Narkotik vasitələrdən istifadə ilkin mərhələdə...

22 Noyabr 2021 23:50

Əsrin bəlasına çevrilən "ağ ölüm" zəmanəmizin ən aktual problemləridən biri olaraq qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə, yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-narkoloq Fizzə Baxışovanın dediyinə görə, bu zərərli vərdişə daha çox gənclər maraq göstərir: "Yeniyetmə və gənclər arasında tütündən istifadə etməyə daha çox maraq var. Onlarda bu maraq sonradan digər narkotik vasitələrdən istifadə edilməsinə də səbəb olur. Lakin Ümumdünya Səhiyyə Təşkilatının statistikası göstərir ki, bir dəfə narkotikadan istifadə edən şəxs artıq ondan asılı vəziyyətə düşə bilər. Ona görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə belə yol verməməyə çalışmaq lazımdır".

Həkim-narkoloq qeyd edir ki, narkotik vasitələrdən istifadə ilkin mərhələdə xoş əhvali-ruhiyyə yaratsa da, sonrakı mərhələlərdə geri dönüşü olmayan asılılığa aparıb çıxarır: "Narkotik vasitələrdən istifadə ilkin mərhələdə psixi, sonrakı mərhələdə fiziki asılılığa səbəb olur. Fiziki asılılıq adi ağrıkəsicilərlə qarşısı alınmayan ağrılardan ibarət olur. Psixi asılılıq zamanı isə narkotik vasitədən istifadə etdiyi vaxt əhvali-ruhiyyəsi yüksələ, gücü arta bilər, lakin bir müddətdən sonra həmin hallar əmələ gəlmir və yalnız fiziki asılılıq zamanı bədəndə dəhşətli ağrılar yaranır. Bundan əlavə narkotik istifadə edənlərdə infeksion xəstəliklər, o cümlədən hepatitlər və QİÇS xəstəliyi yaranır, həmin xəstəliklər isə immun sistemini zədələyərək ölümə səbəb olur".

Statistika göstərir ki, yeniyetmələrlə yanaşı, 40-50 yaşlılar arasında da bu asılılıqdan əziyyət çəkənlər var. Müsahibimizin dediyinə görə, gəncləri bu bəladan xilas etməyin yolu isə valideyn nəzarətidir: "Narkotikaya meyil ailədə nəzarətsiz qalmaq nəticəsində ən çox yeniyetmələr arasında yayılır. İlkin dövrlərdə onun qarşısı alınmayanda sonradan ağırlaşmış vəziyyətə keçir. Buna görə də mütəmadi olaraq yeniyetmə və gənclər arasında xəstəliyin sonrakı fəsadları haqqında müəyyən təlimatlar aparılır".

Gəncləri "ağ ölümdən", narkomaniya və psixotrop vasitələrin asılılığından xilas etmək üçün böyüklər kifayət qədər məlumatlı olmalı və cəmiyyəti məhvə aparan xəstəliyə qarşı birlikdə mübarizə aparılmalıdır.

Milli.Az