Gələn ilin büdcəsində sosial xərclərə 14 milyard manat ayrılacaq

23 Noyabr 2021 12:30

Gələn il dövlət büdcəsində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutlur. Bu baxımdan gələn ilin büdcəsində mühüm məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının artmasıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, ölkəmizdə gələn il sosial xərclərin ÜDM-də payı 16 faizdən çox olacaq. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir:

"Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır. Adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq", - deyə deputat bildirib.

Milli.Az