Ölkədə azyaşlılar arasında narkomaniya halları ilə bağlı vəziyyət açıqlandı

25 Noyabr 2021 18:42

Ölkədə narkomaniyaya cəlb olunan və buna təhrik edilən azyaşlıların sayı ilə bağlı rəqəmlər qorxulu deyil.

Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru polis polkovnik leytenantı Kəmalə Ələkbərova deyib.

O bildirib ki, statistika anonim saxlanılsa da, say təhlükəli deyil: "Ölkəmizdə dəyərlər sistemi, valideynlərin övladlarını qorumaları bu halların qarşısını alır. Ümumilikdə, məktəblilərin zərərli vərdişlərə yönəlmələri ilə bağlı təhlükəli dövr 14 yaşdan sonra başlayır".

Məktəblilərin zərərli vərdişlərə təhrik olunması məsələsinə gəldikdə isə K.Ələkbərova deyib ki, burada bir çox amillər var: "Əsas səbəblərdən biri sosial şəbəkələrdir. Son zamanlar sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı hallarına tez-tez rast gəlinir. İşbazların azyaşlıları bu işə sövq etməsi Daxili İşlər Nazirliyinin orqanlarını narahat edir. Aidiyyəti dövlət orqanları bununla bağlı ciddi mübarizə aparır".

Milli.Az