Siyasət

İstənilən təxribat Ermənistana baha başa gələcək

15 Avqust 2022 16:34
Baxış: 750

Prezident İlham Əliyev İsmayıllıda Azərbaycan Televiziyasına verdiyi müsahibədə son günlər Qarabağda baş verən düşmən təxribatı, işğaldan azad edilmiş torpaqlarda görülən yenidənqurma işləri, "Qisas" əməliyyatı və onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat verdi. Dövlət başçısı həmçinin Qarabağda yaşayan ermənilərə çıxış yolu göstərib, Ermənistan rəhbərliyinə kəskin xəbərdarlığını ünvanladı. 

İlham Əliyev bəyan etdi ki, Azərbaycan hər zaman şəhidinin qanını yerdə qoymayıb və son "Qisas" əməliyyatı da bunu bir daha təsdiqlədi. Əgər düşmən növbəti təxribata əl atsa, Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməyəcək. 

Ermənilər  sülhün tezliklə bərqərar olunması istiqamətində addımlar atmalıdırlar

Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycan Prezidentinin bu xəbərdarlığından həm Ermənistan rəhbərliyi, həm revanşist qüvvələr, həm də Qarabağda yaşayan ermənilər dərs almalıdırlar. Əks təqdirdə Azərbaycan öz gücünə istədiyi məsələni həll edəcəkdir.

Azərbaycan Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyinə zəmanət verir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qeyd edir ki, Prezidentin müsahibəsində xəbərdarlıq notları ilə yanaşı, sülh, qayıdış və reinteqrasiya məsələləri də var. 

Deputat qeyd etdi ki, avqustun 3-də aparılan "Qisas" əməliyyatında əsl niyyət sülhdür, eyni zamanda burada şəhidimizin intiqamının alınması da var idi. Bütün bu əməliyyat strateji məqsədlərə çatılması üçün idi ki, onların da nədən ibarət olduğu heç kimə sirr deyil: "Biz istəyirik ki, regionda dayanıqlı sülh yaransın. Dayanıqlı sülhün yaranması üçün də Azərbaycan torpaqlarında qanunsuz silahlı birləşmələrin varlığına son qoyulmalı, ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əks halda nə baş verə biləcəyini artıq avqustun 3-də "dəmir yumruğ"un təsirini unudanlar təkrar görməli oldular". 

Sahib Alıyev deyir ki, Prezidentin müsahibəsində ən çox diqqət yetirilməli iki məqam var. Onlardan biri odur ki, Qarabağda yaşayan Rusiyanın hərbi kontingentinin  müvəqqəti nəzarəti altında olanlar artıq Ermənistanın onların təhlükəsizlik və hüquqlarını təmin edə bilmədiklərini görürlər. 

Yeni Laçın yolunu salan soydaşlarımızla ətraf kəndlərdə yaşayan ermənilərin ünsiyyətinə toxunan dövlət başçısı qeyd etdi ki, onlar bizim yol çəkənlərə - inşaatçılara təşəkkürlərini bildirib kömək təklif ediblər. Bu isə ikinci məqamdır. Prezident vurğuladı ki, Rusiya hərbi kontingenti ilk günlər kimisə qorumaq üçün orada idilər, lakin sonra ehtiyac olmadığını görərək çıxıb gediblər.

Deputat vurğulayır ki, bu, son dərəcə önəmli məqamdır: "Bu açıqlama yaxın gələcəkdə həm Qarabağda, həm də Şərqi Zəngəzurda proseslərin hansı yöndə gedəcəyinə  aydınlıq gətirir.  Bu göstərir ki, yeni yol gediş-gəliş yolundan daha çox gediş yolu olacaq. Bu yol separatçı rejimin başında duranlar, Ermənistanın tör-töküntüləri, eyni zamanda oradakı hərbi kontingent üçün gediş yolu olacaq. Digər hay kökənlər isə, yəni o adamlar ki, dədə-babaları Azərbaycan torpaqlarında yaşayıb, onlar yenə də qalıb yaşaya bilərlər, amma başqa Azərbaycan vətəndaşları necədirsə, elə də yaşayacaqlar. Onlar üçün heç bir üstünlük  tanınmayacaq. Tanına da bilməz. Əgər indiki kimi hüquqsuz, təhlükə altında yaşamaq istəmirlərsə, onda tezliklə separatçı ünsürlərə qarşı özləri dirəniş göstərməlidirlər. O liderlər ki, hüquq və təhlükəsizliklərindən dəm vurur, əslində ermənilərin hazırkı durumlarına səbəbkar onlardır. Azərbaycan onların təhlükəsizliyinə zəmanət verir. Onlar gərək ağılla hərəkət edərək bunu düzgün qiymətləndirələr". 

Əzəli torpaqlarımıza dönürük

Prezidentin vurğuladığı kimi, bu hadisələrin önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. 

Biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Biz Laçına, Zabuxa qayıtmalıyıq. Dövlət başçısı bu istiqamətdə "Qaçqınkom"a göstəriş verdiyini, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlamalarını və onların yaxın zamanlarda öz doğma yerlərinə qaytarılacağını vurğulayıb. Bu gün Böyük qayıdış üçün işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə gedir. Bu isə o günlərin heç də uzaqda olmadığından xəbər verir.

Azərbaycan Prezidenti humanizm nümayiş etdirərək bir daha Ermənistana çıxış yolu göstərir, bu ölkəni sülhə dəvət edir. Prezident bildirib ki, prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur.

Əsmər QARDAŞXANOVA,
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.