Şəhid Fikrət Zeynallı - Halallıq ver ata, bu yol çətin yoldur - VİDEO

22 Noyabr 2021 16:24

Könüllü olaraq vətənin səsinə səs verənlərdən biri də o oldu. Qanı ilə, canı ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılan Fikrət Zeynallı parlaq zəfərin əldə edilməsində pay sahiblərindən biridir. Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fikrət Zeynallı ölümündən sonra 3 medalla təltif edilib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini Fikrət Zeynallı Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatılanlardan idi.

Milli Qəhrəman General-mayor Polad Həşimov və 11 həbçimizin şəhid olduğu Tovuz döyüşlərindən sonra yaranan qisas hissi onun uşaqlıq arzularını kölgədə qoydu. Bundan sonra Fikrət hər vəchlə torpaqlarımızın işğaldan azad edilməsini və şəhidlərimizin qisası haqqında düşünürdü. Ona görə də döyüşlərdə daim irəliyə can atırdı.

Sonuncu dəfə də atası ilə danışanda çətin döyüşlərə girdiyini bildirib. Atasından halallıq alıb. O, şuşa və Xocavənd uğrunda gedən qızğın döyüşlərdə iştirak edib. Xocavənddə qəhrəmancasına şəhid olub. 

Bu gün şəhidimizin anım mərasimi keçirilib. Məzarı önünə tər güllər, əklillər qoyulub. Onun və bütün şəhidlərimizin ruhuna dualar oxunub. Qeyd edək ki, Fikrət Zeynallı şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Milli.Az