Türkiyə Ermənistana hərbi müdaxilə edə bilər - Aznevi

23 Noyabr 2021 11:10

Milli.Az Ankara Vəkillər Kollegiyasının üzvü, vəkil Fərhad Aznevinin (Ferhat Aznevi) Qars müqaviləsinin 100 illiyi münasibətilə Axar.az-a müsahibəsini təqdim edir

- Fərhad bəy, Ermənistan hansı saxta dəlillərə əsaslanıb Moskva və Qars müqaviləsinin qüvvədə olmadığını iddia edir?

- Bu iddiaları əsasən 4 qrupa ayırmaq olar: 1) Sevr müqaviləsinə əsasən, ABŞ Prezidenti Vudro Vilsonun 22 noyabr 1920-ci ildə Ermənistan və Türkiyə sərhədlərinin təyin olunması ilə bağlı hazırladığı sənəddə Şərqi Anadoludakı müəyyən ərazilərin ermənilərə verilməsini əks etdirən xəritə olub; 2) Moskva və Qars müqavilələrini imzalayan Ankara hökumətinin rəsmi şəkildə Türkiyəni təmsil etmək hüququ olmayıb; 3) Ermənistan 1921-ci ilin martında hələ tam şəkildə SSRİ-yə daxil olmamışdı, ona görə rəsmi Moskva Ermənistanın adından müqavilə imzalamaq səlahiyyətinə sahib deyildi; 4) SSRİ həmin dövrdə tam formalaşmamışdı.

- Bəs əlimizdə Ermənistanın bu iddialarının puç olduğunu göstərən hansı hüquqi və tarixi faktlar var?

- Öncə Vudro Vilsonun Sevr müqaviləsinə əsaslanaraq hazırladığı məlum hesabatdan bəhs etmək istəyirəm. Həmin dövrdə təmsil və təsdiqetmə səlahiyyəti əsasən Ankaradakı Məclisdə idi. Antanta dövlətləri Sevr müqaviləsinin imzalanmasından sonra Osmanlı dövlətinə təzyiq göstərdilər. Lakin İstiqlaliyyət Savaşında qazanılan qələbələr Antanta dövlətlərinin Sevr müqaviləsinin ratifikasiya edilməsi ilə bağlı təzyiqlərinin qarşısını aldı. Sevr müqaviləsinin ratifikasiya sənədlərinin təqdimat mərasimi Parisdə keçirilməli idi, lakin mərasim baş tutmadı. Buna görə Sevr müqaviləsi qüvvədə olmayan natamam beynəlxalq yazılı razılaşmadır. Bu səbəbdən Sevr müqaviləsi və Vilsonun hesabatı ilə xəritəsi etibarsızdır.

İkinci iddia ilə bağlı tarixə nəzər yetirsək, görərik ki, TBMM hökuməti həmin dövrdə Moskva və Qars müqavilələri ilə yanaşı, Ermənistanla Gümrü, Əfqanıstanla Türkiyə-Əfqanıstan İttifaq müqaviləsini və Fransa ilə Ankara müqaviləsini də imzalayıb. Moskva və Qars anlaşmaları imzalandığı zaman Ermənistanın tam şəkildə SSRİ-nin tərkibində olmaması məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, artıq 2 dekabr 1920-ci ildə İrəvanda Ermənistan nümayəndəsi ilə Sovet Rusiyasının nümayəndəsi Leqrand arasında 8 maddəlik müqavilə imzalanıb. Müqavilə ilə Birinci Ermənistan Respublikasındakı iqtidar hakimiyyəti ruslara öz istəyi ilə təslim edib. Eyni gün baş nazir Vratsyanın rəhbərliyi ilə hökumət istefa haqqında qərarı imzalayıb və iqtidarı Ermənistan İnqilab Komitəsinə təhvil verib. Yəni rəsmi İrəvan Moskva və Qars müqavilələrinin imzalandığı tarixlərdə Sovet Rusiyasına tabe olub. 1921-ci ildəki Sovet Rusiyasını da konstitusiyası belə olmayan, dövlət sistemi formalaşmayan bir qurum kimi qələmə vermək saxtakarlıqdan başqa bir şey deyil. Çünki hələ 1918-ci ildə RSFSR-nin ilk konstitusiyası qəbul edilib. Bu konstitusional quruluş 1925-ci il Konstitusiyasının da qəbulu zamanı dəyişdirilmədi və 1936-cı il konstitusiyasının qəbulunadək qorundu. Digər bir fakt isə odur ki, Sovet Rusiyası 1918-ci ildə Ermənistan üçün də müstəqil olmanın yolunu açan Brest-Litovsk müqaviləsini bütün keçmiş Çar Rusiyası imperiyasına daxil olan ölkələrin vahid təmsilçisi olaraq imzalayıb. Ermənistanın bu mövzuda sonuncu sərsəmləməsi isə Qars müqaviləsini imzalayan Ermənistan SSR hökumətinin rəsmi nümayəndə heyətinin ölkəni təmsil etmə hüququnun olmadığı ilə bağlıdır. Həmin vaxtı erməni nümayəndə heyətinə Askanas Mravyan rəhbərlik edib. Əgər Mravyan rəsmi İrəvanın mövqeyinə zidd şəkildə Qars müqaviləsini imzalasaydı, ölkəsinə qayıda bilməzdi və ya haqqında həbs qərarı çıxarılardı.

Bundan başqa, Ermənistan hökuməti müqavilə imzalanarkən onun etibarsız olduğu haqda rəsmi bir açıqlama verməli idi. Lakin ortada belə bir fakt yoxdur. 11 sentyabr 1922-ci ildə Qars müqaviləsinin təsdiqi haqqında sənədlər İrəvana da verilib və beləliklə sənəd qüvvəyə minib. 17 dekabr 2015-ci ildə uydurma "Qərbi Ermənistan hökuməti" Moskva və Qars müqavilələrinin ləğvi üçün RF Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə 10 fevral 2016-cı ildə 370/15-01/16 nömrəli qərarla müraciəti əsassız sayaraq rədd edib.

Yeri gəlmişkən, bir fakta da toxunmaq istəyirəm. Naxçıvan ərazisi olan Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Bu isə Qars müqaviləsinə görə Türkiyənin qarant ölkə kimi prosesə birbaşa müdaxiləsi üçün imkan yaradır.

Milli.Az