Bu dəyişikliklər avtomobil qiymətlərinə necə təsir edəcək?

23 Noyabr 2021 09:55

Azərbaycana idxal olunan avtomobillərlə bağlı Vergi Məcəlləsinə və "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliklər daxili bazarda müəyyən növ avtomobillərin qiymətlərinə təsir göstərəcək, ancaq bütövlükdə avtomobil bazarına ciddi təsiri olmayacaq.

Bu barədə Trend-ə hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, daxili yanma mühərrikli avtomobillərdə əgər mühərrikin həcmi 3000 kubsantimetrədən daha çoxdursa və istehsalı üç ildən artıqdırsa aksiz vergisi bir az qaldırılır:

"Yəni mühərrikin həcmi artdıqca vergi də artır. Burada hədəf ordur ki, yeni və mühərrikinin iş həcmi kiçik olan avtomobillərin ölkəyə gətirilməsinə üstünlük verilsin. Eyni zamanda ekoloji cəhətdən təmiz, yeni və daha təhlükəsiz, az yanacaq işlədən avtomobillərin ölkəyə gətirilməsi stimullaşdırılsın.

Hesab edirəm ki, bu dəyişikliklər Azərbaycanda avtomobil bazarına ciddi təsir etməyəcək. Sadəcə bir az köhnə və müərrikinin iş həcmi böyük olan avtomobillərin gömrük ödənişləri artacaq. Bu da insanları stimullaşdıracaq ki, əlində olan pula müərrikinin iş həcmi kiçik olan avtomobil gətirsin. Daxili bazarda isə mühərrikin həcmi 3000 kubsantimetrədən çox və istehsal tarixi üç ildən çox olan avtomobillərin qiyməti bir az arta bilər. Ancaq bazarda da süni istifadə hallarına da yol verilməməlidir ki, qiymət artımı çox olmasın", - deyə Ə.Hüseynov bildirib.

Hibrid avtomobillərlə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklərə toxunan Ə.Hüseynov bildirib ki, bu cür avtomobillərdə daxili yanma mühərrikinin iş həcmi 2500 kubsantimetrədən az olan və istehsal ili üç ilə qədər olan avtomobillər ƏDV-dən azad olunurlar:

"Hibrid avtomibllərlə bağlı dəyişiklik qiymətlərə ciddi təsir göstərməyəcək. Onsuz da üç il istehsal müddəti olan hibrid avtomobillərin qiyməti bahadır. Bu dəyişiklik yeni hibrid avtomobillərə marağı bir az da artıracaq", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə əsasən, Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir. Belə ki, dəyişiklikdən sonra minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat; 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat; 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.

Hər iki dəyişiklik Milli Məclisdə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Bu gün isə parlamentin plenar iclasında ikinci oxunuşda müzakirə olunacaq.

Milli.Az