Siyasət

Qarabağda yeni savaş başlayır - Putindən İrəvana təcili ZƏNG: Sülh istəmirlər

1 Aprel 2022 14:32
Baxış: 11 951

Rəsmi Bakının martın əvvəllərində Ermənistana göndərdiyi 5 maddəlik sülh təklifi paketi İrəvana verilən son şansdır. Bunu Ermənistan da, onun havadarları da çox yaxşı bilir. Lakin çox yox, elə bir gün əvvəlin hadisələrinə nəzər saldıqda belə məlum olur ki, 44 günlük müharibə təəssüf ki, deyəsən bölgədəki son savaş olmayacaq. 

Baxmayaraq ki, Prezident İlham Əliyev ötən gün ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunu (Polşanın xarici işlər naziri - red.) qəbul edərkən "Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır" açıqlaması ilə bir daha Qərbə və dünyaya Azərbaycanın regionda sülh istəyini bəyan etmiş oldu. Lakin Paşinyanın son günlər giley-güzarları bitmək bilmir ki, bilmir. 

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Azərbaycanın 5 maddəlik sülh paketi ilə bağlı təklifi barədə bunları deyib: "Azərbaycan martın 10-u Ermənistana 5 bənddən ibarət təklif təqdim edib. Martın 14-ü biz buna Minsk Qrupu vasitəsilə yazılı şəkildə cavab verdik".

Bu o deməkdir ki, rəsmi İrəvan daşı ətəyindən atmaq, ritorikasını dəyişmək fikrində deyil. Erməni baş nazirin bu açıqlaması Azərbaycan Prezidentinin dedikləri ilə tamamilə ziddiyət təşkil edir. O da bir daha aydınlaşır ki, Ermənistan Qarabağın "statusu" məsələsindən geri addım atmaq fikrində deyil, bu isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək istəmədiyi anlamına gəlir.

Əgər Ermənistanın birinci adamı 6 apreldə nəzərdə tutulan Brüssel görüşü öncəsi belə bir mövqe nümayiş etdirirsə, ritorikalarının dəyişməyəcəyini bəyan edirsə, demək ki, Azərbaycanın 10 noyabr üçtərəfli bəyanatının icra edilməsi üçün bir seçimi qalır: Qarabağda total hərbi əməliyyatlara başlayaraq, terrorçuların Azərbaycanın suveren ərazilərindən çıxarılması, separatçı rejim qalıqlarının tərksilah edilməsi. Necə ki, bunu 30 illik işğaldan sonra 44 günlük müharibə timsalında gördük. Paşinyanın bu tip bəyanatlarının bir adı var - Azərbaycanı müharibəyə sövq etmək. 

Çünki İrəvan yaxşı bilir ki, nə Azərbaycanın mövqeyi dəyişəcək, nə də rəsmi Bakı bu prosesin yenidən bir neçə il uzanmasını əl-qolunu yanına sallayıb izləmək niyyətindədir. Bu məqamda bu gün istər sosial şəbəkələrin erməni seqmentində, istərsə də erməni KİV-lərində sürətlə yayılan bir məsələyə diqqət çəkmək yerinə düşər. Ermənistanın "Hraparak" qəzeti yazır ki, Paşinyan Ermənistan hökumətinin iclasında açıq şəkildə bəyan edib ki, müharibədən qaçmağın yalnız bir yolu var - Azərbaycanın ilkin şərtlərini yerinə yetirərək təslim olmaq, həmçinin "alçaldıcı" sülh müqaviləsi imzalamaq.

Ermənistan baş naziri bu açıqlaması ilə "ondansa müharibəni seçərəm" təəssüratı yaratmaqla həm ölkəsinin siyasi elitasında avtoritetini artırmaq, güvən qazanmaq, həm də daxili auditoriyada dividentini yüksəltmək istəyini gizlədə bilmir. Bununla da Paşinyan seçicilərinə və müxalif partiyalara mesaj vermək istədi ki, Brüssel görüşündə bu mövqedən çıxış edəcəyəm. Şübhəsiz ki, Paşinyanda bu "cəsarət" də durduq yerə yaranmadı. Fərrux kəndi və yüksəkliyi ətrafında təxminən bir həftə öncə Azərbaycanla Rusiya müdafiə naizriliyi arasındakı gərginlik, onun ardınca Duma deputatının Bakının enerji mənbələrini vurmaqla hədələri belə görünür ki, Ermənistan liderini bir xeyli ürəkləndirib. 

