmiyyətli kəsim Qarabağı Azərbaycanın tərkibində görə bilmir, yaxud görmək istəmir və nəzərə alsaq ki, Ermənistan konstitusiyasında, həmçinin Müstəqillik haqqında Bəyannaməsində bu müddəalar öz əksini tapıb, ona görə də Paşinyanın addımlar atması üçün müəyyən çətinliklər var. Digər tərəfdən Nikol Paşinyan bütün siyasi liderlərdən bu məsələdə fərqli fikirlər səsləndirsə də eyni zamanda, o da həmin cəmiyyətin, həmin mühitin övladı olduğu üçün bu istiqamətdə konkret və konstruktiv addımlar atmır, addım atmaqdan çəkinir, özünün tənqid etdiyi düşüncənin bir daşıyıcı olduğunu ortaya qoyur. Belə ki, o da vaxtı uzatmaqla hansısa bir əlverişli məqamın yaranmasını gözləməyə çalışır və proseslərin Ermənistanın xeyirinə nə zamansa həll olunacağını düşünür. Odur ki, Nikol Paşinyan digərlərindən fərqlənsə də prosesi uzatmaqda, əlverişli bir zamanı gözləməkdə onu tənqid eləyən müxalifətçilər və revanşist qüvvələrdən çox da fərqlənmədiyini görürük".  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.