Putindən Soçidə Paşinyana İLK DƏRS - Hələ görüşmədən qulaqburması verdi

26 Noyabr 2021 16:44

Vətən müharibəsinin başa çatmasının 1 ili tarixində Azərbaycan, Ermənistan, Rusiya dövlət başçılarının Soçidə planlaşdırılan üçtərəfli görüş ərəfəsində İrəvanın Qaragöl ətrafında qəfil təxribatlara əl atması və bunun ardınca Nikol Paşinyanın müəmmalı şəkildə görüşdən imtina etməsi qarşı tərəfin sənədlərin icrasından imtinası kimi də qəbul edilə bilərdi.

Paşinyan bir yandan onun xilaskarı olan Kremlin təyin etdiyi görüşdən imtina etdisə, Ermənistan silahlı qüvvələrinin 16 noyabr təxribatından sonra Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşə iki əlli hə dedi. Bu isə özü-özlüyündə Rusiyaya Paşinyan tərəfindən növbəti hörmətsizlik, növbəti saymamazlıq idi ki, Moskva bunu heç cürə həzm edə bilməzdi. 

Aİ prezidenti Şarl Mişelin elə bu görüşün vaxtı (16 dekabr) və yeri barədə sosial şəbəkə hesabından etdiyi paylaşımından dərhal sonra Moskva adekvat addım atmaq qərarına gəldi. Qısa zamanda məlum oldu ki, noyabrın 26-da (yəni bu gün) Soçidə növbəti üçtərəfli görüş keçiriləcək. Rusiya bu görüşlə həm Paşinyana növbəti dəfə özbaşına qərar verdiyinə görə qulaqburması üçün imkan əldə etdi, həm də Qərbin Cənubi Qafqazda varlığı ilı pağlı planını növbəti dəfə təxirə salmış oldu. Bu qərarla Kreml rəhbəri Vladimir Putin Brüssel görüşünün Cənubi Qafqazın siyasi gələcəyi ilə bağlı məsələlərin müzakirəsi mövzusunu faktiki olaraq qapamış oldu. 

Paşinyanın iki gün öncə "Facebook" vasitəsilə sualları cavablandırarkən etdiyi açıqlamalara rəsmi Bakı ilk adekvat cavabı Soçi görüşü ərəfində verdi. Azərbaycanın Soçi görüşünə saatlar qalmış Ermənistana daha iki əsiri təhvil verməsi bir daha rəsmi Bakının bölgədə barışdan, sülhdən, sabitlikdən, birgə əməkdaşlıqdan yana olduğunun növbəti nümunəsi oldu. Eyni zamanda Azərbaycan bu addımı ilə mühim görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyana cəsarətli olub, imzaladığı bəyanatla üzərinə götürdüyü öhdəlikləri icra etmək üçün artıq praktiki addım atmağın vaxtının yetişdiyi mesajını verdi. Bununla da İrəvana pas ötürən rəsmi Bakının Soçi göürüşünə əli daha güclü şəkildə getməyinə zəmin hazırladı. Beləcə Azərbaycan Rusiyaya Erm\ənistana təyziq etmək üçün də arqument vermiş olur.

Artıq Soçi görüşü ilk dəqiqələrdən maraqlı məqamları ilə diqqət çəkir. Belə ki, hazırda Azərbaycan və Rusiya prezidentləri görüş keçirir. Bu görüşdən sonra Ermənistanın Baş nazirinin də iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. Daha sonra isə Rusiya və Ermənistan liderləri ayrılıqda görüş keçirəcək. Burada bir detal xüsusi diqqət çəkir. Putinin ilk ikitərəfli görüş üçün məhz İlham Əliyevi seçməsi Nikol Paşinyana yuxarıda sadaladığım - ilk qulaqburmalarından oldu. Kreml rəhbəri bu qərarı ilə həm də bir daha Bakının mövqeyinin onlar üçün daha önəmli olduğunu göstərdi. 

Görünür Putin azərbaycanlı həmkarı ilə məsələləri müzakirə edib, ortaq məxrəcə gəldikdən sonra razılaşmalara məcbur edilən tərəfə - Paşinyana sonda vəziyyəti çatdıraraq, atılmalı addımların siyahısını ona təqdim edəcək. 

Təhməz Əsədov
Milli.Az