Başqasının olmadığı yerdə onun pisliyinə danışmaq hər bir halda günahdırmı?

27 Noyabr 2021 22:55

Bir şəxsin özünün olmadığı yerdə onun barəsində pisliyə danışmaq, onun eyib və nöqsanlarını yaymaq qeybət sayılır. Mömin adamın qeybətini danışmaq günahdır, dini mətnlərimizdə bu, hətta insan əti yemək qədər iyrənc əməl sayılıb. Çünki möminin hörməti hər zaman və hər yerdə qorunmalıdır. Möminin qeybətini etmək də, bu qeybətə şərik olmaq da günahdır; bu cür qeybəti eşidən adam ya söhbəti dəyişdirməli, ya da buna imkanı yoxdursa, həmin yerdən uzaqlaşmalıdır. Amma münafiq, yalançı və fırıldaqçı şəxsin etdiklərini cəmiyyət içində yaymaq qeybət sayılmaz. Çünki bu yolla onun pis əməllərinin qarşısı alınır, insanlar onun niyyətindən xəbərdar olur. Amma bunu da son zərurət halında, başqa çıxış yolu olmadığı zaman etmək icazəli sayılar. Bu zaman da gərək insan həddi aşmasın, iftira və söyüşə imkan verməsin.

Milli.Az