"Bloqer" Şaməddin əvvəllər narkotacir idi, sonra adam döydü

25 Noyabr 2021 19:53

Sentyabrın 27-də törətdiyi cinayətə görə həbs edilən Cəlilabad rayon sakini, özünü bloger kimi qələmə verən Saməddin Məmmədovun oğlanları bu gün - noyabrın  25-də Bakıda etiraz aksiyası keçirməyə cəhd göstəriblər.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

"Haqq və ədalət" tələb edən Saməddin Məmmədov kimdir, nə üçün həbs olunub?

Saməddin Məmmədov reketlik, hədə-qorxu ilə tələb etmə və kriminal həyat tərzini pərdələmək məqsədilə özünü cəmiyyətə "bloger" kimi təqdim edirdi.

Milli.Az bildirir ki, Cəlilabad rayonunda yaşayan, 50 yaşlı bu şəxs indiyədək dəfələrlə qanunu pozub, əməllərinə görə dəfələrlə həbs olunub, ömrünün 8 ilini həbsxanalarda keçirib.

Daha açıq desək, "bloqer" Şaməddiin İrandan Azərbaycana gizli yollarla narkotik maddə daşımaqla, narkoqaçaqmalçılıqla məşğul olub.

"Ədalət mübarizinin oğulları Amid və Nahid də qanunları çox sevmirlər. Belə ki, 26 yaşlı Amid hələ 2014-cü ildə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. 25 yaşlı Nahid isə iki il əvvəl CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.

Şaməddin Məmmədov "ədalət mübarizəsi"nə oğullarından savayı, kürəkənini də qatıb.

Onun kürəkəni, 37 yaşlı Rəşad Ağaşov iki il əvvəl CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.

Bəs Saməddin Məmmədovun həbsinə hansı hadisə səbəb olub?

Bu il sentyabrın 27-də səhər saat 10 radələrində S.Məmmədov özü, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov rayonun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsini bəhanə gətirərək Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir zamanı "qisas" almaq qərarına gəliblər. Saməddin təpiklə E.Cəfərovun sifətindən vurub, "qurban"ının burnunu qırıb, ciddi xəsarət yetirib.

Faktla bağlı CM-nin 127.1 və 221.2.1-ci maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov saxlanıb. Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs həbs qətimkan tədbiri seçilib.

Milli.Az