Arzusu hərbi rütbə almaq idi, amma ali məqama yüksəldi - VİDEO - FOTO

24 Noyabr 2021 22:49

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid İbrahim Cəbrayıllıdır. İki bacının tək qardaşı olan İbrahim ötən il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İbrahim 1999-cu ildə Zərdab rayonunun Məlikumudlu kəndində dünyaya gəlib. Vətənə, xalqa, torpağa olan sevgisi onun peşəkar hərbçi kimi yetişməsinə səbəb olub. Məhəmməd Füzuli adına kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. Müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət edən çavuş İbrahim Cəbrayıllı Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib.

Birinci Qarabağ müharibəsi iştirakçı olan şəhid atası Raqub Cəbrayılov oğlu ilə son telefon əlaqəsini belə xatırlayır: "Sentyabrın 27-si mənə zəng elədi, üstü örtülü dedi ki, qonşu evinin arxasındayıq. Mən oğlumun nə dediyini başa düşdüm deyə, əlavə sual vermədim. Özünü qoru, düşməni məhv elə, salamat gəl deyəndə, oğlum dedi ki, ata, məni gözləmə, ola bilər gəlmədim, bacılarımdan muğayat ol. Ondan eşitdiyim axırıncı kəlmə də bu oldu...".

Müxtəlif istiqamətlərdə hərbi əməliyyatlara qoşulan İbrahim Cəbrayıllı əsgərlərlə birgə döyüşlərin ilk günlərindən düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Sentyabrın 30-da Murovdağ yüksəkliyində qarşıya qoyulan növbəti tapşırığı yerinə yetirən zaman ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

Oğlunun evə son gəlişini xatırlayan şəhid anası Mahiyə Həsənova deyir ki, İbrahimin uşaqlıqdan vətənpərvərlik ruhunda böyüməsində Birinci Qarabağ müharibəsində iştirak etmiş atasının və əmisinin xüsusi rolu olub: "O, həmişə deyirdi ki, oxuyub hərbçi olub rütbə alacağam, Vətənə, millətə, ailəmə layiq oğul olacağam. Həqiqətən bunu bacardı, şəhidlik zirvəsinə ucalmaqla adını qəhrəmanlar sırasına yazdı. Mən onunla həmişə fəxr etmişəm, indi də fəxr edirəm. Düzdür, ana kimi mənə çətindir, amma qürur duyuram".

Şəhid İbrahim Cəbrayıllının əmisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı Məcid Cəbrayılov qardaşı oğlu ilə bağlı xatirələrini bölüşüb. "Mən orta məktəbdə hərbi rəhbər işləmişəm. İbrahim uşaqlıqdan hərb sənəti ilə maraqlanırdı. Deyirdim, oğul, hərbiçi dünyanın ən müqəddəs peşələrindən biridir. Bu işdə sənin rolun Vətəni müdafiə etmək, torpağını sevmək, onu işğaldan xilas etməkdir. Çox qürurlu uşaq olub. Yəni Vətəni, xalqı hər şeydən üstün tuturdu. Elə bu yolda da şəhidlik məqamına yüksəldi", - deyə şəhidin əmisi vurğulayır.

İbrahim Cəbrayıllı ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin adına Zərdabda xatirə bulağı inşa olunub.

Milli.Az