Ukrayna Rusiya ilə təkbətək qalacaq - ÖZƏL AÇIQLAMA

24 Noyabr 2021 11:07

"Əgər Rusiya deyildiyi kimi Ukraynaya qarşı hücuma keçərsə, bu müharibədən ən çox elə Ukrayna özü əziyyət çəkəcək".

Bunu Milli.Az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.

Ukraynalı siyasi şərhçi bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayarsa, Qarabağ müharibəsindən tam fərqli bir savaşın şahidi ola bilərik:

"Rusiya Ukraynaya müharibə elan edərsə, bundan Ukraynadan başqa kim əziyyət çəkə bilər ki?! Həm də təbii ki, Avropanın təhlükəsizliyi məsələsi ciddi sual altına düşəcək.  

Əgər proqnozlar və iddialar özünü doğruldarsa, Qərb və ABŞ Rusiyaya birbaşa hərbi müdaxilə etməyəcək. Ukrayna özü özünü müdafiə edəcək. Qərb Rusiyaya qarşı silah tədarükü və iqtisadi sanksiyalarda Ukraynaya kömək edə bilər... Yenə də başa düşmək lazımdır ki, istənilən halda Rusiya Ukrayna üzərində tam nəzarəti bərqərar edə bilməz, Moskvanın Kiyev üzərində uğuru ancaq taktiki ola bilər.

Müharibə başlasa, Ukraynanın Azərbaycanın Qarabağdakı qələbə təcrübəsindən yararlana biləcəyinə şübhə edirəm. Düzünü desək, bu, baş verərsə iki fərqli savaş olacaq. Lakin iki komponent - fədakarlıq və Bayraktar amili burada da öz sözünü deyə bilər".

Təhməz Əsədov
Milli.Az