Amsarqışlaq kənd sakininin problemi - VİDEO

25 Noyabr 2021 18:18

İcra Başçısı Ziyəddin Əliyev ailənin problemlərinin həllinə söz verdi

Həmsöhbətim Qubanın Amsarqışlaq kənd sakini, Vətən müharibəsi şəhidi Ömər Mustafayevin atası Əbdül Mustafayevdir. Onu Problem verilişinə müraciət etməyə vadar edən isə biganəlikdən aylardır həllini tapmayan içməli su, yol və iş məsələsidir. Şəhid ailəsinin böyük narahtlığına səbəb olan, əslində isə həlli çox asan bu sosial məsələlər nədənsə yerli məmurların gözündə dağ boyda görsənir. Əbdül Mustafayev deyir ki, yaşadıqları kəndə bir neçə ay öncə asvalt yol çəkilsə də onların yaşadığı küçədə bir qədər yağış yağan kimi palçıq səbəbindən hərəkət mümkünsüz olur.

Şəhid ailəsini narahat edən digər bir məsələ isə içməli su ilə bağlıdır. Kənddə yeni artezyan istifadəyə verilib, su xəttləri çəkilsə də onların yaşadığı küçədə içməli su problemi yaşanır.

27 il müəllim işləyən Əbdül Mustafayev bildirir ki, həm özü həm də daha 3 ailə üzvü əmək qabiliyyəti olduğu halda işsizdir. İşlə bağlı dəfələrlə etdiyi müraciətlərinə isə digər problemlər kimi biganə yanaşılır. Necə deyərlər iş əvəzinə quru söz verilir.

Şəhid ailəsini narahat edən məsələlərlə bağlı Amsarqışlaq kəndinin də daxil olduğu Zərdabi icra nümayəndəliyindən bildirildi ki, Mustafayevlər ailəsinin problemləri tezliklə həll ediləcək. İcra nümayəndəsi Vahid Dəmirov bununla bağlı vəd versə də dəqiq tarixi açıqlamaqda çətinlik çəkdi.

Vahid Dəmirovdan fərqli olaraq Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev qəti şəkildə söz verdi ki, həm Əbdül Mustafayev həm də digər şəhid ailələrini narahat edən problemlər ən qısa zamanda həllini tapacaq.

Belə deyim var: Şəhid evdən deyil eldən gedir. Deməli elimizin, vətənimizin azadlığını canından üstün tutan şəhidin bizə əmanət olan ailəsinin də sosial qayğısı olmamalıdır. Bunun üçün isə dövlətlə yanaşı hər birimiz də əlimizdən gələni əsirgəməməliyik.

Milli.Az