O, şəhadətindən sonra bir orden, 5 medalla təltif edilib - VİDEO

26 Noyabr 2021 14:30

Qarabağı azadlığa qovuşduran və şəhidlik məqamına yüksələn qəhrəmanlardan biri də Təhmasib Qarayevdir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Təhmasib Qarayev 1996-cı il mayın 18-də Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Unversitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub. 2017-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb və xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Xidmətini bitirdikdən sonra kurslara qatılaraq gizir rütbəsinə yiyələnib.

Təhmasib Qarayev 44 günlük Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Döyüş yoldaşlarının sözlərinə görə, Təhmasib Qarayev qorxmaz və mərdliyi ilə həmişə nümunə olub. Qəhrəmanımız ötən il oktyabrın 22-də Qırmızı bazar ərazisində qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimiz ölümündən sonra "Rəşadət'' ordeni, eləcə də "Vətən uğrunda'',  "Kəlbəcərin azad olunmasına görə'', ''Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı'' və "İgidliyə görə" medallarlı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az