Diyetoloq dörd ən faydalı quru meyvənin adlarını açıqlayıb

28 Noyabr 2021 11:15

Diyetoloq Lyudmila Mikityuk ən faydalı dörd quru meyvənin xüsusiyyətlərini RİA Novosti-yə verdiyi müsahibəsində açıqlayıb.

"Ən populyar və ən faydalı quru meyvələr kişmiş, qaysı, xurma və qara gavalı qurusudur. Bu sadalanan quru meyvələr çox qidalıdır. Onlar təzə meyvələrdən üç dəfə çox lif, vitamin və minerallara malikdir və tövsiyə olunan gündəlik qida dəyərinin daha yüksək faizini təmin edə bilir. Bu ləzzətlərin tərkibində güclü antioksidantlar olan çoxlu polifenollar var", - deyə mütəxəssis bildirib.

"Kişmişin tərkibində kalium, B qrupu vitaminləri var ki, bunun da sayəsində onlar qan təzyiqini aşağı salmağa, həmçinin orqanizmdə iltihab prosesini azaltmağa qadirdir. Qara gavalı qurusu bağırsağın fəaliyyətini yaxşılaşdırır. O, həmçinin kalium, lif, A və K vitaminləri ilə zəngindir, ürək-damar xəstəlikləri üçün yaxşı profilaktika vasitəsidir", - deyə Mikityuk qeyd edib.

"Xurma qurusu dəmir, kalium, liflə zəngindir. Sərbəst radikalların yaratdığı zədələrin azalmasına səbəb olan antioksidantlar arasında liderdir. Bu quru meyvə hamiləliyin son aylarında çox faydalıdır. Qaysı qurusu isə göz xəstəliklərinin qarşısını alır. Lif, kalium, A və C vitaminləri ilə zəngindir. Gündəlik A vitamini normasının 47%-ni təmin edə bilər, bu da bizim dərimiz və gözlərimiz üçün faydalıdır", - diyetoloq əlavə edib.

Ancaq Mikityuk onu da xatırladıb ki, quru meyvələrin kalorisi yüksək olur, ona görə də yeyilənlərin miqdarını izləmək vacibdir, əks halda, bu faydalı qidadan asanlıqla kökəlmək olar.

Milli.Az