Siyasət

Müsavatda yeni virus yayılır: bəy tərifi... - VİDEO

28 Yanvar 2022 20:29
Baxış: 1 835

Kölgəsinin üzərindən atılmağa çalışan insan kiminsə onun tərifə layiq olduğunu söyləməsindən belə, xoşhallanır. Yaltaqlığı əsla qəbul etmədiyini deyən adamın ona ifrat tərif deyəni diqqətlə dinləməsi isə artıq əndazələri dağıdan olay sayıla bilər.

Amma Müsavat başqanı Arif Hacılı üçün yox.

Bakıdakı restoranlardan birinə toplaşan tərəfdarları, daha doğrusu, yandaşları Müsavat Partiyasının indiki aciz, məzlum və zəif vəziyyətə düşməsində müstəsna əməyi olmuş Arif Hacılının 60 yaşının tamam olmasını qeyd ediblər.

Öz təbirlərincə desək, yubiley məclisinə toplaşanlar yubilyarı, yəri A.Hacılını təbriketmə yarışına qoşulublar.

Həmin həvəskar müsabiqədə isə lider mövqe A.Hacılının müavini Razim Əmiraslanlıya məxsus olub.

Restoranda masaların arasında duran R.Əmiraslanlı təvazökar erkək qartal görkəmi alaraq buyurub:

"Arif bəy kimi bir şəxsiyyətin 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunmalıdır. O, öz layiqli qiymətini alacaq. Xalq artıq öz qiymətini verib. Rəsmi qaydada isə əminəm ki, Arif bəy kimi xalq hərəkatının lideri olmuş şəxslər öz qiymətlərini alacaqlar. Arif bəy yubileyi böyük saraylarda, dövlət səviyyəsində qeyd olunmağa layiq şəxsiyyətdir. Xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olmaqla bərabər, Arif bəy həm də əməli ilə, mübarizəsi ilə tarix yaradan şəxsiyyətlərdəndir. Hörmətli Başqan! Siz böyük şəxsiyyətsiniz! Açığı, sizin haqqınızda danışmağın özü böyük məsuliyyətdir! Mənim üçün nə qədər şərəfli olsa da, bir o qədər məsuliyyətlidir. Hörmətli Başqan! Sizi təbrik edirəm!"

Mini-zalda oturan şəxslər təkəmseyrək əl çalıblar. Bu "atəşin nitq"dən Arif Hacılı vəcdə gəlib və "Təşəkkür edirəm, çox sağ olun, çox sağ olun" söyləyib.

A.Hacılının yanında oturan İsa Qəmbər isə həmişəki ironiyası ilə "Eşq olsun" deməklə bu didaktik yaltaqlıq nümayişinə qiymətini verib.

Arif Hacılı ölkə müxalifətinin radikal düşərgəsinin, özlərini "əsl müxalifət" adlandıranların mənsubu olduğunu bəyan edir. Kvadrat millimetrinə iki lider düşən bu düşərgədə hər kəs özünü əsl və real müxalifət, ölkədəki demokratik qüvvələrin avanqardı, sosiumdakı siyasi səbatlılığı apatiya kimi dəyərləndirərək "kütlənin süküt buzlarını qıran buzqıran gəmi", siyasət zirvələrini fəth edən "demokratiya alpinisti" və s. hesab edirlər. Daha doğrusu, buna əmindirlər.

Yerli müxalifət cameəsinin imperator Hammurapi, Kir, Navuxodonosor, Makedoniyalı İsgəndər, Hannibal Barta, Yuli Sezar, Əmir Teymur, Babək, Bismark və Barbaros Heyrəddinlərinin toplaşdıqları kiçik, divarları ağ, qapısı isə açıq yaşıl rəngə boyanmış bu məkanından gələn səslər həmişə maraqlı olub.

