USB Type-C girişinə sahib iPhone X yüksək qiymətə satılıb

30 Noyabr 2021 22:50

Ken Pillonel adlı isveçrəli mühəndis bir neçə müddət bundan öncə öz iPhone X modelini təkmilləşdirmişdi. Belə ki, sözügedən mühəndis öz smartfonundakı Lightning girişini USB Type-C ilə əvəz etmişdi. Nəticədə bu, dünyanın USB Type-C girişli ilk iPhone modeli oldu. İndi isə məlum olub ki, mühəndis USB Type-C girişinə sahib iPhone X modelini eBay üzərindən yüksək qiymətə sata bilib. Yekun satış qiymətinin gözləntilərdən bir qədər aşağı olmasına baxmayaraq, smartfonun bu cür qiymətə satılması təəccübləndirir.

eBay-da keçirilmiş hərrac çərçivəsində təkmilləşdirilmiş iPhone X-ə qoyulmuş qiymət göstəricisi 100.000$-ı keçirdi. Lakin nəticədə smartfon 86.001$-a satıldı. USB Type-C girişinə sahib iPhone X-in kim tərəfindən alındığı məlum deyil. Ken Pillonel-in sözlərinə əsasən sözügedən təkmilləşdirilmiş iPhone X modeli sadəcə olaraq prototipdir və onu adi şəkildə istifadə etmək olar. Lakin smartfonun sistemini yeniləmək və ya ayarlarını sıfırlamaq məsləhət görülmür. Əks halda bu, smartfonun bloklanmasına və ya zədələnməsinə gətirib çıxarda bilər. Məlumata əsasən iPhone X-də Lightning girişinin USB Type-C ilə əvəzlənməsinə 6 ay vaxt sərf olunub.

Milli.Az