Haram yeməyin insana təsirləri

23 Noyabr 2021 21:55

İslam dini insanı kamala çatdırmaq üçün nazil olmuşdur. Dinimizin nəzərinə görə, insan əgər kamala çatmaq istəyirsə, gərək ibadət əhlindən olsun. İbadət insanı mənəvi cəhətdən yüksəldər və tərəqqi etdirər. İnsan əgər İlahi qürb məqamına çatmaq istəyirsə, gərək ibadətləri xalis olsun və şərtlərinə uyğun olsun. İbadətin şərtlərindən biri də halal qidalanmaqdır.

İnsan əgər yediklərinə diqqət etməzsə və nə gəldi yeyərsə, halalı harama qarışdırarsa - bu, onun ibadətinə də təsir edər. Belə bir insanın ibadəti qəbul olunmaz. Çünki mədəsi haramla dolmuşdur. Haram tikə insan cisminə mənfi təsir etdiyi kimi, ruhuna da mənfi təsirlər qoyar.

İnsanın qəlbini qəsavətə salar, Allahı ona unutdurar. Qeyrət hissini ondan alar, həyası azalar və imanı aradan gedər.

Bu insanın Allah dərgahında məqamı olmaz. Allah bu insandan nəzərini çəkər. Ona görə də ibadətin qəbul olmasında ən mühüm şərtlərdən biri - halal qidalanmaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Haram yeyən insanın ibadəti elə bir binaya bənzəyir ki, düz qumların üzərində tikilmişdir". Belə tikilinin ömrü az olar və bir külək əsən kimi dağılar. (Tebyan)

Ayətullahul-üzma Xameneyi cənabları buyurur: "O zaman ki, haram tikə insanların arasında yayılar, günah da yayılar. Bu zaman insanlar maddi fəsada, əxlaqi fəsada, cinsi fəsada, şəhvət fəsadına və müxtəlif fəsadlar meydanına daxil olarlar".

Milli.Az