Bağırsaqlarınız niyə ağrıyır? - 10 SƏBƏB

25 Noyabr 2021 23:35

Bağırsaq ağrısı funksional pozğunluqlar - qıcıqlanmış bağırsaq sindromu, yayılmış üzvi xəstəliklər - bağırsaq infeksiyaları, xroniki enterit, enterokolit,

Kron xəstəliyi və qeyri-spesifik xoralı kolit zamanı yaranır. Bəzən bu əlamət törəmələrdən, divertikuldan, kəskin cərrahi patologiyadan xəbər verir. Ağrının səbəbi laborator analizlər, ultrasəs, endoskopik və rentgenoloji üsullarla üzə çıxarılır. Bağırsaq ağrısı dietoterapiya, dərman preparatları (antibiotiklər, spazmolitiklər, probiotiklər) və yaxud cərrahi yolla aradan qaldırılır.
Milli.Az medicina.az-a istinadən bağırsaq ağrılarının mümkün səbəblərini təqdim edir.

Qıcıqlanmış bağırsaq sindromu

Bu sindrom üçün qarında müxtəlif xarakterli (dartılan, deşici, spastik) ağrılar xarakterikdir. Səhər saatlarında və psixoemosional gərginlik zamanı bağırsaq ağrısı güclənir. Sindromun tipik əlaməti defeksiya aktından əvvəl ağrının kəskin formada güclənməsidir. Tutmaşəkilli, şiddətli ağrılara sol qalça nahiyəsində bağırsağın boşalması üçün çağırışlar hiss olunur. Defekasiyadan sonra vəziyyət yaxşılaşır.

Qıcıqlanmış bağırsaq sindromunda ağrı hissi bir neçə ay davam edir. Qadınlarda aybaşıdan əvvəl ağrı artır. Bu patologiyada bağırsaq ağrısı nəcis ifrazının pozulması: qəbizliklə ishalın növbələnməsi, bağırsağın tam boşalmaması hissi ilə müştərək formada rast gəlinir. Xəstələrdə gəyirmə, ürəkbulanma və köp yaranır.

Disbakterioz

Bağırsağın disbiozunda bütün qarın nahiyəsində spazm və sancılar baş verir. Sol qalça nahiyəsində ağrı daha kəskin olur. Ağrı sindromu ishal, qarında ağırlıq, diskomfort və qurultu ilə müşayiət edilir. Nəcis kütlələri sulu, bol miqdarda və yaşılımtıl rəngdə olur. Disbakterioza antibiotiklərin qəbulu, xroniki qastroenteroloji xəstəliklər və immun pozğunluqlar zamanı təsadüf olunur.

Bağırsaq infeksiyaları

Qarın ağrısı salmonelyoz, eşerixioz, dizenteriya və digər infeksion proseslərin əlaməti kimi formalaşır. Nazik bağırsağın zədələnmələrində ağrı göbəkətrafında lokalizasiya olunur. Prosesə yoğun bağırsaq qoşulduqda ağrı qarnın sol hissəsində əmələ gəlir. Bağırsaq ağrısı kəskin və tutmaşəkilli xarakter daşıyır, ishal (sutkada 20 dəfəyə qədər), ürəkbulanma və qusma ilə müşayiət olunur.

Xroniki enterit

Bağırsağın iltihabında göbək ətrafında, qarnın yan tərəflərində küt və yaxud sızıltı ağrılar hiss edilir. Qidalanma pozğunluqları, spirtli içkilər ağrını daha da gücləndirir. Qaz və nəcis ifrazından sonra narahatlıqlar azalır. Enterit üçün xroniki ishal səciyyəvidir. Nəcis kütlələri üfunətli iyə malik olur. Onların tərkibində həzm olunmamış qida qalıqlarına rast gəlinir.

Kron xəstəliyi

Kron xəstəliyində ağrı adətən sağ qalça nahiyəsində meydana çıxır. Bu, nazik bağırsağın terminal hissələrinin zədələnməsi ilə bağlıdır. Simptomatikanın intensivliyi Kron xəstəliyinin ağırlıq dərəcəsindən asılıdır. Remissiya dövründə qarında diskomfort, kəskinləşmə mərhələsində isə kəskin ağrı və nəcisdə qan müşahidə olunur. Pasiyentlər ishaldan, iştahsızlıqdan, halsızlıq və əmək qabiliyyətinin azalmasından şikayətlənirlər.

