Maqnitafon oğruları saxlanıldı - FOTO

24 Noyabr 2021 21:00

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Samux rayon sakini, əvvəllər məhkum olunmuş, Nadir Hüseynov yaxın qohumu və həmyerlisi Röyal Həsənov ilə birlikdə noyabr ayının 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.

N. Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha 2 anoloji cinayət hadisəsini törətməsi məlum olub. Belə ki, saxlanılan şəxs cari ilin oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən Müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri qanuni yolla daxil olaraq 360 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb. Bundan başqa N. Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən 450 manat dəyərində maqnitafon və səsgücləndiricini oğurlayıb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy RPŞ-də araşdırmalara davam etdirilir.

Milli.Az