Dünyada “1 nömrə” – “Qarabağ”

23 Noyabr 2021 08:44

Hazırda davam edən çempionatlardakı ən uzun seriyalar açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, evdəki quru oyunların sayında dünyanın birinci komandası "Qarabağ"dır.

Ağdam təmsilçisi ardıcıl 6 matçdır öz meydanında qol buraxmır. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə mayın 4-də "Zirə" ilə qarşılaşmada (1:1) qol buraxıb.

Ötən mövsümün "Keşlə" (2:0) ilə matçında başlayan quru hesablı qələbələr cari çempionatın startında da davam edir. "Səbail"i 3, "Sumqayıt"la "Qəbələ"ni 2, "Neftçi"ni 4 cavabsız qolla yenən ağdamlılar "Keşlə"ni minimal hesabla üstələyib.

Hazırda dünyanın yalnız üç klubu yüksək dəstədəki son 6 ev matçında qol buraxmayıb. "Qarabağ"ın rekord göstəricisinə Çinin "Şanxay" və CAR-ın "Mamelodi Sandauns" klubları şərikdir.

Düzdür, evdə daha çox oyunda qol buraxmayan komanda da var. Lakin 7 matçlıq seriyaya malik "Paneqialios" Yunanıstanın yüksək deyil, aşağı dəstəsində çıxış edir.

Qeyd edək ki, "Qarabağ" bu ilin sonunadək daha iki ev matçı keçirəcək. Qurbanovun komandası "Sabah" və "Zirə"ni qonaq edəcək.

Milli.Az