Qeyri-spesifik xoralı kolit

Bu xəstəlik üçün bağırsağın sol şöbələrində tutmaşəkilli, ifadəli ağrılar xarakterikdir. Ağrının solda yaranması siqmavari bağırsağın zədələməsinə işarədir. Total kolit yayılmış, intensiv ağrılarla təzahür edir. Ağrı sindromu gücləndikdə nəcis kütlələrində al qırmızı qan izlənilir. Xəstələri həmçinin ağrılı tenezmlər narahat edir. Qeyri-spesifik xoralı kolitdən əziyyət çəkən insanlarda ağrıdan əlavə, bağırsaqdan kənar əlamətlər: düyünlü eritema, göz, oynaq və biliar sistemin zədələnməsi mümkündür.

Divertikulyoz

Bağırsaq divertikullarında qeyri-müəyyən, sızıltılı və dartıcı ağrılar qeydə alınır. Belə xəstələr çox nadir hallarda həkimə mürəciət edirlər. MBT motorikasının pozğunluqlarında, xroniki qəbizlikdə simptomatika güclənir. Divertikul olan hissədə güclü, tutmaşəkilli ağrılar yaranır. Qaz və nəcis ifrazı ağrının azalmasına səbəb olur.

Bağırsağın törəmələri

Bağırsağın polipləri ilkin mərhələlərdə gizli gedir. Yalnız onların ölçüləri böyüdükdə ağrı hissi meydana çıxır. Ximus və nəcis kütlələrinin hərəkətinin pozulması küt ağrı törədir. Şiş prosesi proqressivləşdikdə göbək ətrafında və yaxud qarnın yan hissəsində güclü spazmlar baş verir. Diffuz polipoz üçün yayılmış şiddətli ağrılar, tenezm və ishal tipikdir. Xəstəliyin klinikası ağır bağırsaq infeksiyasını xatırladır.

Bədxassəli törəmələrdə ağrı sindromu gecikmiş mərhələlərdə təzahür edir. Bu zaman ağrı daimi xarakter daşıyaraq, qidalanma pozğunluqları və digər xarici faktorlarla bağlı olmur. Bağırsaq xərçəngində tenezm və qəbizliyə tez-tez rast gəlinir. Düz bağırsaq zədələndikdə xəstələr defekasiya zamanı bağırsağın tam boşalmamasını hiss edirlər. Yerli əlamətlərlə bərabər, ümumi simptomar: halsızlıq, dəri örtüklərinin avazıması, kəskin arıqlama müşahidə olunur.

Təxirəsalınmaz vəziyyətlər

Bağırsaq infarktı üçün kəskin, güclü ağrılar səciyyəvidir. Onlar qəfil yaranır. Belə hallarda qarında formalaşan spazm bir neçə saatdan sonra daimi, əzabverici ağrıya çevrilir. Onların lokalizasiyası bağırsağın hansı hissəsinin zədələnməsindən asılıdır. Ağrı sindromunun zəifləməsi, ümumi simptomatikanın isə artması qeyri-qənaətbəxş proqnostik əlamətdir.

Kəskin ağrı bağırsaq keçməməzliyindən xəbər verə bilər. Qarın ağrısı dəqiq lokalizasiyaya malik olmur. Peristaltikanın aktivləşməsi ağrını artırır. Mexaniki keçməməzlik zamanı ağrı daimi olur, dinamik formada isə etioloji amilin uzaqlaşdırılmasından sonra keçib gedir.

Appendisit zamanı ağrı qəfil yaranır. Bağırsaq ağrısı əvvəlcə epiqastral nahiyədə və yaxud göbək ətrafında hiss olunur, sonra isə yayılır. Bir neçə saat keçdikdə ağrı sol qalça nahiyəsində toplanır. Adətən qarın ağrısı daimi olur, öskürək və gülüş onu gücləndirir. Xəstə sol böyrü üstə uzandıqda ağrının gücü azalır. Pasiyentlərdə ürəkbulanma, qusma, meteorizm, ishal müşahidə olunur. Bədən hərarəti subfebril və febril rəqəmlərə qədər yüksəlir. Nəbz kəskin formada tezləşir.

Antibiotik qəbulunun ən ciddi fəsadı psevdomembranoz kolitin inkişafıdır. Bu xəstəlik şərti-patogen mikroflora tərədindən törədilir. Pasiyentlər siqmavari bağırsaq proyeksiyasında tutmaşəkilli ağrılardan şikayətlənirlər. Defekasiyadan əvvəl narahatlıqlar artır. Ağrı ilə bərabər ağır formalı ishal (sutkada 20 dəfəyə qədər) baş verir. Nəcis kütlələrində çoxlu miqdarda selik və qan izlərinə rast gəlinir.

Milli.Az