KİVDF-dən maliyyə yardımı alan bəzi qəzetlərin tiraj sayı saxta arayışla qaldırılıb - Məhkəmə

25 Noyabr 2021 18:28

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və digərləri - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Xəlilova, Namiq Hacıyev və Şahin İmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə bu gün keçirilən prosesdə şahid qismində KİVDF-də aparıcı məsləhətçi kimi çalışmış Samir Mustafayev vəkillərin suallarını cavablandırıb.

O bildirib ki, V. Səfərli işi ilə bağlı ona qanunsuz bir tapşırıq verməyib: "Nə də onun qanunsuz tapşırıq verdiyinin şahidi olmamışam. Tender komissiyasında verilən təkliflərlə bağlı danışsam, deyə bilərəm ki, tender qanunvericiliyinə riayət edilib. Lakin deyə bilərəm ki, təkliflərlə bağlı zərflərə iclasda baxılmayıb. Şərtlər, imzalanan müqavilələr, onlara düzgün riayət olunması ilə bağlı məsələlərdən xəbərim olmayıb. Fondun 10 işçisindən 5-i tender komissiyasında olub. Tenderdə konkret iştirakçılar eyni şirkətlər olub. Biz orda işçi olmuşuq. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimlə yaxşı münasibətim var, heç bir qərəzim yoxdur. İşdə mühasib gəlirdi deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkməlisən. Mən də qol çəkmişəm. Məni də əmin ediblər ki, burada qanunsuz bir məsələ yoxdur".

Şahid qeyd edib ki, fonda dəftəxana mallarının alınmasından xəbərdar olub: "İşçilərin hamısına verilib. Lakin hər hansı bir tədbrilərdə bloknotların və s. paylanmasının şahidi olmamışam".

Hakim bildirib ki, şahidin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var. Ziddiyyətlərlə bağlı hakimin sualına cavab verən S. Mustafayev deyib ki, jurnalistlər üçün tikilən binalarla bağlı tenderdən kənar şirkətlərlə müqavilələr imzalanıb: "Həmin şirkətlər Prezident Administrasiyasının İctimai-siyasi şöbənin rəhbərinə yaxın olub. Binalarla bağlı məktublar yazılıb, tenderdən kənar şirkətlərlə müqavilələr bağlanıb. Tender komissiyası yaranana qədər iki binanın təməli qoyulmuşdu. Ümumiyyətlə, tenderlərdə hansı şirkətin qalib olmasını Əli Həsənov razışlaşdırırdı. Mənzillərin kimlərə verilməsinin Vüqar müəllimlə bağlılğı yoxdur. Seçimə ictimai-siyasi şöbə baxıb, bizə göndərilib. Qəzetlərə maliyyə yardımı tam normal qaydada həyaya keçirilib. Həmin siyahı da Əli Həsənovun şöbəsində razılaşdırılırdı. Maliyyə yardımı gündəlik ictimai-siyasi və idman qəzetlərinə verilirdi. Sonradan idman qəzetləri çıxarıldı".

Şahid istintaqda ifadəsində bildirib ki, bəzi qəzetlərin tiraj sayı saxta arayışlarla qaldırılıb.

Bunu S. Mustafayev məhkəmədə də təsdiqləyib: "Bəzi qəzetlərin tirajı az idi. Maliyyə yardımı düşmürdü. Buna görə onların tiraj sayı arayışda çoxaldılıb".

V. Səfərli şahidin ifadəsi barədə deyib ki, tikinti ilə bağlı fondda ayrı komissiya olub: "Bu adam həmin komissiyanın üzvü olmayıb. Yazılan məktublardan xəbəri yoxdur".

Məhkəmə prosesi noyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Milli.Az