İqlim dəyişmələri Avropa qitəsində səhralaşmaya səbəb olur

22 Noyabr 2021 22:25

İqlim dəyişmələrinin nəticələri dünyanın müxtəlif ölkələrinə, müxtəlif regionlarına fərqli şəkildə təhdid doğurur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya hökuməti bu əsrin sonuna qədər ölkədəki torpaqların 80 faizinin səhralaşma təhlükəsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Avropa Komissiyasının məlumatına görə, eroziya, tikinti işləri və çirklənmə torpağın canlı təbəqəsinin 60-70 faizinin deqradasiyasına səbəb olub. Bioloji müxtəlifliyin 25 faizinin yerləşdiyi bu təbəqə qidalanmanı, bioloji kütləni, karbona və suya tələbatı nizamlayır. Avropa Komissiyası torpağın ümumi müdafiəsini və ondan davamlı istifadəni təmin etməli olan strategiya təqdim edib.

Avropa Ətraf Mühit Agentliyinin hesablamalarına görə, müasir dövrdə Avropa qitəsində insanların fəaliyyəti nəticəsində torpaqlara vurulan ziyan qarşısıalınmaz itkilərə səbəb olur.

Əhalinin artması və urbanizasiya torpaqlara təzyiq göstərir, kənd təsərrüfatının intensivləşməsi torpaqları eroziyaya məruz qoyur. İspaniyada eroziya hər il 500 milyon tondan çox torpağı yararsız vəziyyətə salır.

2012-2018-ci illərdə hər il tikinti məqsədləri üçün istifadə edilən 400 kvadrat kilometrdən artıq torpaq sahəsi itirilib. Eroziya trilyon ton torpağı yuyub aparır. Bütövlükdə Aralıq dənizi ölkələri, o cümlədən İspaniya bu prosesdən daha kəskin əziyyət çəkir. Avropa Statistika Agentliyinin məlumatına görə, İspaniyada təkcə su ilə bağlı, habelə küləyin və temperaturun dəyişməsinin nəticəsi olaraq ildə hər hektar sahədə 4 tona yaxın torpaq eroziyaya məruz qalır. Bu, Avropa üzrə orta göstəricidən təqribən iki dəfə çoxdur. Belə ölkələr qrupuna İtaliya, Sloveniya, Yunanıstan, Malta və Kipr daxildir.

İspaniyada urbanizm ən ölümsaçan təbii fəlakət olan daşqınları çoxaldıb.

Avropa Komissiyası tərəfindən işlənib hazırlanmış və sonradan hüquqi normalara çevrilməli olan, strategiyada göstərilir ki, eroziya, urbanizasiya və daşqınlarla əlaqədar itirilmiş torpaqlar 2050-ci ilə qədər bərpa olunmalıdır.

Torpağın canlı qatının itirilməsi iqlim böhranının təsdiqlənmiş nəticələrindən olan səhralaşmanın geniş yayılması üçün bir növ açıq qapıdır. Avropa Komissiyasının məlumatına görə, torpaqların deqradasiyası Aralıq dənizi hövzəsi və Şərqi Avropa ölkələri üçün ciddi problemə çevrilib. Aİ üzvü olan 13 ölkə özlərini BMT-nin Səhralaşmaya qarşı mübarizə haqında Konvensiyasının "həssas tərəfləri" elan ediblər.

Milli.Az