Razim Əmiraslanlının belə qığılcımlı, alovlu və Benqal fişəngli çıxışındakı bəlağət kütləsini bir kənara qoysaq, onun ibarəli, təhkiyəli və hətta aradabir şühudi keçmişə güzar edən çıxışında yumşaq desəm, həqiqətə uyğun olmayan məqamları var.

Yox əgər möhtərəm cənab Əmiraslanlı özünü stand-ap ulduzu sayırsa və satira janrına tapınaraq ironiya ilə danışıbsa - bir ayrı. Belədə onun sözləri məntiqli və hətta Cem Yılmazın kölgəsində top qovan həvəskar səviyyəsində deyilmiş spiçdir.

Yox əgər adam İsa Qəmbərlə Arif Hacılıya platonik nəzərlərlə baxıb onları az qala elf meşəsindəki Əbədi Həyat Ağacları hesab edibsə, onda müsyö Razimin rüsxətini avans alaraq bəzi məsələlərə aydınlıq gətirək.

Arif Hacılının 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məsələsi aberrasiyadır. Tam əksinə, dövlət səviyyəsində bir daha geniş araşdırma aparılmalı, A.Hacılının hakimiyyətdə olduğu dövrdəki qərarları, əməlləri və fəaliyyəti təhlil olunmalıdır. Cəza və ya mükafat vermək üçün yox, Müsavat mənsublarının reallıqları bilməsi, həqiqətdən hali olmaları üçün.

Onun "layiqli qiymətini alması"na gəldikdə isə, bəli, restorandakı natiq tam doğru buyurub: Müsavat Partiyasının yüzlərlə, minlərlə üzvü A.Hacılının əməllərinə qiymət verib və onun fəaliyyətindən, daha doğrusu, volüntarist və merkantil davranışından "çox razı" qaldıqları üçün partiya sıralarını tərk ediblər.

Vaxtilə ölkənin ən böyük, nüfuzlu və hadisələrə geniş təsir imkanlarına malik müxalifət partiyalarından biri, bəzən isə birincisi olmuş Müsavat indi tarixi relikt, kunstkamera eksponatı təsiri bağışlayır.

Partiyanın içdən parçalanmalara, intriqalara səhnə olmasında, Müsavat sıralarını bir sıra tanınmış şəxslərin hiddətlə tərk etməsinin səbəbkarlarından biri də məhz Arif Hacılıdır.

O ki qaldı A.Hacılının "xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri" olmasına - bu ifadəni ümumiyyətlə, şərh etməyə dəyməz. Çünki qrotesk və absurddur.

Razim Əmiraslanlı söz deməkdə, fikir izharında tam sərbəstdir və istədiyini söyləyə bilər - sözümüz yox.

Amma lütfən, Arif Hacılını belə ucuz, səviyyəsi plintusdan aşağı əsassız, primitiv təriflərə ünvan etməsin.

Arif Hacılı isə unutmamalıdır ki, yaltaqlıq səviyyəsində tərif paxıllığın maskası, diz çökmüş qəzəbdir.

"Lider", "mətin mübariz" və "təcrübəli siyasətçi" olduğunu iddia edən müxalifət siyasətçisi belə mədhiyyələrə ünvan olunmamalıdır.

Olunursa, demək, o, nə müxalifətçi, nə demokrat, nə də siyasətçidir: sadəcə, siyasətdən fərdi maraqları üçün yararlanmağa çalışan fiqurdur.

Arif Hacılı bu mədhiyyə seansını yarımçıq saxlayaraq "Xalq hərəkatının lideri deyiləm!" söyləsəydi, gerçək liderliyə iddialı sayılardı.

Söyləmədi və təriflərlə mədhiyyələrə aşina olan "mehriban düşmən"i, AXCP sədri və bloqer Əli Kərimli kimi davrandı.

Təəccüblü deyil, nədənsə...

Siyasi mübarizəni uduzan, tarixin tozlu yolayrıcına düşən adamlar bəzən belə kiçik sevinclərlə toxtaqlıq tapırlar.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.