Elə bu səbəbdən də Ermənsitan rəhbərinin dünən Putinin ona telefon açması ilə Azərbaycandan giley-güzar etməsi bir olub. Paşinyan dərhal Azərbaycan tərəfinin Qarabağdakı addımları ilə bağlı Kreml rəhbərinə şikayət edib. Erməni baş nazirinin bu addımı yaramaz, mərdiməzar uşağın böhtanından, oğurluğundan bezən həmyaşıdı tərəfindən döyülməsindən sonra, gedib atasına şikayət etməsinə bənzədi. Paşinyan Putinə "Dağlıq Qarabağda" Rusiya sülhməramlı kontingentinin nəzarətində olan zonada mövcud vəziyyəti təsvir edərək, bunun hələ də həll olunmadığını (Azərbaycan hərbçilərinin Fərrux yüksəkliyindən geri çəkilmədiyini - red.) və Azərbaycan Silahlı Qüvvələrinin yeni təxribatlarının istisna edilmədiyini bildirib.

Bununla Paşinyan "qara məni basınca, mən qaranı basım" məsəlindən çıxış edərək qabaqdangələnliyi ilə diqqət mərkəzinə düşüb. Ermənistanın baş naziri Rusiya prezidentinə Azərbaycan Silahlı Qüvvələrinin səsucaldanlar vasitəsilə mülki əhalisinə psixoloji təzyiqindən narahtlığını dilə gətirib. Beləcə rəsmi İrəvan növbəti dəfə öz təxribatlarını pərdələmək, özünü süddən çıxmış ağ qaşıq kimi göstərmək istəyib. Kreml rəhbəri buna inandımı? Xeyr! Çünki Qarabağda baş verən istənilən hadisədən şübhəsiz ki, Putin xəbərdardır və sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasındakı bir çox hadisələr məhz Moskvanın iradəsi əsasında baş verir.

Rusiya lideri ondan da xəbərdardır ki, Xankəndindəki separatçı rejimin "parlament"inin "Milli Təhlükəsizlik Orqanları haqqında" qanuna dəyişikliklər qəbul edərək öz strukturunda döyüş hissələrinin yaradılmasından sonra sülhməramlılarının da açıq-aşkar heç nə olmamış kimi izlədiyi proseslər (Xocalı rayonunun Pirlər kəndinin yaxınlığında qanunsuz erməni silahlı dəstəsinin üzvlərinə hərbi geyim və silah paylanıldığını əks etdirən görüntülər Ordumuzun mövqelərindən açıq şəkildə müşahidə edilib. Onlardan cəmi 200 metr məsafədə Rusiya "sülhməramlıları"nın bu prosesi heç nə olmamış kimi səssiz-səmirsiz izləməsi də diqqətdən yayınmayıb - red.) fonunda Azərbaycan ordusu əslində bu dəqiqəyə kimi olduqca təmkinli mövqe sərgiləyir. 

Amma bu o demək deyil ki, rəsmi Bakı sona qədər bu təmkinini, sükutu pozmayacaq. Ermənistan Qarabağda yeni qanunsuz silahlı dəstələr yaratmaq sevdasından əl çəkməlidir. Anlamalıdır ki, bu, Azərbaycana qarşı terror təhdidindən başqa bir şey deyil. Bunu etməkdə davam edirlərsə, o zaman hər şeyi gözə almağı da bacarmalıdırlar, necə ki, Paşinyan deyəsən artıq bunu edir. İrəvan və ona havadarlıq edən qüvvələr, dövlətlər və Qərbin bəzi siyasi dairələri bilməlidir ki, terrorizmə son qoymaq üçün istifadə edilən hər yol qanunidir və bunun üçün uyğun hesab etdiyimiz bütün vasitələrdən istifadə edəcəyik. Azərbaycanın suveren ərazisində qanunsuz silahlı birləşmələrin yaradılmasına imkan vermək, görməzdən gəlmək terrora, yeni təxribatlara dəstək verməkdən başqa bir şey deyil. Rəsmi Bakının buna mane olmaq üçün isə həm güclü ordusu var, həm də iradəsi var.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.