OnePlus 10 Pro smartfonunun texniki özəllikləri internetdə ortaya çıxıb

11 Dekabr 2021 23:40

Bir neçə müddət bundan öncə OnePlus 10 Pro smartfon modelinin keyfiyyətli render fotoları ortaya çıxmışdı. İndi isə sözügedən smartfonun texniki özəllikləri internetdə ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən OnePlus 10 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym LTPO AMOLED ekran ilə təchiz olunacaq. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon özündə Snapdragon 8 Gen 1 (Snapdragon 898) prosessorunu, 8/12 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfon 3 arxa kameraya sahib olacaq.

Lakin OnePlus 10 Pro-da periskop obyektivin olacağına ümid etmək lazım deyil. Smartfon 48 MP-lik əsas obyektivə, 50 MP-lik genişbucaqlı obyektivə və 8 MP-lik teleobyektivə sahib olacaq. Teleobyektiv isə öz növbəsində 3.3 qat optik zoom özəlliyini dəstəkləyəcək. Ön kamera 32 MP-lik olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, OnePlus 10 Pro-nun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Smartfonun OxygenOS 12 interfeysli Android 12 vasitəsilə çalışacağı gözlənilir. OnePlus 10 Pro-nu bu il gözləmək lazım deyil. Çox güman ki, o, adi OnePlus 10 ilə birlikdə gələn ilin əvvəlində təqdim olunacaq.

Milli.Az