Siyasət

Görünür Rusiya bu cür qanunsuz hərəkətlərin QARŞISINI ALA BİLMİR

2 Fevral 2022 17:30
Baxış: 2 110

"Sosial şəbəkələrdə və saytlarda sürətlə yayılan bu kadrlar həqiqətən də çox üzücü bir məsələdir, üstəlik də 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra bu, həqiqətəndə imzalanmış həmin sənədin birmənalı şəkildə pozulmasını göstərir".

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünast Telman Qasımov deyib.

O bildirib ki, Azərbaycanın da sülhməramlıları rusiyalı kontingentlə birgə öz ərazisində dövlətinin, vətəndaşının təhlükəsizliyini qorumaq üçün mütləq iştirak etməlidir:

"Burada sülhməramlılarla biryerdə həmin proseslərdə Azərbaycana məxsus ərzaq və tikinti materialları daşıyan nəqliyyat karvanını yoxlayanlar arasında sülhməramlılardan əlavə qondarma rejimə məxsus "polis"lərin də olması artıq birbaşa qanun pozuntusu deməkdir. Bunu bir daha Azərbaycanın maraqlarına və qanunlarına müdaxilə kimi qiymətləndirmək olar. 

Artıq dəfələrlə demişik ki, Qarabağda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəliklərdən əlavə başqa məsələlərə də çox kobud şəkildə müdaxilə edirlər. Sülhməramlılar hansı ixtiyarla, hansı qanuna əsasən qondarma rejimin "polislərini" özlərinə yaxın buraxırlar, hələ o proseslərdə onlar özləri də iştirak edirlər. Təbii ki, indi bu proseslər müddətində Rusiya tərəfinin verdiyi açıqlamalara görə, güya Rusiya sülhməramlıları bunu Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məqsədilə ediblər. Amma mən düşünmürəm ki, bu məsələ Rusiya tərəfindən bildirlən kimidir.

Bu marşurut 42 km uzunluğunda olsa belə əgər sülhməramlıları oradadırsa, lap 50 km olsun, əgər onlar orada mövcuddurlarsa, orada hansı təhlükə ola bilər?! Deməli, onlar özləri də bilirlər ki, Qarabağda hələ də mövcud olan bu qanunsuz rejimin qeyri-qanuni silahlı qüvvələri hələ də orada fəaliyyət göstərirlər və istənilən vaxt yenə də Azərbaycana qarşı yenə də istənilən bir təxribatı törədə bilər. Əgər bu belədirsə, o zaman bu sülhməramlılarla birgə Azərbaycanın da sülhməramlı kontingenti də öz ərazisində dövlətinin, vətəndaşının təhlükəsizliyini qorumaq üçün mütləq iştirak etməlidir. Ona görə də düşünürəm ki, Rusiya sülhməramlılarına Azərbaycan tərəfindən müəyyən qədər təzyiq lazımdır.

Ruslar özləri də izləyirlər, görürlər ki, Azərbaycan ictimaiyyətində sülhməramlıların fəaliyyəti ilə bağlı narazılıqlar var. Görünür Rusiya bu cür qanunsuz hərəkətlərin qarşısını almaq iqtidarında deyil. Yenə də orada özbaşınalıq başalıb gedir. Azərbaycan tərəfindən bu kimi hallara görə basqı artırılmalı, üzərlərinə getmək lazımdır. Çünki Azərbaycan tərəfindən humanitar yüklərin, ərzaq və tikinti materiallarının daşınması məhz Azərbaycan torpaqlarında həyata keçirilir və bu ərazilərdə sərbəst hərəkət səlahiyyətimiz var". 

Qeyd edək ki, Rusiya sülhməramlıları Suqovuşandan Qozlukörpü-Vəng istiqamətində Azərbaycana məxsus ərzaq və tikinti materialları daşıyan avtomobil karvanını müşayiət edib. Azərbaycana məxsus maşınlar Qozlukörpüdə Rusiya sülhməramlılarının nəzarətində olan müşahidə nöqtəsindən keçərkən yoxlanılıb. Maraqlıdır ki, sülhməramlıların qeydə aldığı rəsmi videoda qanunsuz erməni silahlı dəstələrinin "əsgər" və "polis"lərinin də yoxlanış prosesində iştirak etdiyi görsənir.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.