Siyasət

Ermənilər səs, yoxsa işıq gələn tərəfi seçəcəklər?

7 Dekabr 2021 12:44
0 Şərh     Baxış: 1 751

Ermənistanda yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə hakimiyyətdəki "Vətəndaş Müqaviləsi" Partiyası 36 icmadan yalnız 16-da qalib gəlib.

Baş nazir Nikol Paşinyanın sədr olduğu partiyanı parlamentdə təmsil edən deputatlardan biri Vaahn Aleksanyanın dediyinə görə, ilkin məlumatara əasən, "Vətəndaş Müqaviləsi" 20 icmada səslərin əksəriyyətin qazanıb.

Habelə, Paşinyanın partiyası bir sıra şəhərlərdə uduzub.

Belə ki, Masisdə şəhər meri, barəsində cinayət işi açılmış David Hambarsumyanın başçılıq etdiyi seçki bloku səslərin əksərini qazanıb.

Abovyanın meri postuna isə müxalifətdəki "Çiçəklənən Ermənistan" Partiyasının mənsubu, sabiq deputat Eduard Babayan seçilib. O, əvvəllər partiya sədri, oliqarx Qagik Sarukyanın mühafizə xidmətinin rəhbəri idi. 2019-cu ildə Babayan 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunsa da, əfv fərmanı əsasında azad edilib.

Böyüklüyünə görə Ermənistanda üçüncü olan Vanadzorda isə sabiq mer Mamikon Aslanyanın başçılıq etdiyilok səslərin 38,6 faizini toplayaraq qalib gəlib. Fəqət bu səslər ona yenidən mer seçilmək üçün yetərli deyil.

Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi açıqlamaya görə, seçkilərdə səsvermə hüququ olan vətəndaşların 42,48 faizi, yəni 112396 nəfərdən 472528 nəfər iştirak edib.

Ən aktiv seçicilər Lori vilayətindəki Tumanyan icmasında olub: bu icmada seçicilərin 69,78 faizi səs verib. Ən aşağı aktivliy səviyyəsi isə 20,73 faizlə Armavir vilayətinin inzibati mərkəzi Armavir şəhərində olub.

Gekarkunik vilayətindəki Sovaguh və Semyonovka kəndlərinin sakinləri  isə icmanın süni şəkildə böyüdülməsinə etiraz edərək seçkiləri boykot ediblər.

Ermənistanda parlament seçkilərindən sonra yerli özünüidarə orqanlarına keçirilmiş ikinci seçkilərinr maraqlı nəticələri var. Belə ki, heç bir halda parlament müxalifəti sayılmayacaq, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın kontrolunda olmayan yerli siyasətçilər N.Paşinyanın partiyasını üstələyə biliblər.

Seçkinin nəticələri həm də onu göstərir ki, Ermənistan vətəndaşları arasında Nikol Paşinyana etibar etməsələr də, Köçəryanla Sarqsyanın başçılıq etdikləri siyasi qüvvələrin hakimiyyətə gəlməsini əsla istəməyənlər çoxluq təşkil edir.

Daha doğrusu, ermənilər Paşinyanı sevməsələr də, Köçəryanla Sarqsyana nifrət edirlər.

Nikol Paşinyan isə belə situasiyadan faydalanır, özünü "sabiq"lərə yeganə effektiv alternativ kimi göstərir.

Ermənistanın baş naziri yaxşı anlayır ki, əhalidə sabiq prezident Robert Köçəryanla Serj Sarqsyana nifrət nə qədər yüksək səviyyədədirsə, o, hakimiyyətdə qalacaq və daxili siysi prosesi idarə edəcək. Onun üçün hazırda ən ciddi təhlükə isə "üçüncü qüvvə" kimi formalaşan, "sabiq"lərlə sıx əlaqələri olmayan alternativdir. Həmin şəxslər prezident Armen Sarkisyan, ombudsmen Arman Tatoyan, sabiq deputat Edmon Marukyan və milyarder iş adamı Ruben Vardanyandır.

Ermənistanda Qərb meylli digər siyasi qüvvələr, orta və kiçik partiyalar da birləşərək Paşinyana qarşı çıxmağa hazırlaşırlar.

Yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri hakimiyyətdəki "Vətəndaş Müqaviləsi" Partiyası üçün fiasko olmasa da, ağır zərbədir. Bu məğlubiyyət Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin içində parçalanma və düşərgələnmə yaratmaqla yanaşı, parlamentdəki müxalifət partiyalarını Paşinyana qarşı daha aktiv mübarizəyə sövq edə bilər.

Nikol Paşinyan da bunu bilir və seçkilərdə "sabiq"lərin başçılıq etdiyi siyasi qüvvələrin yox, yerli siyasətçilərin və siyasi elitaların aktivliyinin faktiki sübutundan yararlanaraq ölkə müxalifətini bundan sonra da parçalamağa çalışacaq.

Azərbaycan üçün önəmli olan iki məqam var:

1. Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki hadisələrin konstruktiv inkişaf məcrasının alt-üst olmasına imkan verərsə, qonşu ölkədəki vəziyyət xaosa çevrilə bilər. Bəhs etdiyimiz səbəbdən də erməni müxalifətinin aqressiv və radikal irqçi-millətçi kəsiminin güclənməsi Bakının maraqlarına cavab vermir.

2. Ermənistandakı radikallar aktivləşərsə və Nikol Paşinyanın mövqeləri zəifləyib dezavuasiya olunarsa, ölkədə ciddi qarşıdurmalar və iğtişaşlar başlayarsa, Azərbaycan çözümünü çoxdan gözləyən məsələləri sürətlə həll etmək məcburiyyətində qalacaq. Həmin məsələlər Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası, habelə Zəngəzur dəhlizi layihəsinin reallaşmasıdır.

Ermənistan indi seçim qarşısındadır: ya imzaladığı sənədlərin şərtlərinə tam əməl etməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ya da hadisələrin İrəvan üçün həddən ziyadə arzuolunmaz inkişaf ssenarisi ilə qarşılaşmalıdır.

İrəvanın qarşısında iki yol var: biri səs gələn, digəri işıq gələn tərəfə aparır.

Səs gələn tərəfdə erməni diasporunun, radikalların, "sabiq"lərin səsləridir.

İşıq gələn tərəfsə anlaşmalara və sənədlərin şərtlərinə əməl etməkdir.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.