Ən bahalı arı məhsulu

28 Noyabr 2021 21:10

Arı südü çox xeyirli, nadir tapılan və bahalı məhsuldur, onu cavanlıq eliksiri hesab edirlər. Arı məhsulları arasında ən yüksək qida dəyərinə malik olan arı südünün çox mürəkkəb tərkibi var. Ondan tibb və kosmetika sahələrində, bioloji cəhətdən aktiv əlavələrdə geniş istifadə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, arı südü 5-10 günlük cavan işçi arıların istehsal etdiyi, spesifik iy və dada malik qatı, qaymağabənzər ağtəhər-şəffaf rəngli, havada qaldıqda sarı və sonra tutqun qəhvəyi rəng alan maddədir. Arı südü ana arının yumurtadan daha qısa müddətdə, digər arıların ikiqatı böyüklüyündə çıxmasına səbəb olur. İşçi arılar isti günlərdə yalnız 45 gün, qışda 6 ay yaşadığı halda, ana arılar arı südünün köməyi ilə 5-6 il yaşayır.

Ana təbiətin bütün digər nemətləri arasında arı südü müalicəvi xüsusiyyətlərinə görə misilsizdir. Əvvəla, onun qəbulu bədənin bütün hüceyrələrinin yenilənməsi və cavanlaşması proseslərini aktivləşdirir və sürətləndirir. İkincisi, minimum yan təsirləri və əks göstəriciləri olan antiseptik, antivirus və antibakterial xüsusiyyətlərə malikdir.

Arı südü qəbulu infeksion xəstəliklərə qarşı müqaviməti artırır, mikrobları məhv etdiyi kimi, onların əmələ gəlməsinə də mane olur. Arının bu qiymətli məhsulu həm də immun sistemini gücləndirir, orqanizmi ehtiyac duyduğu vitamin, turşu və mikroelementlərlə təmin edir, vitamin çatışmazlığı ilə yaxşı mübarizə aparır, uşaqların zehni və fiziki inkişafına kömək edir, yaddaşı və yuxunu yaxşılaşdırır.

Otaq temperaturunda, gün işığı düşən yerdə saf arı südünün 10-15 dəqiqə ərzində rəngi saralır, qəhvəyiləşir və dadı dəyişir. Ona görə də onun ağzı hermetik bağlanmış qabda, qaranlıq və soyuq yerdə saxlamaq lazımdır. Arı südü şüşə qablarda soyuducuda saxlanılır. Soyuducudan çıxarıb daşındıqda arı südünün keyfiyyətinin itməməsi üçün ətrafına buz qoymaq olar. Arı südünün son istifadə tarixi məhsulun yığıldığı tarixdən soyuducuda 6 ay, dondurucuda isə mənfi 18 dərəcə C temperaturda 18 aya qədər hesab olunur.

Milli.Az