Rusiyaya pomidor ixracı ilə bağlı yenilik - AQTA qərar verəcək - VİDEO

22 Noyabr 2021 17:54

Azərbaycandan Rusiyaya pomidor ixracı prosesi sadələşdirilib. Bununla bağlı hər iki ölkəninin aidiyyəti qurumları arasında razılıq əldə edilib. Qərara əsasən, gələn aydan etibarən Rusiya tərəfindən aparılan videomonitorinqlər ləğv edilir. Bununla da bu ilin dekabr ayının 1-dən etibarən pomidor istehsalı müəssisələrinə Rusiyanın müvafiq qurumunun ixrac icazəsi birbaşa Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında veriləcək. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ölkəmizdən Rusiyaya pomidor ixracı asanlaşır.

Qida Təhlükəsizliyi Agentliyinin mıətbuat katibi Aysel Fərziyeva bildirib ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ilə bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılılıq əldə olunub. Onun sözlərinə görə idxal-ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində də qərarlar qəbul edilib.

Aysel Fərziyeva qeyd edib ki, Agentlik tərəfindən həyata keçirilmiş ekspertizalar nəzərə alınaraq, cari ilin dekabrın 1-dən etibarən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılacaq.

Qurum rəsmisi əlavə edib ki, bu yanaşma bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək. Qeyd edək ki, indiyədək Rusiyaya 205 pomidor təsərrüfatından məhsul ixracına icazə verilib.

Milli.Az