Ancaq bu insanların yanında zəlil olmağa icazə var

5 Dekabr 2021 23:20

İmam Rza (ə) buyurur: "Allah Təala əmr etmişdir ki, üç şey üç şeylə birlikdə yerinə yetirilsin.

1. Namaza zəkatla birlikdə əmr vermişdir. Ona görə də hər kim namaz qılar və zəkat verməz - namazı qəbul olunmaz.

2. Özünə şükür etməyi ata və anaya şükürlə birlikdə əmr etmişdir. Ona görə də hər kim ata və anasına şükür etməz, Allaha şükür etməmiş olar.

3. İlahi təqvaya sialeyi-rəhmlə birlikdə əmr vermişdir. Ona görə də hər kim sileyi-rəhmi yerinə yetirməz, İlahi təqvanı da yerinə yetirməmiş olar".

İslam dini ata və anaya ehtiram göstərməyi ən mühüm vəzifələrdən hesab edir. Allah Təala tövhid mövzusundan sonra valideynə yaxşılıq edib, ehtiram göstərməyi vacib buyurmuşdur. "Və Biz insana ata-anası barəsində tövsiyə etdik". ("Loğman" 14).

Ona görə də insan əgər kamala çatmaq istəyirsə, gərək valideyninə ehtiram göstərməyi və onlara xidmət etməyi bacarsın. (Tebyan)

Ali dini rəhbər buyurur: "Valideyn qarşısında kiçilmək istisna mövzulardandır. İnsan gərək valideyni qarşısında özünü kiçiltsin.

Özünü valideynin qarşısında zəlil et! Halbuki, müsəlman insan heç kəsin qarşısında özünü zəlil etməməlidir, ancaq ata və anası istisnadır".

Ona görə də Məsumlarımız (ə) da tarix boyu valideyninə ehtiram göstərən insanlara xüsusi sevgi göstərmişdilər. İmam Sadiqin (ə) səhabələrindən olan Əmmar ibni Hənan nəql edir: "Oğlumun adı İsmayildir və mənə qarşı çox xoşrəftardır. İmamın (ə) xidmətinə getdim və dedim: "Oğlum İsmayil mənə qarşı çox xoşrəftardır. İmam (ə) buyurdu: "Mən onu sevdim və indi mənim ona qarşı sevgim (valideyninə qarşı xoş rəftar olduğu üçün) daha çox oldu"".

Əmirəl-möminin (ə) buyurur: "Ən böyük və ən mühüm İlahi vəzifə - ata və anaya yaxşılıq etməkdir".

Milli.Az