Çexiya Prezidenti xəstəxanadan buraxılır

25 Noyabr 2021 09:00

"Oktyabrın 10-da Praqada Mərkəzi Hərbi Hospitalın reanimasiya şöbəsinə yerləşdirilən Çexiya prezidenti Miloş Zemanın vaxtında xəstəxanaya yerləşdirilməsi onun həyatını xilas edib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Çexiya dövlət başçısının səhhətinə nəzarət edən tibbi konsultasiyanın rəhbəri Tomaş Zima açıqlamasında deyib.

"Miloş Zeman çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müalicə müddətində səhhəti xeyli yaxşılaşıb və artıq o, Prezident vəzifələrini yerinə yetirə bilir. Noyabrın 25-də - cümə axşamı, 46 günlük müalicədən sonra xəstəxanadan buraxılacaq".

T.Zima prezidentin Praqa yaxınlığındakı Lanı qəsəbəsində yerləşən iqamətgahına gedəcəyini bildirib: "Zeman orada cümə günü Vətəndaş Demokratik Partiyasının lideri Petr Fialanın respublikanın baş naziri təyin edilməsi ilə bağlı mərasim keçirəcək".

Həkim əlavə edib ki, prezident iqamətgahındakı otaqlardan biri xəstəxana palatası kimi təchiz oluna bilər: "Dövlət başçısı həkimlərin ciddi nəzarəti altında saxlanılacaq".

Qeyd edək ki, 77 yaşlı Çexiya prezidentinin xəstəxanaya yerləşdirilmə səbəbi ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, noyabrın 6-da "ÇTK" xəbər agentliyi həkimlərə istinadən məlumat yaymışdı ki, Zemana qaraciyər sirrozu diaqnozu qoyulub.

Praqa qəsrinin sahibi xəstəxanada olarkən koronavirus peyvəndinin üçüncü dozasını aldı.

Milli.Az